Revision 18005 of "Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi. I hissə (II Fəsil)" on azwikisource

'''II Fəsil'''
                                       
'''Xizanşahlıq (Xızı şahlığı)'''

Qədim Yunan mənbələrində Xəzər dənizinin qərb sahillərində yaşamış tayfalar massagetlər adlanırdılar.
Yunan tarixçisi Heredotun “Tarix” əsərindəki məlumatına görə massagetlər köçəri həyat tərzi keçirmişlər. Massagetlər atlarda döyüşə gedir, onlar ox, qılınc və nizə ilə silahlanırdılar. Onların yeganə allahı Günəş idi. Midiya hökmdarı Key Xosrov e.ə. 530-cu ildə massagetləri özünə tabe etmək istədi.

Massagetlərə Tomiris adlı qadın çarlıq edirdi. Key Xosrov (Kuruş) hiyləyə əl atdı, Tomrislə evlənmək istədiyini bildirdi. Key Xosrov onun ölkəsini almaq istəyir. Key Xosrov hədə-qorxuya əl atdıqda, Tomiris ona xəbər göndərdi ki, gəl, bu işdən əl çək, öz dövlətinə şahlıq et. Əgər sən bizim üzərimizə yürüş etmək fikrindəsənsə, onda Araz çayı üzərində körpü saldırmağı dayandır. Müqavimətsiz çayı keç, gəl ölkəmizə, biz çaydan üç günlük məsafəyə geri çəkilərik. Əgər sən bizi öz torpağına buraxmaq istəsən, onda sən də belə et.

Key Xosrov (Kuruş) yenə hiyləyə əl atdı. Öz düşərgəsində kiçik bir dəstə saxlayıb, o yerdə tünd şərab və ləziz yeməklər qoydurdu. O, qoşunla Arazı keçdi.
   
Massagetlər [[Tomris]]in oğlu Sparkapisin başçılığı ilə Key Xosrovun kiçik dəstəsini məhv edib, şərab içməklə məşğul olarkən düşmən tərəfindən əsr götürüldülər. Tomiris Key Xosrova xəbər göndərdi ki, sən mənim oğluma döyüşlə yox, hiylə ilə qalib gəldin və qoşunumun üçdə birini məhv etdin. Yaxşısı budur ki, oğlumu geri qaytar və sağ-salamat çıx get. Əgər sözümə əməl etməsən, onda massagetlərin günəş allahına and olsun ki, səni mən qanla doyduraram.
      
Döyüşdə Key Xosrov öldürüldü, onun ordusu darmadağın edildi. Tomiris dediyinə əməl elədi, şərab tuluğunu qanla doldurtdu və Key Xosrovun nəsini tapdırıb, onun başını tuluğun içinə soxulmasını əmr etdi və dedi ki, istədiyin qədər iç. Tomiris ananın tarixi qəhrəmanlığına qürür hissilə şer qoşan Mikayıl Müşfiq yazır:
                             <poem> Tarix şəninizi etməkdə təqdis,
                              Ey İskit elinin anası Tomiris!
                             Ah, Key Xosrov sizə yandan baxdısa,
                             Qözəl oğlunuzu oda yaxdısa,
                             Onun da başını kəsib həmən siz,
                             Qanlı bir dərəyə diyirlətdiniz,
                             Dediniz: “Sağ ikən qandan doymadın,
                             İndi doyunça iç, sən ey müftəsir!”</poem>

Bu döyüşdə Tomirisin ordusunda alinlər (Dağlılar) xüsusilə fərqlənmişlər. Nizami Cəncəvidə də Key Xosrovun dağda dağda qeyb olması və onun Dərbənd yaxınlığındakı saxlanılan qızıl taxtı barədə yazıları vardır
     
Strobona görə massagetlər Günəşə sitayış rdir və ona at qurban verirdilər. Müxtəlif dillərdə danışan massagetlər 1-1V əsrlərdə Qafqaz Albaniyasında yaşamışlar. Baş Bərmək dağı ətəyində yaşayanlar onların tabeliyində olmuşlar. Bu dövlətin paytaxtı Çola şəhəri idi. Tarixçilər yazırlar ki, Sasani hökmdarı 1 Şapur (241-272) Albaniyanı Kon-Koxa (Qafqaz dağları) və Alban qapılarına qədər aldı. Bu ölkəni Parfiya arşakitlərinə mənsub yerli hakimlər idarə edirdilər. Arşaki hökmranlarının adlarından görünür ki, onlar türk mənsəli idilər.
     
