Revision 6074785 of "Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları" on azwiki

'''Azərbaycan Xalq Cümhuriyyəti dövründə diplomatlar''' — [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin görkəmli dövlət xadimləri və [[diplomat]]ları. [[Azərbaycan Xalq Cümhuriyyəti]] yarandığı ilk gündən aktiv xarici siyasət fəaliyyətinə başladı və dövlətlərarası münasibətlərə daxil olmağa cəhd göstərdi. Bu işdə dövlətimizin tarixinə şanlı səhifələr yazan bir sıra diplomatların parlaq fəaliyyəti olmuşdur. [[1920]]-ci ilin ortalarında [[Azərbaycan parlamenti]] [[dünya]]nın 12 [[ölkə]]sində diplomatik nümayəndəliklər təsis etmək haqqında qərar qəbul etmişdi. Həmin dövrdə dünyanın 17 ölkəsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanıyaraq [[Bakı]]da öz diplomatik nümayəndəliklərini açmışdı.

==Fətəli xan Xoyski==
{{Əsas|Fətəli xan Xoyski}}
[[Fayl:Khoysky.jpeg|thumb|Fətəli xan Xoyski]]
[[Fətəli xan Xoyski]] [[1918]]-ci il [[may]] ayının 28-dən [[1919]]-cu ilin [[mart]] ayının 14-dək [[Azərbaycan Xalq Cümhuriyyəti]] Nazirlər Şurasının sədri, 1919-cu ilin [[24 dekabr]] tarixindən [[1920]]-ci ilin [[1 aprel]] tarixinədək Xarici İşlər Naziri olmuş, bu dövrlər ərzində parlaq dövlətçilik və diplomatik fəaliyyət göstərmiş, [[Azərbaycan]]ın Beynəlxalq Əlaqələrinin inkişafına, onun ərazi bütövlüyünə və suverenliyinin qorunmasına var qüvvəsini sərf etmişdi.<ref>Гасанлы Дж. П. / Русская революция и Азербайджан: Трудный путь к независимости (1917—1920). — М.: Флинта, 2011. — 26-27, 160-162 с. (rus.)</ref> İngilis generalı Tomson Xoyskinin hökumətini Azərbaycan hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tanımış və bu hökumətə kömək etməyə hazır olduğunu bildirmişdi. 1920-ci ilin [[aprel]] böhranı ərəfəsində [[RSFSR]] hökuməti Azərbaycana qarşı təzyiqləri gücləndirirdi Bu təzyiqlər diplomatik və hərbi yollarla həyata keçirilirdi. Təkcə 1920-ci ilin [[yanvar]]-[[mart]] aylarında RSFSR hökuməti Xarici İşlər Naziri K.V.Çiçerin vasitəsilə Azərbaycanın xarici İşlər Naziri F.Xoyskiyə üç dəfə nota göndərərək, Azərbaycan hökumətinə hədə qorxu gəlmiş və onu Denikin ordusu əleyhinə müharibəyə sövq etməyə çalışmışdı. Lakin Xoyski RSFSR hökumətinin təyiqləri və hədələrindən geri çəkilməyərək ona cavab notalarında Denikin məsələsinin Rusiyanın daxili işi olduğunu, Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyası ilə mehriban qonşuluq münasibətləri yaratmaq məqsədini irəli sürərək göstərmişdi: "''Azərbaycan Cümhuriyyəti Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdi''". K.Çiçerinə göndərdiyi sonuncu cavab notasında Xoyski öz hökumətinin fikrini ona bildirmiş və Azərbaycanı Denikin əleyhinə qaldırmaq təklifini rədd etmişdi.<ref name=":0">Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), "Gənclik nəşriyyat", Bakı-1998, səh. 22-26</ref>

