Difference between revisions 20123 and 20124 on azwikisource{{header | title = Heydərbabaya Salam | author = Şəhriyar | translator = | section = | previous = | next = | year = | notes = | categories = | portal = }} {{Ərəblə|حیدر بابایه سلام}} == Heydərbabaya salam == ::''Şer güney ləhcəsində yazıldığından, vəzn və üslubu qorumaq üçün bəzi yerlərdə ədəbi dildən kənara çıxan yazılışlar bilərəkdən saxlanılmışdır'' :Heydər Baba, ildırımlar caxanda, :Sellər, sular şaqqıldayıb axanda, :Qızlar ona səf bağlayıb baxanda, :Salam olsun şövkətizə, elizə, :Mənim də bir adım gəlsin dilizə. </br> :Bayram yeli çardaqları yıxanda, :Novruzgülü, qarçiçəyi çıxanda, :Ağ buludlar köynəklərin sıxanda, :Bizdən də bir yad eləyən sağ olsun, :Dərdlərimiz qoy dikəlsin dağ olsun. </br> :Heydər Baba, gün dalını dağlasın, :Üzün gülsün, bulaqların ağlasın, :Uşaqlarun bir dəstə gül bağlasın, :Yel gələndə ver gətirsin bu yana, :Bəlkə mənim yatmış bəxtim oyana. </br> :Heydər Baba, sənin yüzün ağ olsun, :Dörd bir yanın bulaq olsun, bağ olsun, :Bizdən sonra sənin başın sağ olsun, :Dünya qəzov-qədər, ölüm-itimdir, :Dünya boyu oğulsuzdur, yetimdir. </br> :Heydər Baba, yolum səndən kəc oldu, :Ömrüm keçdi, gələmmədim, gec oldu, :Heç bilmədim gözəllərin necoldu, :Bilmez idim döngələr var, dönüm var, :Itginlik var, ayrılık var, ölüm var. </br> :Heydər Baba, igid əmək itirməz, :Ömür keçər, əfsus bərə bitirməz, :Namərd olan ömrü başa yetirməz, :Biz də vallah, unutmarıq sizləri, :Görəmməsək, halal edin bizləri. </br> :Heydər Baba, Mirəjdər səslənəndə, :Kənd içinə səsdən-küydən düşəndə, :Aşıq Rüstəm sazın dilləndirəndə, :Yadındadır, nə hövləsək qaçardım? :Quşlar təkin qanad çalıb uçardım. </br> :Şəngilava yurdu, aşıq alması, :Gahdan gedib orda qonaq qalması, :Daş atması, alma-heyva salması, :Qalıb şirin yuxu kimin yadımda, :Əsər qoyub ruhumda, hər zadımda. </br> :Heydər Baba, Quru gölün qazları, :Gədiklərin sazaq çalan sazları, :Kənd-kövşənin payızları, yazları, :Bir sinema pərdəsidir gözümdə, :Tək oturub, seyr edərəm özüm də. </br> :Heydər Baba, Qaraçəmən cadası, :Çovuşların gələr səsi, sədası, :Kərbəlaya gedənlərin qadası, :Düşsün bu ac yolsuzların gözünə, :Təməddünün uyduq yalan sözünə. </br> :Heydər Baba, şeytan bizi azdırıb, :Məhəbbəti ürəklərdən qazdırıb, :Qara günün sər-nüviştin yazdırıb, :Salıb xalqı bir-birinin canına, :Barışığı bələşdirib qanına. </br> :Göz yaşına baxan olsa, qan axmaz, :Insan olan xəncər belinə taxmaz, :Amma heyif, kor tutduğun buraxmaz, :Behiştimiz cəhənnəm olmaqdadır, :Zilhiccəmiz məhərrəm olmaqdadır. </br> :Xəzan yeli yarpaqları tökəndə, :Bulud dağdan yenib kəndə köçəndə, :Şeyxülislam gözəl səsin çəkəndə, :Nisgilli söz ürəklərə dəyərdi, :Ağaclar da Allaha baş əyərdi. </br> :Daşlı bulaq daş-qumunan dolmasın, :Bağçaları