226=ci ildə İranda hakimiyyətə gəlmiş Sasanilər Azərbaycana da sahib olmuşlar. Sasanilər ölkəsinin daxilində olan yerlər içərisində Balasakan da var idi. Balasakan Kürün Arazla qovuşduğu ərazini və Baş Bərmək dağının ətrafında olan düzənlik yerləri əhatə edirdi. Balasakan ölkəsinə Xızı-Bərmək mahalının düzənlik hissəsi də daxil idi. Qaynaqlarda göstərilir ki, vilayətin əsas əhalisi türk saklarından ibarət idi. 422-ci ildə sasanilərlə Bizans arasında müqavilə imzalandı. Bu müqaviləyə əsasən Alan qapılarını birgə müdafiə etməlidilər. Onlar türk tayfalarının və köçəri dağlıların qarşısını almalı idilər. Sasanilərə Dərbənd və Alan keçidlərini qorumaq üçün xeyli qızıl verirdilər. Sasani hökmdarları Azərbaycanın şimal hissəsini işğal edəndən sonra bu yerlərdə möhkəmlənməyə çalışırlar. Onlar Azərbaycanın şimalında kiçik feodal dövlətləri yaradıb, onları şahlıqlar adlındırırdılar. Özlərini isə Şahanşah adlandırırdılar. Sasani padşahları Abşerona, Dəvəçiyə, Qubaya parsları, Şamaxı yaxınlığına Lahicları, Xizanşahlığa isə Xuzistandan bərməkliləri köçürürlər. Bu bərməklilərin Xızır-Zində dağı ətrafına ikinci gəlişi idi. Sasani şahlarından 1 Qubad (488-531) Mərkəzi Xizı qalası olan Xizanşahlığı yaratmışdır.
      
Tarixçi Qiyasəddin Qeybullayev “Azərbaycanlıların etnik tarixinə dair” adlı əsərində göstərir ki, Sasani şahı 1 Qubad əvvəlcə Beşbarmaq, sonra Gil-gilçay sədlərini çəkmişdi. Həm də yerli hakimlərə şahlıq titulu verdi. Lahıcanşahlıq, Şirvanşahlıq, Xizanşahlıq (indiki Xızı rayonu), Xursanşahlıq (indiki Dəvəçi rayonu) belə yaranmışdı. Bu fikirlər qaynaqlarla eyni səslənir.
     
O, Baş Bərmək dağında Xiz adlı qala tikdirmişdir. Onun ətrafında Makedoniyalı İsgəndərin göstərişi ilə çəkilmiş səddi bərpa etmişdir. Hun-Bulqar birləşmələrinin və başqa köçərilərin qarşısını almaq üçün dənizdən dağa qədər Dərbənd, Alin (Gil-gilçay), Bərmək sədləri çəkməyə başladılar. Xizanşahlığın şimalında yaşayan Tükrlərin və Dağıstan köçərilərinin basqınından qorumaq məqsədilə Makedoniyalı İskəndərin tapşırığı ilə çəkilmiş Gil-gilçay səddini eramızın 1V əsrində bərpa etmişdir. Ərəb tarixçisi Məsudi göstərir ki, Xızır-Zində dağından dənizə qədər çəkilən səddə Bərmək divarları deyirdilər.
      
Əl-Bələzuri “Kitab fütüh əl buldən” adlı əsərində yazır ki, Qubad Şirvan vilayəti və Alan qapıları (Dərbənd) arasında bişməmiş gildən sədd çəkdirdi. O, Gil-gilçay səddini deyirdi. Gil-gilçay səddi 30 km uzunluğunda çiy kərpiçdən idi. Bu səddin bir hissəsi 10 km daşdan idi və 8 m qalınlığında idi. Bu sədd Çiraqqalaya bitişmişdir. Abasqulu ağa Bakıxanovun yazdığına görə, buna Alğon səddi deyilirdi. Həmin səddin hasarı, Gil-gil çayın sol kənarında, Babialan qalasının yeri isə həmin çayın sağ kənarında bir təpə üzərində indi də mövcuddur. Bu sədd dənizdən başlayıb adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı – ehtimala görə, əslən Alğonlı olmuşdur. Oradan da üzərində böyük bir şəhərin Xarabası olan Ata dağından keçərək, Qonaq kəndin üstündən Baba dağına doğru gedirdi.
     