==Əlimərdan bəy Topçubaşov==
{{Əsas|Əlimərdan bəy Topçubaşov}}
[[Fayl:Topchibashev.jpeg|200px|thumb|left|Əlimərdan bəy Topçubaşov]]
Ə.Topçubaşov F.Xoyskinin başçılıq etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər Naziri vəzifəsinə təyin olunmuş və [[1918]]-ci ilin [[iyun]] ayında [[Türkiyə]]yə göndərilmişdi. Ə.Topçubaşov [[İstanbul]]da olarkən [[Paris Sülh Konfransı]]nda [[Azərbaycan]]ın müstəqilliyinin tanınması məsələsi ilə əlaqədar [[İngiltərə]], [[ABŞ]], [[İtaliya]], [[İsveç]], [[İran]], [[Hollandiya]], [[Ukrayna]] və [[Rusiya]] nümayəndələri ilə görüşüb danışıqlar aparmışdı. Lakin bu danışıqlardan ən çətini Kolşak və Denikin hökumətlərinin nümayəndəsi, öz mürtəce baxışları ilə tanınan təcrübəli rus diplomatı S.D.Sazanovla olmuşdur. Topçubaşov Azərbaycanın iqtisadi, sosial, siyasi və mədəni durumunu elmi əsaslarla dərindən təhlil edərək, onun Rusiyadan ayrılıb tam müstəqil yaşaya biləcəyini sübut etmişdi. Qatı millətçi rus diplomatı S.Sazanov isə keçmiş Rusiyanın tərkibində olan bütün xalqların, o cümlədən Azərbaycan xalqının müstəqil yaşaya bilməyəcəyini sübut etməyə çalışmışdı. Versal Sülh Konfransının müzakirələrində "''Böyük Ermənistan''" iddiasını qaldıran P.Nubaryan, A.Aqaronyan, A.Xatizyan, M.Varanzyan Azərbaycan ərazisində cinayətlər törətmiş O.Andronik və başqalarının Konfransın keçirildiyi müddətdə güclü təbliğat işləri aparmış və hətta [[Antanta dövlətləri]] rəhbərlərini ələ ala bilmişdi.<ref>[http://files.preslib.az/projects/azerbaijan/gl6.pdf Görkəmli azərbaycanlılar]</ref>

Bununla əlaqədar Ə.Topçubaşov Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, [[1919]]-cu il [[iyul]]un axırlarında, [[avqust]]un 4-ü və 14-də [[gürcü]], [[erməni]], [[dağlı]]lar ittifaqı və Azərbaycan nümayəndələrinin iştirakı ilə geniş müşavirələr keçirdi. Bu müşavirələrdən əsli olmayan "''Birləşmiş Ermənistan''" adlı mücərrəd dövlətin müstəqilliyinin tanınması fikrini rədd etdilər. [[1919]]-cu il [[avqust]]un 15-də Ə.Topçubaşovun sədrliyi ilə [[Azərbaycan]], [[Gürcüstan]], [[Ermənistan]] və Dağlılar ittifaqı nümayəndələrinin qeyd edilən məsələ ilə əlaqədar yeni birgə iclası keçirildi. İclasda erməni nümayəndələrinin başçıları Aqaronyan və Papacanov müzakirələrdə zərbə alacaqlarını qabaqcadan görərək, öz sözlərini geri götürdülər və bildirdilər ki, onlar həmin məsələni ("''Böyük Ermənistan''") müzakirə təriqilə irəli sürməyiblər. Beləliklə, Ə.Topçubaşovun başçılıq etdiyi Azərbaycan Nümayəndə Heyətinin apardığı gərgin iş nəticəsində Versal Konfransının müzakirələrində "''Böyük Ermənistan''" iddiları dəf edildi.<ref name=":0"/>