saralmasın, solmasın, :Ordan keçən atlı susuz olmasın, :Deynə bulaq, heyran olsun, axarsan, :Üfüqlərə xumar-xumar baxarsan. </br> :Heydər Baba, dağın daşın sərəsi, :Keklik oxur, dalısında fərəsi, :Quzuların ağı, bozu, qərəsı, :Bir gedəydim dağ-dərələr uzunu, :Oxuyaydım: “Çoban, qaytar quzunu”. </br> :Heydər Baba, Sulu yerin düzündə, :Bulaq qaynar çay-çəmənin gözünde, :Bulaqotu üzər suyun üzündə, :Gözəl quşlar ordan gəlib keçərlər, :Xəlvətləyib bulaqdan su içərlər. </br> :Biçin üstü sünbül biçən oraqlar, :Elə bil ki, zülfü darar daraqlar, :Şikarçılar bildirçini soraqlar, :Biçinçilər ayranların içərlər, :Bihuşlanıb sondan durub biçerler. </br> :Heydər Baba, kəndin günü batanda, :Uşaqların şamın yeyib yatanda, :Ay buluddan çıxıb qaş-göz atanda, :Bizdən də bir sən onlara qissə de, :Qissəmizdə çoxlu qəmü-qüssə de. </br> :Qarı nənə gecə nağıl deyəndə, :Külek qalxıb qapı-bacanı döyəndə, :Qurd keçinin Şəngülüsün yeyəndə, :Mən qayıdıb bir də uşaq olaydım, :Bir gül açıb ondan sonra solaydım. </br> :Əmməcanın bal-bəlləsin yeyərdim, :Sondan durub üst donumu geyərdim, :Bağçalarda tiringəni deyərdim, :Ay özümü o əzdirən günlərim, :Ağac minib, at gəzdirən günlərim. </br> :Həçi xala çayda paltar yuyardı, :Məmmədsadıx damlarını suvardı, :Heç bilməzdik dağdır, daşdır, divardır :Hər yan gəldi, şıllaq atıb aşardıq, :Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq. </br> :Şeyxəlislam münacatı deyərdi, :Məşədrəhim ləbbadəni geyərdi, :Məşdəcəli bozbaşları yeyərdi, :Biz xoş idik, heyrat olsun, toy olsun, :Fərq eləməz, hər nolacaq, qoy olsun. </br> :Melikniyaz vərəndilin salardı, :Atın çapıb qıyqacıdan çalardı, :Qırğı təkin gədik başın alardı. :Dolayıya qızlar açıb pəncərə, :Pəncərələrdən nə gözəl mənzərə. </br> :Heydər Baba, kəndin toyun tutanda, :Qız gəlinlər həna, piltə satanda, :Bəy gəlinə damdan alma atanda, :Mənim də o qızlarında gözüm var, :Aşıqların sazlarında sözüm var. </br> :Heydər Baba, bulaqların yarpızı, :Bostanların gülbəsəri, qarpızı, :Çərçilərin ağ nobatı, saqqızı, :Indi də var damağımda, dad verər :Itgin gedən günlərimdən yad verər. </br> :Bayram idi, gecəquşu oxurdu, :Adaxlı qız bəy corabın toxurdu, :Hər kəs şalın bir bacadan soxurdu, :Ay nə gözəl qaydadı şal sallamaq, :Bəy şalına bayramlığın bağlamaq. </br> :Şal istədim mən də evdə ağladım, :Bir şal alıb tez belimə bağladım, :Qulamgilə qaçdım, şalı salladım, :Fatma xala mənə corab bağladı, :Xan nənəmi yada salıb ağladı. </br> :Heydər Baba, Mirzəmmədin bağçası, :Bağçaların turşaşirin alçası, :Gəlinlərin düzmələri, taxçası :Hey düzülər gözlərimin rəfində, :Heyimə vurar xatirələr səfində. </br> :Bayram olub, qızıl palçıq əzərlər, :Naqqış vurub, otaqları bəzərlər, :Taxçalara dizmələri dizərlər :Qız-gəlinin fındıqçası, hənası, :Həvəslənər anası, qaynanası. </br> :Baxıcının