Gil-gilçay səddi Xəzər dənizindən başlayaraq Baba dağın ətəklərində qurtarır. 1931-1932 və 1963-1964-çü illərdən Çiraqqalayadək olan hissəsi (təqribən 60 km) arxeoloq Abdullayev tərəfindən tədqiq olunmuşdur. Gil-gil çay hövzəsindən dağ döşünə doğru 5 km-lik məsafədə divar çiy kərpiçdən tikilmişdir. Kolanı kəndi yaxınlığında divarların hündürlüyü 5-7 m-ə, bəzi yerdə isə 7-11 m-ə çatır. Hər 30-35 m məsafədə bürc və qüllə ucaldılmışdır. Burada səddin eni aşağıda 3o m, yuxarıda isə 15 m-ə çatır. Çiy kərpiçlə tikilmiş 88-ci bürc Gil-gilçay səddinin 1-ci yarısının sonu hesab edilir. 74-88-ci bürclərin arasında çala olmuşdur. Gil-gil çayın sol sahilində səddin qalıqları nisbətən yaxşı saxlanılmışdır. Gil-gil çay səddinin 2-ci hissəsi Çiraqqalaya yaxın qurtarır. Səddin 3-cü hissəsi Şabran çayının sağ sahilində Çinarlar kəndinin şimal qərbində qurtarır. Həmin ərazidə “Qalayeri” adlanan qədim şəhər xarabalıqları vardır. Gil-gil çay səddinin 4-cü hissəsi “Qalayeri”ndən Afurca kəndinə tərəf istiqamətlənir. Ən böyük bürcün hündürlüyü 4,7 m., eni isə 7,2 m.-dir. Bürc və divarlar əsasən, yonulmamış daşlardan tikilmişdir. Bu istehkam haqqında ilk məlumat verənlərdən biri ərəb tarixçisi Əl-Bəlazuri (1X əsr) “Ölkənin fəthi kitabı”nda (“Kitab fütüh əl-buldən”) yazır ki, Firuzun oğlu Sasani şahı Qubad onlara (xəzərlərə) qarşı iyirmi min döyüşçü  göndərdi, sonra Qubad özü də onlara qoşuldu və Şirvanla Aran vilayətinin qapısı arasında çiy kərpiçdən sədd tikdirdi. Fransız monaxı -  səyyah Vilihelm Rübrik XШ əsrin ortalarında Dərbənddə,  oradan Şabrandan keçərək Gil-gilçay səddinə gəlib. O, yazır ki, uçulmuş sədd dağdan dənizə qədər idi. Dağlarla gedərkən bir gündən sonra həmin səddin özülünə rast gəldik. Bu sədd dağları bir-birinə birləşdirildi. İskəndər tərəfindən çəkilmiş sədd əhalini köçəri qəbilələrdən qoruyurdu.
      
Fars dilində yazılmış kitabda, dahi şair Nizami Gəncəvinin “İskəndərnamə” əsərində və Azərbaycanda olmuş Avropa səyyahlarının səlnamələrində Makedoniyalı İskəndərin Bakıda və Bərdədə olması və onun göstərişi ilə Dərbənd səddinin, Gil-gilçay səddinin bə Bərmək səddinin çəkilməsi barədə yazılmışdır. Bəzi tarixçilərin şübhəsinə heç bir yer qalmır. Həmin səddlər sonrakı illərdə Sasani hökmdarları tərəfindən bərpa edilib möhkəmləndirilmiş və genişləndirilmişdir.
      
1931-32-ci illərdə E.A.Paxomov axtarış aparıb və onun fikrinğə, Gil-gilçay səddi Sasanilər dövründə müdafiə məqsədi üçün tikilmişdir. 30 km uzunluğu öyrənilib. Məsudinin xatırladığı “Bərməkin dağ hasarı” həmin yerdir. Gil-gil çay səddin şimalından axırdı. Bu bəndin kərpicləri Bərmək bəndindəki kərpiclər kimidir. X.P.Abdullayev yazır ki, 1963-64-cü illərdə hasarın 60 km-ə qədər uzunluğunu öyrənmişəm. Hasar daşlı Çalağan, Məşrif, Uçaq, Nohurlar, Çomur və Çinarlar kəndinin kənarından keçir. Səddin dördüncü hissəsi Afurca kəndindən başlanır. Sahüb kəndinin şimalı qərbində qala yerini yerli əhali “Divlər qapısı” adlandırır.
     
Alban tarixçisi Movses Kalankatlı Bərmək səddini Sasani şahı 11 Yezdəgirdin (438-457) Xızır-Zində dağından Xəzər dənizinə qədər uzanan müdafiə səddi çəkdirdiyini söyləyir. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən tikilmiş sədd bir-birindən 200 m aralı kil divardan ibarət idi. Səddin hündürlüyü 3 m-ə qədər idi. Bu xəzərlərin və Dağıstandan gələn köçərilərin qarşısını almaq məqsədilə çəkilmişdir. Bənddə qala və karvansara olmuşdur. Xizanşahlıqda Çıraqqala da müdafiə məqsədilə tikilmişdir. Çiraqqala ən hündür nəhəng qaya üzərində tikilmişdir. Silindirvari bürclərlə möhkəmləndirilmiş qala divarları qapalı quruluş əmələ gətirir. Qalanın zirvəsində qala divarlarına bitişik baş bürc ucalır. Qalanın divarları və yarımdairəvi bürcləri (12-dək bürc) daşdan tikilmiş, yalnız baş bürcə kərpicdən üzlük çəkilmişdir. Vaxtilə şimal sərhədlərinin müdafiə tikililəri sisteminin əsas gözətçi məntəqələrindən biri olan Çıraqqalanın baş bürcündən geniş sahəni nəzarət altında saxlamaq mümkündür. Çiraqqalanın ətrafında orta əsrlərə aid müxtəlif keramika qalıqları tapılmışdır. Qalanın V əsrdə Sasanilər tərəfindən tikildiyi və XVШ əsrədək istifadə edildiyi ehtimal olunur. Düşmənin yaxınlaşdığını ətrafa xəbər vermək üçün qalanın baş bürcünün üstündə tonqal yandırırdılar.
     