==Həsən Cəfərqulu ağa Hacınski==
{{Əsas|Məmmədhəsən Hacınski}}
[[Fayl:M.H.Hajinski.jpg|150px|thumb|right|Məmmədhəsən Hacınski]]
[[Azərbaycan Xalq Cümhuriyyəti]]nin 1918-ci il [[may]]ın 28-də [[Milli Şura]] tərəfindən təsdiq edilmiş birinci hökumət kabinəsində ilk Xarici İşlər Naziri və tanınmış diplomatı Həsən Cəfərqulu ağa Hacınski olmuşdu. Məhz M.H.Hacınskinin bilavasitə fəaliyyəti nəticəsində 1918-ci mayın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə Nazirlər Şurasının sədri Xoyskinin imzaladığı məlumat dünyanın bir çox [[ölkə]]lərinin Xarici İşlər Nazirliklərinə çatdırıldı. Yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətlərarası münasibətlərə daxil olmasında ciddi çətinliklər var idi. Bunu aradan qaldırmaq məqsədilə M.N.Hacınski [[Türkiyə]] Xarici İşlər Nazirliyinə müraciət edərək Azərbaycanla [[Avropa]] dövlətləri arasında vasitəçi olmağa razılıq verməsini xahiş etdi. Türkiyə Xarici İşlər Nazirliyi bu müraciətə müsbət cavab verdi. Az sonra ayrı-ayrı ölkələrdəki türk səfirlikləri Azərbaycanın dövlətlərarası münasibətlərə daxil olmasına vasitəçi oldular.

M.H.Hacınskinin ən böyük xidmətlərindən biri [[Batum Konfransı]]nda [[Azərbaycan]]ın mənafeyini ləyaqətlə müdafiə etməsi olmuşdur. Məlum olduğu kimi konfransda 1918-ci il [[iyun]]un 4-də "''Osmanlı imperator hökuməti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dotluq müqaviləsi''" bağlanmışdı. Milli Şuranın sədri [[Məhəmməd Əmin Rəsulzadə]] və M.H.Hacınski tərəfindən imzalanmış bu müqavilənin [[Azərbaycan Cümhuriyyəti]]nin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində həyati əhəmiyyəti oldu. Məhz həmin müqavilə əsasında başda 
[[Nuru Paşa]] olmaqla türk qoşunları [[Gəncə]]yə daxil oldular və [[1918]]-ci il [[sentyabr]]ın 15-də onlar [[Bakı]]nı daşnak-bolşevik diktaturasının əsarətindən azad etdilər. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu. M.H.Hacınskinin Xarici İşlər Naziri olduğu dövrdə Mərkəz və Qafqaz dövlətlərinin [[İstanbul]] Konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti göndərildi. 1918-ci il il [[may]]ın 11-də açılmış bu Konfransda iştirakçı dövlətlərin nümayəndələri ilə Azərbaycan arasında siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparıldı və müqavilələr imzalandı. [[1920]]-ci il [[yanvar]]ın 10-da [[Böyük Britaniya]]nın təşəbbüsü ilə [[Paris Sülh Konfransı|Paris Sülh konfransı]] Ali Şurasının sessiyası keçirildi. Sessiyada Böyük Britaniyanın baş naziri [[Lloyd Corc]] [[Qafqaz]]dakı vəziyyət barədə məlumat verdi və göstərdi ki, bolşeviklər xəzər boyunca hərəkət edirlər. Buna görə də təklif etdi ki, Azərbaycana və [[Gürcüstan]]a hərbi yardım göstərilsin və həmin respublikalar tezliklə de-fakto tanınsın.<ref name=":0"/>

==Nəsib bəy Yusifbəyli==
{{Əsas|Nəsib bəy Yusifbəyli}}
[[Fayl:Nesib bey Yusifbeyli.jpg|100px|thumb|left|Nəsib bəy Yusifbəyli]]
[[1917]]-ci ilin [[mart]] ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "''Milli Federalistlərin Türk Partiyası''"nı yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi [[Rusiya]]nın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin [[iyul]]unda bu partiya Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə "''Müsəlman Demokratik Müsavat Partiyası''" ilə birləşərək "''Müsavat''" adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır. Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N.Yusifbəyli olmuşdur. [[1917]]-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.

