Difference between revisions 18158 and 19245 on azwikisource


<poem>
Uşağı xoxanla qorxutma, bala.
Pozular işdahı, qaçar yuxusu.
Qalar ürəyində, qalar canında
Qalar xəyalında xoxan qorxusu.

Bir vədə beləcə qorxudub məni
Səsimi beşikdə batırıbdılar.
Aqlasam, xoxanla hədələyiblər,
Xoxanla qorxudub, yatırıbdılar.

Qırx birdən o yana dadlı çağlarım,
Bu yanda taleyim tufan qopardı.
Günbəgün azaldı oyuncaqlarım,
Istədim dedilər: "xoxan apardı".

Məni o bucaqdan, məni bu küncdən
Gözünü bərəldib baxan qorxudub.
Gözüm açılandan, gözüm açandan
Mənim gözlərimi xoxan qorxudub.

Cırıb paltarımı, ayaqqabımı,
Süfrədən dadamı xoxan apardı.
Bəlkə, müharibə xoxan deməkmiş
ABax, mənim atamı xoxan apardı.

Boya atdım, yar sevdim, yarıdım - dedim,
Xoxanlı günlərim day keçib gedir.
Bir səhər eşitdim toylu-busatdı,
Bu kənddən o kəndə yar köçüb gedir.

Qaçdım səksəkəli qapılarına,
Görən deyərdi ki, atlı  -çapardı.
Soruşdum qızını, anası güldü,
Dedi ki, ay bala xoxan apardı.

Qorxular çoxalır, ömür yuxalır,
İlahi, dünyada xoxan nə çoxmuş.
Mənim xoxanlarım artıbr, çoxalır,
Xoxanı törəyib, doğan nə çoxmuş.

Aşkara xoxan var, gizli xoxan var,
Aşkara xoxanlar qəmiş xoxanmış...
Dostluq eləmişəm on il, on beş il,
Sonradan bilmişəm Məmiş xoxanmış.

Evimdən xoxana nəzir verirlər,
Yoxsa var-yoxumu çalıb-çapardı.
Maaşda pulumu kəsir verirlər,
Deyirlər: qalanın xoxan apardı.

Mənə deyirlər ki, möhkəm ol, kişi!
Dostların tənəsi çox gəlir mənə.
Atmaq istəyirəm mən bu vərdişi,
Xoxanlar o saat xox gəlir mənə.</poem>

[[Kateqoriya:Telman Hüseyn]]