“Çıraqqala” adı da bununla əlaqədar yaranmışdır. Belə bir fikir də var ki, Qalada Siyəzən neftindən istifadə edib, axşamlar saxsı çiraq yandırıldığından oranın adına Çiraqqala demişlər. Akademik P.Q.Butkov yazır ki, General-mayor S.A.Quçkovun adyutantı olarkən 1796-ci ildə Çiraqqalada olmuşdur. O, deyir ki, qala dağın yüksəkliyində yonulmamış daşlardan tikilmişdir. Divarlar 9 m hündürlüyündə idi. İki qüllə hərəsi 32 metr hündürlüyündə yonulmamış daşdan, bir-birinə sıx yapışdırılmış kərpicdən idi. Möhkəmləndirilmiş dağ hissəsindən su gətirib 32 metr uzunluğunda olan şarhovuza tökülürdü. Qüllələr hərəsi bir-birindən 64 metr aralıdır. Bir qalaya üç mərtəbəli bina söykənmişdir. Bu binanı Şeyx Əlixan tikdirib və bir vaxtlar ləzgi və digər köçərilərin basqınından qorunmuşdur. Çıraqqalada xəbərdarlıq məqsədilə yandırılan ocaq Xis qalasında da qörünürdü.

Xis qalasında yandırılan tonqal Çıraqqala və Dizəxvar qalalarında da görünürdü. Bu da bütün Xızı-Bərmək mahalı üçün xəbərdarlıq idi. 1600 yaşlı Çıraqqala Çin səddindən uzun idi.
     
Azərbaycanın Xızı-Bərmək mahalında əhalinin kahin, döyüşçü, mirzə və vergi verən təbəqələri var idi. Son təbəqə can və torpaq vergisi verirdi. Mahalda sənətkarlar, kəndlilər və tacirlər də vergi verən təbəqəyə aid idilər.
      
Bizansla Sasanilər arasında mübarizə gedirdi. 626-ci ildə Bizans hökmdarı İraklinin (610-641-ci illər) təkidilə Türk xaqanlığının hökmdarının suvari dəstəsi Çola şəhərini və Xızı-Bərmək mahalının torpaqlarından keçib İberlərin torpağına daxil olub və oradan Bizansa getmişlər.
 
Xəlifə Ömər ibn əl-Xəttab (634-644) İslam dinini Azərbaycanın Xəzər sahili yerlərində yaymağa təşəbbüs göstərmişdir. Xəlifə Ömər 642-43-cü ildə Dərbəndi işğal etmək üçün Suraku ibn Əmiri göndərdi. Ərəblər bu yerlərdə möhkəmlənə bilmədilər, onlara qarşı çıxışlar olurdu.
     
V11 əsrdə ərəblər Azərbaycana gəldikləri zamanda Xizanşahlıq mövcud idi. Ərəblər Dəstəbə yaxınlığındakı Vəcrud adlı yerdə Azərbaycan ordusuna qalib gəldilər. Azərbaycanlı döyüşçülərinin başında Azərbaycan Mərzibanı İsfəndiyar ibn Fərruxzad dururdu. Reydən qayıtdıqdan sonra o, seyrəlmiş qoşununu Azərbaycanın Bacarvan, Miməz, Bəzz, Sərab, Şiz, Məyənic (Miyanə) və başqa şəhərlərindən topladığı əsgərlərlə artdırdı. 643-cü ildə ərəblər Ərdəbil yaxınlığında İsfəndiyarın qoşununu məğlub etdilər. Ərəblərlə Azərbaycanlılar arasında sülh bağlandı. Bu döyüşdən sonra Xızı-Bərmək dağlıları öz şəhərləri Bacarvana qayıdıb, onlardan bir neçəsi Xizanşah ordusunda xidmət etdilər. 1X əsrin tarixçisi Bələzuri “Kitab fütüh əl-buldan” adlı əsərinin “Azərbaycan fəthi” adlı fəslində yazır ki, Xəlifə Osmanın (644-656) əmri ilə Salman ibn Rəbiyə 12 minlik dəstənin başında  Arana gəlib, Kürü keçərək Qəbələ, Şəki, habelə “Əhli Xizan”, Şirvan, Məsqət, Şabran, Bab əhalisi ilə müqavilə bağlayıb, onları vergi verməyə məcbur etdi. Bələzuri “əhli Xizanı “ yəni Xızı əhalisini dağlılar da adlandırmışdır. Salman ibn Rəbiyə Şirvandan Xəzər xaqanlığının üzərinə gedir. Dərvaq çayı kənarında döyüşdə məğlub olub öldürülür. Xəlifə Osman Azərbaycan və arana Xuzeyf ibn əl-Yəməni başçı təyin etdi. Xuzeyf Bərdəyə və oradan da Xizan şahlığa gəlir. Xuzeyf Xizanşahlıqdan vergi toplayıb və geri dönür.
     
Xəlifə Osman öldürüləndən sonra (656-ci ildə) Xilafətə Əli ibn Əbu Talib (656-661) hakimiyyətə gəldi. Xəlifə Əli ibn Əbu Talib Qafqaza Miğurə ibn Şeyba, Əl-Əşas ibn Qeys kimi qörkəmli sərkərdələri başçı təyin etdi.
      