Nəsib bəy Yusifbəyli [[Zaqafqaziya Seymi]]nin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində [[1918]]-ci il [[28 may|may ayının 28-dən]] [[1919]]-cu ilin martına kimi maarif naziri, [[1919]]-cu ilin martından [[1920]]-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. [[1920]]-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün [[Bakı]]nı tərk etmiş, lakin [[31 may]] [[1920]]-ci ildə yolda, Kürdəmir uyezdinin [[Qarxun]] kəndində müəmmalı şəkildə qətlə yetirilmişdir. [https://ceyhunalp903.wordpress.com/2014/04/21/n%C9%99sib-b%C9%99y-yusifb%C9%99yli-h%C9%99yati-haqqinda-butun-m%C9%99lumatlar/ Nəsib bəy Yusifbəyli- Həyatı haqqında bütün məlumatlar.]

==Musa bəy Rəfiyev==
{{Əsas|Musa bəy Rəfiyev}}
[[Fayl:Musa bəy Rəfiyev.jpg|150px|thumb|right|Musa bəy Rəfiyev]]
[[1918]]-ci il iyunun 17-də [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin Gəncədə ikinci müvəqqəti hökuməti təşkil edilərkən Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunmuşdu. Gəncədə fəaliyyət göstərən Müsəlman Milli Şurasının nəzdindəki qaçqın şöbəsi əsasında Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılmış, oktyabrda Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti [[Bakı]]ya köçərkən bu nazirlik iki nazirliyə – Səhiyyə Nazirliyinə və Himayədarlıq Nazirliklərinə bölünmüş, Musa bəy Rəfiyev Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir. Bu müddətdə o, qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə səy göstərmişdir.

Rəfiyev ikinci və üçüncü hökumətlərdə Səhiyyə və Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir.

Aprel işğalından sonra Gəncə üsyanının (1920) təşkilatçılarından biri olmuş Musa bəy, üsyan qəddarlıqla yatırıldıqdan sonra [[Türkiyə]]yə mühacirət etmişdir. Bir neçə ildən sonra [[İran]]a getmiş, [[Təbriz]]də klinika açmış və ömrünün sonuna qədər orada həkimlik etmişdir.<ref>[http://www.ebooks.az/view/VbAXx0H9.pdf Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. II cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 300-301]</ref>

==Əhməd bəy Ağayev==
{{Əsas|Əhməd bəy Ağaoğlu}}
[[Fayl:Ahmad bey Aghaoghlu.jpg|150px|thumb|left|Əhməd bəy Ağayev]]
1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan etdi. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün Osmanlı Türkiyəsinə üz tutur. [[Qafqaz İslam Ordusu]]nun komandanı Nuru Paşa [[Azərbaycan]]a göndərilir. Doqquz il ayrılıqdan sonra Ə.Ağaoğlu Nuru Paşanın müşaviri kimi Azərbaycana göndərilir və Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. 1918-ci ildə Ə.Ağaoğlu Gəncədə olarkən cəmi iki nömrəsi işıq üzü görən “''Türk sözü''” qəzetinin nəşr etdirir. [[Milli Məclis]]ə üzv seçilən Əhməd bəy Ağayev 1918-ci il [[dekabr]]ın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin [[Paris Sülh Konfransı|Paris Sülh Konfrasında]] Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.

Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə [[Ankara]]ya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, [[Türkiyə]]nin "''Hakimiyyəti-Milliyə''" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi [[Mustafa Kamal Atatürk]]ün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində calişmişdır. Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən [[Malta]]ya sürgün edilmişdir. [[1923]]-cü ildə [[TBMM]]-sinə II dönəm (1923 -1927) Qars vilayəti millət vəkili seçilir.

==Məmməd Yusif Cəfərov==
{{Əsas|Məmməd Yusif Cəfərov}}
[[Fayl:Mammad Yusif Jafarov.jpg|200px|thumb|right|Məmməd Yusif Cəfərov]]
Məmməd Yusif Cəfərov Azərbaycanın istiqlaliyyətinin tanınmasında, onun beynəlxalq aləmə çıxmasında böyük işlər görmüşdü. [[Azərbaycan]] Cümhuriyyətinin [[Gürcüstan]] Hökuməti yanında diplomatik nümayəndəsi kimi Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına böyük töhfə vermişdir. [[1917]]‐ci il [[noyabr]]ın 15‐də [[Tiflis]]də Y.Gegeçkorinin sədrliyi ilə Müstəqil [[Zaqafqaziya]] hökuməti‐Zaqafqaziya Komissarlığı yaradıldı. M.Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 1918‐ci il [[fevral]]ın 23‐də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M.Cəfərov da seçilmişdi.<ref name="Azərbaycan XİN">Musa Qasımlı, Elmira Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı – 2003.</ref>.