sözü-sovu, kağızı :Inəklərin bulaması, ağızı, :Çərşənbənin girdəkanı, mövizi :Qızlar deyər: “Atıl-matıl, çərşənbə, :Ayna təkin bəxtim açıl, çərşənbə”. </br> :Yumurtanı göyçək, güllü boyardıq, :Çaqqışdırıb sınanların soyardıq, :Oynamaqdan bircə məgər doyardıq, :Əli mənə yaşıl aşıq verərdi, :İrza mənə novruzgülü dərərdi. </br> :Novruzəli xərməndə vəl sürərdi, :Gahdan yenib küləşlərin kürərdi, :Dağdan da bir çoban iti hürərdi, :Onda gördün, ulaq ayaq saxladı, :Dağa baxıb qulaqların şaxladı. </br> :Axşambaşı naxırınan gələndə, :Qoduqları çəkib vurardıq bəndə, :Naxır keçib gedib yetəndə kəndə, :Heyvanları çılpaq minib qovardıq, :Söz çıxsaydı, sinə gərib sovardıq. . </br> :Yaz gecəsi çayda sular şarıldar, :Daş qayalar seldə aşıb karıldar, :Qaranlıqda qurdun gözü parıldar, :Itlər gördün, qurdu seçib ulaşdı, :Qurd da gördün, qalxıb gədikdən aşdı. </br> :Qış gecəsi tövlələrin otağı, :Kəndlilərin oturağı, yatağı, :Buxarıda yanar odun yanağı, :Şəbçərəsi, girdəkanı, iydəsi, :Kəndi basar gülüb-danışmaq səsi. </br> :Şüca xaloğlunun Bakı sovqatı, :Damda quran samavarı, söhbəti, :Yadımdadı şəstli qəddi, qaməti, :Cünəmməyin toyu döndü yas oldu, :vənəqızın bəxt aynası kas oldu. </br> :Heydər Baba, Nənəqızın gözləri, :Rəxşəndənin şirin-şirin sözləri, :Türki dedim, oxusunlar özləri, :Bilsinlər ki, adam gedər, ad qalar, :Yaxşı-pisdən ağızda bir dad qalar. </br> :Yaz qabağı gün güneyi döyəndə, :Kənd uşağı qar gülləsin sövəndə, :Kürəkçilər dağda kürək zivəndə, :Mənim ruhum elə bilin ordadır, :Kəklik kimi batıb qalıb, qardadır. </br> :Qarı nənə uzadanda işini, :Gün buludda əyirərdi teşini, :Qurd qocalıb, səkdirəndə dişini, :Sürü qalxıb dolayıdan aşardı, :Baydaların südü aşıb-daşardı. </br> :Həccəsultan əmmə dişin qısardı, :Mollabağır əmoğlu tez mısardı, :Təndir yanıb, tüstü evi basardı, :Çaydanımız ərsin üstə qaynardı, :Qovurğamız sac içində oynardı. </br> :Bostan pozub gətirirdik aşağı, :Doldururduq evdə taxta-tabağı, :Təndirlərdə bişirərdik qabağı, :Özün yeyib, toxumların çırtlardıq, :Çox yeməkdən lap az qala çatlardıq. </br> :Vərziğandan armud satan gelende, :Uşaqların səsi düşərdi kəndə, :Biz də bu yandan eşidib biləndə, :Şıllaq atıb bir qışqırıq salardıq, :Buğda verib armudlardan alardıq. </br> :Mirzə Tağıynan gecə getdik çaya, :Mən baxıram seldə boğulmuş aya, :Birdən ışıq düşdü o tay bağçaya, :“Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq, :Heç bilmədik nə vaxt güllükdən aşdıq. </br> :Heydər Baba, ağaçların ucaldı, :Amma hayıf, cavanların qocaldı, :Toğluların arıqlayıb acaldı, :Kölgə döndü, gün batdı, qaş qarəldi, :Qurdun gözü qaranlıqda bərəldi. </br> :Eşitmişəm yanır Allah çırağı, :Dayır olub məscidizin bulağı, :Rahat olub kəndin evi, uşağı, :Mənsurxanın əli-qolu var olsun, :Harda qalsa, Allah ona yar olsun. </br> :Heydər