Tarixçi Əl-Bəlazuri yazırdı: “Əl-Əşas bura yetişdikdə gördü ki, yerli əhalinin çoxu islamı qəbul etmiş və Quran oxuyur. Bu fikir onu göstərir ki, ərəblər islamı Bərməkə yayarkən Qurani Kərimin təbliğinə əsaslanmışlar. Xızı-Bərmək dağlıları ilk dövrdə islam dinini dinc yolla qəbul etmişlər. Ərəblər Azərbaycana Ərəbistandan ailələr gətirib yerləşdirirdilər. Xızı-Bərmək mahalında ərəb ailələri kənd şəklində məskunlaşdılar. Ərəb ailələri torpaqla təmin edilir və onları ortaq həyat keçirməklə ərəbləşdirmə siyasəti yeridilirdi. 651-ci ildə Sasani şahənşahı Ш Yerdəgirdin öldürülməsindən sonra Sasani imperiyası dağıdıldı. Cahangir Zeynaloğlu “Müxtəsər Azərbaycan tarixi” əsərində yazıb ki, əməvilər zamanında Azərbaycan ilə Gürcüstan bir vilayət kimi hicri tarixi 158-ci ildə vali Məhi ibn Bərmək tərəfindən idarə edilirdi.
     
Xəlifə Yezid (680-683) İbn Abdal-Malik al Cərrahı Azərbaycana hakim təyin edib, onu böyük qoşunla bu ölkəyə göndərdi. 721-ci ildə Əl-Cərrah Dağıstanı tutub, Xizan əhalisindən vergi toplayıb, yenidən xəzərlərə qarşı yürüş etdi. Ərəb tarixçisi Bələzuri yazır ki, 725-ci ildə ərəb sərkərdəsi Məsləmə İbn abdul-Məlik böyük qoşunla Xiz qalasının üzərinə gəldi. O, qalanı hucumla ala bilməyib, onu mühasirə etdi. Məsləmənin qoşunu aclıq çəkirdi. O, hiyləyə əl atdı. Söz verdi ki, azuqə alıb geri qayıdacaq və bir əsgərə də toxunmayacaq. Bu vaxt Xizanşahlığın 1000 nəfərlik igid döyüşçüsü var idi. Xizan dağlıları ərəb sərkərdəsinə inanıb, onlara azuqə apardılar. Ərəb sərkərdəsi Məsləmə xəyanətə əl atıb, qaladan silahsız çölə çıxmış ordudan 999 nəfər Xizan əsgərini öldürtdü. Yalnız birinə toxunmamışdı. Beləliklə hiyləgər Məsləmə ibn Əbdül Məlik Xiz qalasına soxulub, qalanı uçurmuşdur. O, Xızı-Bərmək dağlıları ilə bir daha bir-birinə toxunmamaq haqqında barışıq müqaviləsi bağladı.
    
774-ci ildə Xəlifə Ш Yezid ibn Al-Valid Mərvan ibn Məhəmmədi Azərbaycan və Arana hakim təyin etdi. Ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd Xizanşahlığın Xirs qalasına (Çıraqqalaya) hucum edib oranı tutdu və əhalidən xərac aldı. Sonralar Mərvan ibn Məhəmməd Xəlifə olmuşdur (774-750-ci illərdə). Ərəb tarixçisi Əhməd Yaqubi “Tarix” əsərində yazır ki, ərəb sərkərdəsi Yezid ibn Usayd xəzərlərlə müharibədə məğlub olub geri çəkildiyi zaman Xirs qalasına gəlmişdi.
     
Xəzərlərlə ərəblər arasında Azərbaycan uğrundakı uzun illər gedən müharibədə xəzərlər məğlub olaraq Azərbaycandakı mövqelərini itirdilər. Xəzərlərin bir qismi islamı qəbul etdi. Ərəblər Azərbaycanın istilasını başa çatdırdılar. Onlar quzeydə Dərbəndi, güneydə Həmədanı sərhəd şəhərləri müəyyənləşdirərək Azərbaycan sərhədlərini dəqiqləşdirdilər. Abbasilər sülaləsi İranlıların köməyi ilə hakimiyyətə gəlib (750-1258), beş əsr hökmranlıq etmişdir. Anri Massenin “İslam” əsərində deyildiyinə görə, bu sülaləyə bir tərəfdən ərəblər, digər tərəfdən isə Abbasiləri hakimiyyət başına gətirən iranlılar arasında müvazinət saxlamaq lazım idi. Bu müvazinəti əldə etmək çətin idi, lakin bu çətinliyə baxmayaraq, Xəlifə Mənsurun (754-775) dühası və bərməklilər adlanan nazirlər sayəsində əməvilərlə iranlıların arasında yarım əsr müvazinət saxlanıldı.
     
Xəlifə Əl-Mənsur sərkərdə Yezidi Şirvana göndərdi. Yezid 773-cü ildə xəzərlərlə döyüşdə məğlub olub, geri qayıdarkən Çıraqqalada dincəlir və oradan İraka dönür.
     