1918‐ci il [[may]]ın 26‐da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27‐də Müsəlman fraksiyasının fövqəladə iclası çağrıldı. Onlar M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi təşkil etdilər. İcra Komitəsinin tərkibinə M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov və b. ilə birlikdə M.Cəfərov da seçildi <ref name="Azərbaycan XİN"/>. M.Cəfərov birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmişdir.

M.Cəfərov 1918‐ci ilin [[iyun]] ayının axırlarından 1919‐cu ilin [[mart]]ın ortalarına kimi [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olmuşdur. O, bu vəzifədə Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Azərbaycan, Ermənistan, Gürcüstanın hökumət və [[Avropa]] ölkələri nümayəndələri ilə söhbət və görüşlərdə, Azərbaycan, Gürcüstan və Dağlılar respublikalarının nümayəndələrinin [[Tiflis]] şəhərində keçirilmiş Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır.

1919‐cu il [[aprel]]in 14‐də Azərbaycan parlamenti N.Yusifbəyovun sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq etdi. M.Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutdu. O, bu vəzifədə 1919‐ci il dekabrın 22‐nə kimi çalışdı. M.Cəfərov bir diplomat kimi Azərbaycan Respublikasının mənafeyini müdafiə etmişdir. Bu onun imzaladığı Gürcüstan və Azərbaycan Respublikaları arasında hərbi‐müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə Ermənistan XİN‐ə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, əmlakının qorunması barədə [[Böyük Britaniya]]nın [[Cənubi Qafqaz]]dakı və Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi notalardan və s. aydın görünür.
M.Cəfərov eyni zamanda xarici işlər naziri kimi Azərbaycan parlamentinin 1919‐cu il [[iyun]]un 27‐də 51‐ci və [[avqust]]un 18‐də 66‐cı iclaslarında çıxış edərək Azərbaycan hökumətinin apardığı xarici siyasət, Gürcüstanla bağlanmış müqavilə, şimaldan general Denikin təhlükəsi ilə əlaqədar Gürcüstan hökuməti və Böyük Britaniyanın Zaqafqaziyada olan komandanlıqları ilə aparılan danışıqlar haqqında məlumat vermişdir.

Müvəqqəti Milli Şuranın 1918‐ci il [[may]]ın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri Məmməd Yusif Cəfərov olmuşdur. Həmin iclasda [[Fətəli xan Xoyski|F.Xoyski]]nin elan etdiyi Azərbaycan hökumətinin tərkibində M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur.

==Xəlil bəy Xasməmmədov==
{{Əsas|Xəlil bəy Xasməmmədov}}
[[Fayl:Khalil bek Khasmamedov.jpeg|200px|thumb|left|Xəlil bəy Xasməmmədov]]
Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi (1913-[[1917]]) işləmişdir. [[Fevral burjua-demokratik inqilabı|Fevral inqilabı]]ndan (1917) sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət partiyasının yaradıcılarından biri, [[1917]] ildə keçirilmiş Qafqaz ([[Bakı]], [[aprel]]) və Ümumrusiya (Moskva, May) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. "''Müsavat''" partiyasının birinci qurultayında (Bakı, 1917, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilmişdir. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, [[Zaqafqaziya Demokratik Federativ Respublikası]]nın süqutundan (1918, 26 may) sonra [[Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası|Azərbaycan Milli şurası]]nın (1918, 27 may) üzvü olmuşdur. O, [[1918]] ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi.<ref>Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, "Lider nəşriyyat", Bakı-2004, səh.19</ref>

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə [[1918]]-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur <ref>{{Cite web |title=Azərbaycan ədliyyəsinin tarix muzeyi |url=http://www.justice.gov.az/museum.php |access-date=2018-05-08 |archive-date=2017-07-10 |archive-url=https://web.archive.org/web/20170710085445/http://www.justice.gov.az/museum.php |url-status=dead }}</ref>

Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir.