Baba, Moll’ Ibrahim var, ya yox? :Məktəb açar, oxur uşaqlar, ya yox? :Xərmən üstü məktəbi bağlar, ya yox? :Məndən axunda yetirərsən salam, :Ədəbli bir salam malakəlam. </br> :Həci Sultan əmmə gedib Təbrizə :Amma nə Tebriz ki, gələmmir bizə, :Balam, durun qoyaq gedək evimizə, :Ağa öldü, tufağımız dağıldı, :Qoyun olan yad gedibən sağıldı. </br> :Heydər Baba, dünya yalan dünyadı, :Süleymandan, Nuhdan qalan dünyadı, :Oğul doğan, dərdə salan dünyadı, :Hər kimsəyə hər nə verib, alıbdı, :Əflatundan bir quru ad qalıbdı. </br> :Heydər Baba, yaru-yoldaş döndülər, :Bir-bir məni çöldə qoyub, çöndülər, :Çeşmələrim, çıraqlarım söndülər, :Yaman yerdə gün döndü, axşam oldu, :Dünya bizə xarabei-şam oldu. </br> :Emoğluynan gedən gecə Qıpçağa, :Ay ki, çıxdı, atlar gəldi oynağa, :Dırmaşırdıq, dağdan aşırdıq dağa, :Məşməmixan göy atını oynatdı, :Tüfəngini aşırdı, şaqqıldatdı. </br> :Heydər Baba, Qara kolun dərəsi, :Xoşginab’ın yolu, bəndi, bərəsi, :Orda düşər çil kəkliyin fərəsi, :Ordan keçər yurdumuzun özünə, :Biz də keçək yurdumuzun sözünə. </br> :Xoşginabı yaman günə kim salıb? :Seyidlərdən kim qırılıb, kim qalıb? :Amir Qafar dam daşını kim alıb? :Bulaq genə gəlib gölü doldurur, :Ya quruyub, bağçaları soldurur? </br> :Amir Qafar seyidlərin tacıydı, :Şahlar şikar etməsi qıyqacıydı, :Mərdə şirin, namərdə çox acıydı, :Məzlumların haqqı üstə əsərdi, :Zalimləri qılınc təkin kəsərdi. </br> :Mirmustafa dayı, ucaboy baba, :Heykəlli-saqqallı Tolustoy baba, :Eylərdi yas meclisini toy, baba :Xoşginabın abi-rusu, ərdəmi, :Məscidlərin, məclislərin görkəmi. </br> :Məcdüssadat gülərdi bağlar kimi, :Guruldardı, buludlu dağlar kimi, :Söz ağzında ərirdi yağlar kimi, :Alnıaçıq, yaxşı, dərin qanardı, :Yaşıl gözler çıraq kimi yanardı. </br> :Mənim atam süfrəli bir kişiydi, :El əlindən tutmaq onun işiydi, :Gözəllərin axıra qalmışıydı, :Ondan sonra dönərgələr dönüblər, :Məhəbbətin çırağları sönüblər. </br> :Mirsalehin dəlisovluq etməsi, :Mirəzizin şirin şaxsey getməsi, :Mirməmmədin quruması, bitməsi, :Indi desək, əhvalatdır, nağıldır, :Keçdi getdi, itdi batdı, dağıldı. </br> :Mirəbdülün aynada qaş yaxması, :Çövçülərindən qaşının axması, :Boylanması, dam-divardan baxması, :Şah Abbasın dürbini, ya dəş bixeyr, :Xoşginabın xoş günü, ya dəş bixeyr. </br> :Sitar’əmmə nəzikləri yapardı, :Mirqadir də hərdən birin qapardı, :Qapıb yeyib dayça təkin çapardı, :Gülməliydi onun nəzik qapması, :Əmməmin də ərsiyinin şappası. </br> :Heydər Baba, Amir Heydər neyləyir? :Gəlin yenə samavarı göynəyir, :Daha qocalıb, alt əngini çeynəyir, :Qulaq batıb, gözü girib qaşına, :Yazıq əmmə, hava gəlib başına. </br> :Xanım əmmə Mirəbdülün sözünü, :Eşidəndə əyər ağzı-gözünü, :Məlkamıda verər onun özünü, :Davaların şuxluğunan qatarlar, :Əti yeyib, başı atıb yatarlar. </br> :Fizzəxanım Xoşginabın