Bərməklilər nəsli Ərəb xilafətində böyük nüfuza sahib olmuş və uzun illər rəhbər rütbələr daşımışlar. Ziya Bunyadov yazır ki, 789-cu ildə Aran şahlığın hakimi Suleyman ibn Bərmək paytaxtı Şamaxıdan Bərdəyə köçürtdü. O, əhalidən ağır vergi topladı. Xızı-Bərmək dağlılarından isə az vergi almışdı. Bərməklilər nəslinin görkəmli nümayəndələri Abbasilərdən Xəlifə as-Saffah (750-754), al-Mənsur (754-775) və Abbasilərin 5-ci xəlifəsi Harun-ər Rəşidin (786-809) baş vəzirləri olmuşlar. Ərəb xəlifələri bərməklilərə əsaslanıb, onlardan dövlət xadimi kimi istifadə edib, onların köməyi ilə ölkəni idarə etmişlər. Xalid Bərməki (706-782) ağıllı məsləhətləri və hərbi bacarığı ilə fərqlənmişdir. Akademik V.V.Bartold yazır ki, Xalid Bərməki Xəlifə Abul-L-Abbasın qızını almışdı. Xəlifə ona inanırdı. Xalid Bərməki əvvəl farsın və sonra Tabiristanın hakimi olur. O, 750-ci ildə Xəlifənin katibi və yaxın məsləhətçisi olmuşdur. Bununla da abbasilər ilə bərməklilər qohum olmuşdur. Xəlifə Mənsur məşhur bərməklilər ailəsinin birinci nümayəndəsi Xalidi katiblikdən baş vəzir vəzifəsinə irəli çəkib, əksər dövlət işlərini ona havalə etdi. Xalid Bərməkinin oğlu Yəhyə Bərməki (738-805) Xəlifə Mənsurun vaxtında Azərbaycana vali  təyin olunmuş, Xəlifə Harun-ər Rəşidin vaxtında isə vəzirliyə təyin olunmuşdur.
    
Yəhyə Bərməki oğlu Fadlla birlikdə ölkəni idarə edirdilər. Yəhyə Bərməki xeyli tikinti işləri aparıb abadlıqla məşğul olmuşdur. Xəlifə Harun-ər Rəşid Yəhyə Bərməkiyə böyük hörmət edirdi. Hətta onu “ata” deyə çağırırdı.
    
Anri Masse yazır ki Xalidin oğlu Yəhya və ona verilmiş qeyri-məhdud hakimiyyətə dayanaraq, on yeddi il ərzində imperiyanı felən idarə etmişdi.
    
Fadla Bərmək ibn Yəhyə vəzir və sonra Azərbaycana vali təyin olunur. Əl-fədil böyük qoşunla Bərdəni alır. O, oradan Bab əl-Advab (Dərbənd) şəhərinə hücüm edir. Xamzik qalasını ala bilməyib yenidən Bərdəyə qayıdır, 797-ci ildə Cibəlin Təbəristanın, Azərbaycan və Ərməniyyənin canışını əl-Fadl ibn Yəhyə al-Bərməkin Xəzər xaqanının qızı olan arvadının Bərdədə zəhərlənib ölməsindən xəzərlər şübhələnib Arana hucum ediblər. Xəzərlər ölkəni darmadağın etdilər. Bununla xəzərlər ərəblər üzərində son ciddi qələbəyə nail ola bilirlər. Belə qanlı döyüşlər yerli əhali üçün dəhşət idi.
     
Cəfər Bərməki (763-29 yanvar 803) 787-ci ildə Xəlifə Harun-ər Rəşidin baş vəziri olur. O uzun müddət dövləti müstəqil idarə etmişdir. Cəfər Bərməkinin zamanında Xilafətdə elm və ədəbiyyat xadimlərinə böyük imtiyazlar verilmişdir. Ənənəyə görə Bərməkilər Ərəb Xilafətində vəzir rütbələrini tuturdular. Harunər Rəşidin baş vəziri Cəfər Bərməki Xəlifənin birinci köməkçisi olub, onun əmrlərinə möhür vururdu. İran feodalları Bərməkilər vasitəsilə Xəlifədən istifadə edirdilər. Beləliklə Bərməkilərin nüfuzu və varı artırdı.
    
Cəfər Bərməki geniş nüfuza malik olduğundan 101 misqal çəkidə qızıl dinar kəsdirir. Tarixçi M.A.Seyfəddini M.A.İmam Şuştəriə əsaslanaraq yazır ki, Harun-ər Rəşid Cəfər Bərməkinin əmlakını müşadirə edərkən 4 min ədəd xatırladığımız puldan götürmüşdür. Cəfər Bərməkinin nüfuzundan ehtiyat edən Xəlifə Harun-ər Rəşid hakimiyyəti öz əlində cəmləşdirmək məqsədilə uzun müddət yollar axtarırdı. Deyilənlərə görə Harun-ər Rəşid Cəfər Bərməki ilə birlikdə dövrünün məşhur bağbanı Hür Bərməkinin bağına gedirlər. Xəlifə payızın axır vaxtı olduğundan ağacın birində qırmızı alma görür. O, vəziri Cəfər Bərməkiyə deyir ki, çiyninə çıxıb almanı dərsin. Cəfər Bərməki Xəlifənin dediyini yerinə yetirir
     
Xəlifə Harun-ər Rəşid bağbana deyir ki, ondan hədiyyə istəsin. Bağban Hür Bərməki Xəlifəyə deyir ki, ona bir kağız versin ki, Hür Bərməki deyil. O, Xəlifədən belə bir kağız alır. Bu hərəkət Cəfərin xoşuna gəlmir.
     