X. Xasməmmədov [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918 il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. [[Xəlil bəy Xasməmmədov|X.Xasməmmədov]] Azərbaycan nümayəndə heyətinin tərkibində [[Cənubi Qafqaz]] respublikaları konfransında ([[1919]], aprel-iyun) iştirak etmişdir. [[1919]]-cu ilin [[25 aprel]] tarixində [[Tiflis]]də siyasi, iqtisadi, maliyyə və ərazi məsələlərinin tənzimlənməsinə həsr edilən konfransda mübahisəli məsələlərin həllinə yönəldilən təkliflər irəli sürmüşdür.

Xasməmmədov [[1920]]-ci ilin aprelində [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin [[Türkiyə]]də səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, [[İstanbul]]da yaşamışdır.

==Əbdürrəhim bəy Haqverdiyev==
{{Əsas|Əbdürrəhim bəy Haqverdiyev}}
[[Fayl:Abdurrahim bey Hagverdiyev 5.jpg|250px|thumb|right|Əbdürrəhim bəy Haqverdiyev]]
[[1916]]-[[1917]]-ci illərdə [[Tiflis]]də "''Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri''" adlı aylıq məcmuənin müdiri olmuş, [[1917]]-ci il [[fevral inqilabı]]ndan sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir. [[1918]]-ci ilin [[mart]]ında [[Borçalı qəzası]]na müvəkkil təyin olunmuşdur.

Gürcüstan Milli Şurasının üzvü [[Əbdürrəhim bəy Haqverdiyev]]in Milli şuranın [[19 dekabr]] [[1918]]-ci ildə Tiflisdə keçirilən iclasındakı çıxışı. Belə ki, həmin tarixdə [[Gürcüstan]] [[Ermənistan]] müharibəsi davam edirdi.

{{sitat|Vətəndaşlar, Parlamentin üzvləri 
Bu tarixi anda mən Gürcüstan Respublikasının müsəlman vətəndaşları adıyla çıxış edirəm. Böyük [[Avropa]] müharibəsi bitdi. Biz əmin idik ki, bundan sonra xalqların yaxşı əlaqələri olacaq, ən əhəmiyyətlisi isə Zaqafqaziyada yaşayan [[xalq]]lar arasında. Ancaq bizim gözləntilərimiz olmadı. Qonşu [[respublika]] müharibə elan etdi. Bu müharibə üçün heç bir səbəb yox idi. Gürcülər və ermənilər arasında olan bütün məsələlər sülh yolu ilə həll oluna bilərdi. Bizim hökumət bu problemlərin həlli yollarını axtarırdı. Hansı ki bugün çap olunan depeşalardan da görünür. Ancaq bir erməni partiyası öz eqoist məqsədləri üçün bu müharibəyə başladı. Mən istəyirəm deyəm ki, əmin idim ki, [[1905]]-ci ildə baş verənlər üçüncü şəxsin əli ilə olub, ancaq bugün buna şübhə edirəm. Biz müsəlmanlar parlamentə daxil olanda deklarasiya yayınladıq və bildirdik ki, Gürcüstan Respublikasında yaşayan müsəlmanlar bütün lazım olan ölçüdə düşmənlərdən ölkələrini qoruyacaqlar. Bu gün yenə bildiririk və təkrarlayırıq nə vaxt ki, sözdən işə keçmək lazımdır. 18-ci əsrin sonlarında Ağa Məhəmməd şah [[Şuşa]] qalasını muhasirəyə aldıqda Qarabağ xanı İbrahimə dəstək üçün Gürcü ordusu Aleksandre İrakli oğlunun başçılığıyla səfərə çıxdı. Hansı ki İran şahı sonra gürcülərə hücüm etdi. Borçalı mahalının müsəlmanları gürcü çarının əsgərlərinin yanında durdular və öz din qardaşlarına qarşı getdilər. Bu şərait bu gün də Borçalı mahalının müsəlmanlarının xatirəsində qalır. Artıq müsəlman razmi (hərbi birlik) təşkil olunub onlar Gürcüstan Respublikasının düşmənlərinə qarşı çıxırlar. Onlar təkcə Gürcüstanın müstəqilliyi üçün deyil bütün Zaqafqaziyanın mustəqilliyi üçün müharibə elan edirlər. Müstəqillik kimlər üçünsə dəyərlidir onlar hər imkanda onu qorumalıdırlar. Müsəlmanlar bunu anlayırlar və Gürcüstanın müstəqilliyini, Zaqafqaziyanın mütəqilliyini ayaqlar altına almaq istəyənlərə qarşı gedirlər. Borçalı müsəlmanları, mən inanıram ki, Gürcüstanın başqa mahalında yaşayan müsəlmanlar da: Siğnaği, Telavi, Axalçixe mahalı müsəlmanları hər şəraitdə öz ölkələrinin tərəfində dururlar. Bu mənim üçün böyük fəxrdir ki, parlamentə girəndə bildirəm - Yaşasın Gürcüstan<ref>http://dspace.nplg.gov.ge/bitstream/1234/153104/1/Saqartvelos_Rspiblika_1918_N119.pdf</ref>.}}