gülüydü, :Amir Yəhya əmiqızının quluydu, :Rüxsarə artist idi, sevgiliydi, :Seyid Hüseyn Mirsalehi yamsılar, :Əmir Cəfər qeyrətlidir, qan salar. </br> :Səhər tezdən naxırçılar gələrdi, :Qoyun-quzu dam-bacadan mələrdi, :Əmməcanım körpələrin bələrdi, :Təndirlərin qovzanardı tüstüsü, :Çörəklərin gözəl iyi, istisi. </br> :Göyərçinlər dəstə qalxıb uçarlar, :Gün saçanda qızıl pərdə açarlar, :Qızıl pərdə açıb, yığıb qaçallar, :Gün ucalıb, artar dağın cəlalı, :Təbiətin cavanlanar cəmalı. </br> :Heydər Baba, qarlı dağlar aşanda, :Gecə karvan yolun aşıb çaşanda, :Mən hardasam, Tehranda, ya Kaşanda, :Uzaqlardan gözüm seçər onları, :Xəyal gəlib, aşıb keçər onları. </br> :Bir çıxaydım Damqayanın daşına, :Bir baxaydım keçmişinə, yaşına, :Bir görəydim nələr gəlib başına, :Mən də onun qarlarıyla ağlardım, :Qış donduran ürəkləri dağlardım. </br> :Heydər Baba, gül-qönçəsi xəndandır :Amma hayıf, ürək qəzası qandır, :Zindəganlıq, bir qaranlıq zindandır, :Bu zindanın dərbəçəsin açan yox, :Bu darlıqdan bir qurtulub qaçan yox. </br> :Heydər Baba, göylər bütün dumandı, :Günlərimiz bir-birindən yamandı, :Bir-birizdən ayrılmayın, amandı, :Yaxşılığı əlimizdən alıblar, :Yaxşı bizi yaman günə salıblar! </br> :Bir soruşun bu qarqınmış fələkdən, :Nə istəyir bu qurduğu kələkdən? :Deynə, keçirt ulduzları ələkdən, :Qoy tökülsün, bu yer yüzü dağılsın, :Bu şeytanlıq qurğusu bir yığılsın. </br> :Bir uçaydım bu çırpınan yelinən, :Bağlaşaydım dağdan aşan selinən, :Ağlaşaydım uzaq düşən elinən, :Bir görəydim ayrılığı kim saldı? :Ölkəmizdə kim qırıldı, kim qaldı? </br> :Mən sənintək dağa saldım nəfəsi, :Sən də qaytar, göylərə sal bu səsi, :Bayquşun da dar olmasın qəfəsi, :Burda bir şir darda qalıb, bağırır, :Mürüvvətsiz insanları çağırır. </br> :Heydər Baba, qeyrət qanın qaynarkən, :Qaraquşlar səndən qopub qalxarkən, :O sıldırım daşlarıynan oynarkən, :Qovzan, mənim hümmətimi orda gör, :Ordan əyil, qamətimi darda gör. </br> :Heydər Baba, alçaqların köşk olsun, :Bu günümüz gələcəyə məşq olsun, :Bizdən sonra gələnlərə eşq olsun, :Övladımız məzhəbini danmasın, :Hər içiboş sözlərə aldanmasın. </br>⏎ :Heydər Baba, gecə durna keçəndə, :Koroğlunun gözü qara seçəndə, :Qıratını minib, kəsib-biçəndə, :Mən də burdan tez mətləbə çatmaram, :Eyvaz gəlib çatmayıncan yatmaram. </br> :Heydər Baba, mərd oğullar doğginan, :Namərdlərin burunların ovginan, :Gədiklərdə qurdları tut boğginan, :Qoy quzular ayın-şayın otlasın, :Qoyunların quyruqların qatlasın. </br> :Heydər Baba, sənin gönlün şad olsun, :Dünya varkən ağzın dolu dad olsun, :Səndən keçən tanış olsun, yad olsun, :Deynə, mənim şair oğlum Şəhriyar, :Bir ömürdür qəm üstünə qəm qalar. [[Category:Şəhriyar]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=20124.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|