Xəlifə Harun-ər Rəşidin bacısı Abasi savadlı və məlumatlı qadın idi. O, məclislərdə oturur və Cəfər Bərməki ilə söhbət edirdi. Xəlifə Cəfər ilə Abasinin siğə kəbin kəsməsinə icazə verir. Lakin onlar bu siğə kəbin üsulunu pozub birgə yaşayırlar. Cəfər Bərməkinin Abasidən iki oğlu olur. Bu Xəlifə Harun-ər Rəşidi təşvişə salır. Bu məsələni əsas tutan Xəlifə Harun-ər Rəşid 29-yanvar 803-cü ildə Cəfər Bərməkini və onun iki kiçik yaşlı oğlanlarını edam etdirir. Cəfərin köməyinə qalxan yerliləri Bərməkilər nəslini Xəlifə Harun-ər Rəşid kütləvi qırdırır. Hürü həbs edərkən o, deyir ki, Bərməki nəslindən deyildir. Hətta Xəlifədən aldığı kağızı göstərir. Bu əhvalatı Xəlifəyə nəql edirlər. Xəlifə Harun-ər Rəşid həmin bağbanı çağırıb o vaxt niyə bu arayışı aldığını soruşur. Bağban Hür Bərməki deyir ki, bağd elə ki vəzirin Xəlifənin çiyninə çıxdığını gördüm, bildim ki, dəhşətli hadisə başlayacaqdır. Xəlifə Hürü öldürməyib buraxdı.
    
Hür Bərməki Xızı-Bərmək mahalına gəlir və onun nəsli bu yerlərdə bağçılıqla məşğul olur.
     
Yəhyə Bərməki və Fadla Bərməkini həbs etdilər. Onlar həbsxanada öldülər. Tarixdə Bərməkilər nəsli savadlı, ağıllı və səxavətli hökmdarlar kimi tanınırlar.
     
Bərməkilər nəslindən sağ qalanlar canını götürüb, Bağdaddan Xızı-Bərmək mahalına gəlib orada məskunlaşmışlar. Bu da İran kübar feodalları arasında narazılığa səbəb olur. Bu hadisədən sonra Xəlifə Harun-ər Rəşidin vəziyyəti ağırlaşdı. Xəlifə Harun-ər Rəşid fars qızından olan böyük oğlu Məmunu Şərq villayətləri üzrə canışın təyin etdi. Bu da fars feodallarını sakitləşdirdi. Fars feodalları Məmun vasitəsilə nüfuzlarının artmasına ümüd edirdilər.Bərməklilərin rühaniləri, feodalları, tarixçiləri, sənətkarları, alimləri və bir sözlə sağ qalmış baş bilənləri Xızı-Bərmək mahalına gəlir və Şirvanda dağlıların hörməti daha da artdı. Xızı-Bərmək mahalı Baş Bərmək adlandırıldı. Bu isə bərməklilər nəslinin Xızı-Bərmək mahalına üçüncü dəfə daimi gəlmələri idi.
     
Türk tarixçiləri yazır ki. Harun-ər Rəşid dövründə (786-809), hökümət işlərinin başında Bərməklilər (Bərmək oğulları) bulunmuşlar. Bu vəzir ailəsi dövlət içində böyük bir qüdrət və nüfuza sahib olub, təhlükə olmağa başladıqda ortadan qaldırıldılar. Harun-ər Rəşidin ordusunun bir hissəsini türklər təşkil edirdi. O, türklərdən dövlət işlərində istifadə edirdi. Türklər əsgəri xidmət və dövlət işlərində böyük rol oynayırdılar.
    
Professor E.A.Paxomovun yazdığına görə, ərəb feodallarına (məzyədilərə) qarşı İran feodallarının (kəsranilərin) apardığı mübarizədə fars dilli əhali İran feodallarına kömək etmişlər.
    
Akademik Ziya Bunyadov yazıb ki, Azərbaycandan  yığılan vergilər əvvəlcə Sacilər və sonra Müsafirlər xəzinəsinə daxil olurdu.
     
Xizanşah hökmdarı Abdul Qasim əl-Xizaninin ölkədən yığdığı vergilərin miqdarı 400 min dirhəmdən çox idi.
     
917-ci ildə Məzyədilər nəslindən olan Şirvanşah Əli ibn Heysəm Xursanşahlığı və Xizanşahlığını öz torpaqlarına qatdı. Şirvanşahlığa tabe olan Xizanşahlıq X əsrin 80-cı illərinə kimi müstəqil nahiyə idi.
    