==Adil xan Ziyadxan==
{{Əsas|Adil xan Ziyadxanov}}
[[Fayl:Adil Khan Ziyadkhanov.png|150px|thumb|left|Adil xan Ziyadxanov]]
[[Azərbaycan Xalq Cümhuriyyəti]]nin yaranmasında və fəaliyyətində müstəsna rolu olan tarixi şəxsiyyətlərdən biri də [[Ziyadoğlular]] nəslindən olan Adil xan Ziyadxandır.

Keçdiyi ömür yolu, gənclik vaxtından qoşulduğu [[mübarizə]]lər, ən başlıcası isə [[damar]]larında axan qan onu məntiqi şəkildə müstəqil [[Azərbaycan dövləti]]nin-bütün müsəlman Şərqində ilk respublika olan [[ADR]]-in qurucuları sırasına gətirdi. Adil xan Ziyadxan [[1918]]-ci il [[oktyabr]] ayının 30-da xarici işlər nazirinin müavini təyin olunur. Xarici siyasət idarəsinin rəisi [[Əlimərdan bəy Topçubaşov|Ə.Topçubaşov]] həmin dövrdə [[Türkiyə]]də olduğundan ilin sonuna qədər nazir vəzifəsini icra edir. Daha sonra baş nazir və xarici işlər naziri [[Fətəli xan Xoyski|F.Xoyski]]nin müavini kimi gənc respublikanın xarici siyasətinə rəhbərlik edir.<ref>{{Cite web |title=Arxivlənmiş surət |url=http://www.moderator.az/news/220994.html |access-date=2018-05-08 |archive-date=2018-05-17 |archive-url=https://web.archive.org/web/20180517223145/http://moderator.az/news/220994.html |url-status=dead }}</ref>

Gənc respublikanın çətin günlərini yaşadığı 1918-ci ildə o, özünün çoxsaylı xidməti işlərindən vaxt taparaq ölkəsini öz vətəndaşlarına və Avropaya tanıtmaq məqsədilə Azərbaycan və [[fransız]] dillərində "''Azərbaycan''" kitabını qələmə almışdır. [[Xarici İşlər Nazirliyi]]nin çap etdiyi bu qiymətli əsərin 2 min nüsxəsi [[1919]]-cu ildə [[Paris]]ə, [[Versal konfransı]]ndakı Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşova göndərilmiş və onun vasitəsi ilə Avropa ölkələrində, habelə [[ABŞ]] və [[Kanada]]da yayılmışdır.

