Difference between revisions 18188 and 18190 on azwikisource

[[en:Category:[[en:Category:]]]]                                                                   Xeyrulla XƏYAL
ƏBÜLFƏZ ELÇİBƏYİN ÖLÜMÜNƏ

Rus qəzetlərindən kifirlik yağır,
Qaradır hər sətrin üzü, həm altı.
Çeçen savaşında itkilər ağır,
Uçarlar vurulur, gəmilər batır.

Ölüm xəbərini burda, Elçibəy,
Qəzetlərdən aldım. Qərubik, atam.
Milli rəzalətdən üz çevirərək,
Gedirik. Ölümdür yurda qaytaran.

Kələkidə qalxmış qoz ağacıydın,
“Gülxanə”də soldun. Kimdi fərqində?
Türkün vurğunuydun, türkün acıydın,
Toxtayıb vətənə dönürsən indi.

Məhbəs qapısını bir vaxt arxanca,
Örtən polis qəlbli qoca general,
Fəxri xiyabanı üzünə açar –
Əvf et – tabutunun! Kütlə, cah-cəlal...

Bəzən məğlubiyyət, bəzən qələbə,
Bəzən də savaşdır ölüm. Səninki
Gedişdir – déjà vu! – ancaq bu dəfə,
Oxşamaz, ovutmaz səni Kələki.

Firqədaşlarının çiyinlərində,
Fəxri xiyabana gedər cənazən.
Son avqust məzarı baş hərləndirər,
Ərəb bəlağəti ağır, canüzən.

Əfsus! Rusiyanın qəzetlərində,
Bu ali dəfndən yox təfərrüat.
Bəli, ölür keçmiş prezidentlər,
Yataqda... Azardan... Adi əhvalat...

Milli mübarizən, uğursuz hərbin,
Burda unudulmuş, Elçibəy, artıq.
Axı cəbhədə də ölə bilərdin,
Ya da sui-qəsddən – buna ustayıq...

Yataqda keçindin. Qürbətdə hərçənd,
Xərçəngdən.Vətənə dönürsən indi.
Toxta, sən deyilsən, doğma, uzaq kənd,
Son mənzil birinci prezidentə...

Ölkə çalxalandı nə addım atdın,
Ayama qazandın ad-san yerinə.
Xalqına qəribdin, xalqına yaddın,
Elçibəy, qəbrin də qərib görünər.

Məzarçı! Mərmər yox, qan-tər hopulu,
Daş gətir Qaradağ karxanasından.
Vaxt gələr açılar Qarabağ yolu – 
Bir sıxım torpaqçın yer də saxla sən...

                                                   23. 08 – 16.09. 2000 Samara