==İbrahim Əbilov==
{{Əsas|İbrahim Əbilov}}
[[Fayl:Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəsi İbrahim Əbilov.jpg|150px|thumb|right|İbrahim Əbilov]]
[[1918]]-ci ilin axırlarında [[Bakı]]ya gələn Əbilov [[Azərbaycan Xalq Cümhuriyyəti]] parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir. [[1920]]-ci ildə Bakı menşeviklərinin orqanı olan "''İskra''" qəzetinin redaktoru idi. [[1920]]-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra [[Azərbaycan SSR]] daxili işlər nazirinin müavini təyin olunmuş, Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilmişdir. 1921-ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak etmişdir. Görkəmli diplomat, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İbrahim Əbilov ilk dəfə Vətəni xaricdə təmsil edənlərdən biri idi.<ref>http://zim.az/baki/1029-dplomatya-tarxmzdn-brahim-bilov-azrbaycann-trkiyd-ilk-fvqlad-v-slahiyytli-sfiri.html</ref>

==Yusif Vəzir Çəmənzəminli==
{{Əsas|Yusif Vəzir Çəmənzəminli}}
[[Fayl:Yusif Vazir Chamanzaminli.jpg|200px|thumb|left|Yusif Vəzir Çəmənzəminli]]
[[Fevral inqilabı]] baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. [[1917]]-ci ildə [[Ukrayna]]nın həyəcanla doğulan milli hərəkatı bütün [[Rusiya]] daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan [[Kiyev]]ə gəlir. Orada siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi "''Musavatın''" Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil [[Ukrayna Respublikası]] yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə baslamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bərabər, [[Azərbaycan]]ın [[tarix]]i, [[ədəbiyyat]]ı, [[mədəniyyət]]i, [[ticarət]]i və [[iqtisadiyyat]]ı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Beləliklə, Azərbaycan yavaş-yavaş tanınmağa başlayır.

Yusif Vəzir həmin [[təşkilat]]da işlədiyi dövrdə "''Azərbaycanın Muxtariyyatı''" və "''Biz kimik və istədiyimiz nədir?''" kitablarını yazıb çap etdirir. Yusif Vəziri düşündürən və narahat edən məsələlərdən biri də Azərbaycanın milli marşının olmaması idi. Bununla əlaqədar onun 1917-ci il [[dekabr]] ayının 19-da "''Açıq söz''" qəzetində çap etdirdiyi məqalədə deyilirdi: – "''Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız Üzeyir Hacibəyov cənabları çalışmalıdırlar''".

[[1918]]-ci ildə [[vətəndaş müharibəsi]] ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə direktorluğunda məsləhətçi işləyir. Krımdakı "''Millət''" qəzetində "''Azərbaycan və azərbaycanlılar''" adlı məqaləsini çap etdirir və Litva tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı "''Litva tatarları''" adlı kitabçasını [[1919]]-cu ildə [[Simferopol]]da (Ağ məscid) çap etdirir.
Yol şəraiti yaxşılaşan kimi Yusif Vəzir Odessaya gedir. Müharibə ilə əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay qalmalı olur. O, vətənə qayıtdıqda "''Azərbaycan''" qəzetində "''Xarici siyasətimiz''", "''Milli və mədəni islərimiz''" başlığı ilə silsilə məqalələrini çap etdirir. Yusif Vəzir bir müddət Bakıda qaldıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Şurasının sədri [[Nəsib bəy Yusifbəyli|Nəsib bəy Yusifbəyov]]un təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi [[İstanbul]]a göndərilir. Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir.<ref>YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ   Həyatı  və  yaradıcılığı</ref>

==Həmçinin bax==

* [[Azərbaycan Xalq Cümhuriyyəti]]
* [[Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti]]
* [[Azərbaycan Xalq Cümhuriyyətinin tarixi]]

==Xarici keçidlər==

* [http://axc.preslib.az/az_a9.html Azərbaycan Xalq Cümhuriyyəti]

==İstinadlar==
{{İstinad siyahısı|2}}

[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları|#]]