Xizanşahlığı dörd əsrdən çox Azərbaycan tarixində mühüm rol oynamışdır. Xizanşahlıq coğrafi vəziyyəti təbii zənginliyi və siyasi qüdrətinə görə farsların, ərəblərin, xəzərlərin və Qafqaz köçərilərinin nəzər-diqqətini özünə cəlb etmişdi. Xizanşahlığın sərhədləri ayrı-ayrı dövrlərdə mövcud tarixi hadisələrlə ədaqədar olaraq dəyişmişdir. Bəzi dövrlərdə Bakı və onun Maştağa, Buzovna, Balaxanı, Suraxanı, Qala, Nardaran, Mərdəkan, Zıx, Zirə kimi qədim kəndləri də Xizanşahlığın himayəsində olmuşdur.
    
Biz Alğon (Gil-gil çay) səddinin Xizanşahlığın şimal sərhəddi olduğunu bildiyimizdən belə bir fikrə gələ bilərik ki, indiki Qonaqkənd rayonunun ərazisi də həmin dövlətin tabeliyində olmuçdur.
    
Ш-V əsrlərdə Azərbaycan Sasani imperiyasının bir hissəsinə çevrildi. Bu dövrdə Azərbaycanda feodal münasibətləri meydana gəldi. Feodallar və kəndlilər yarandı. Xızı-Bərmək mahalında din xadimləri və seyidlər feodallar təbəqəsinə aid idi. 1 Xosrov Ənuşiravan vergi və mükəlləfiyətləri təyin etdi. O, əhalini siyahıya aldırdı. Sasanilərin yaratdığı kiçik şahlığ dövlətlərindən biri olan Xizanşahlıq da onların vassallarından biri idi. V əsrdən başlayaraq Xizanşahlıqda feodalizmin xüsusiyyətləri yaranmışdır. Xizanşahlıqda da əhali dörd sosial təbəqəyə - kahin, döyüşçü, mirzə və vergi verən təbəqəyə (kəndlilər, sənətkarlar və tacirlər) mənsub idilər.
     
Xizanşahlıqda əsasən feodallar (öz təsərrüfatı olan feodallar azlıq təşkil edirdilər), feodallardan asılı kəndlilər, rühanilər, sənətkarlar təbəqəsi mövcud idi. Əhalinin əksəriyyətini öz torpaqları olan azad icmaçı kəndlilər təşkil edirdi. Ölkəyə şah və ruhanilər başçılıq edirdilər. Dövlət hakimləri öz əyanlarına və döyüşçülərinə torpaq sahələri bağışlayırdılar. Hər şah öz feodal ölkəsinin sahibi idi. Şah eyni zamanda ordunun baş komandanı idi. Vergilər əsasən natural səciyyədə idi. Şah sarayı vergilər hesabına yaşayırdı. Xızı-Bərmək mahalında 20-50 yaşlı kişilər vergiyə cəlb edilmişdilər. Kəndlilər, sənətkarlar və tacirlər əsasən can və torpaq vergiləri verirdilər. Kəndlilər mükəlləfiyyətlərə də cəlb olunurdular. Xiz, Xirs (Çıraqqala), Dizaxvar qalalarında əhali arasından bacarıqlı sənətkarlar yetişmişdi. Bunlar kürkçülər, papağçılar, çarıqçılar, duluzçular, dəmirçilər, dəlləklər və s. sənətkarlar idilər.
    
Bütün kəndlərdə və qalalarda qadınlar xalça, palaz, xurcun, heybə, köynək, corab, əlcək və başqa geyim paltarları toxuyurdular.                                                                                                                                                                                                                         
Azərbaycanda xalçaçılıq sənətinin çox dərin kökləri vardır. Qoyunçuluğun inkişafı ilə əlaqədar olaraq yunun olması və təbii boyaların varlığı xalçaçılığın inkişafı üçün yaxşı şərait yaradırdı. Xızı-Bərmək ərazisində yaşayan  bərməklilər və türk dilli dağlılar hələ qədimdən xalçaçılığın yaranmasında mühüm rol oynamış Azəraycan xalça sənətinin təşkilinə və inkişafına ciddi təsir göstərmişlər.
     
Azərbaycan tarixçiləri göstərirlər ki, Ш-1V əsrlərdə ölkədə xalça və xalça məmulatı hazırlanırdı. V-V1 əsrlərdə, Sasanilər dövründə Azərbaycan xalçaçıları əmtəə istehsalı dairəsinə daxil oldu. Ərəb Xilafəti dövründə Azərbaycanda xalça istehsalı daha da artdı.
      
Tarixçilərin verdikləri məlumatlardan görünür ki, Azərbaycan əhalisinin ərəb Xilafətinə verdikləri verginin bir qismi gözəl xalçalardan ibarət idi. Xilafətin Azərbaycanda ağalığı döbründə tiçarət inkişaf etdi. Azərbaycanın islam ölkələri ilə iqtisadi əlaqələri xeyli gücləndi, şəhərlər daha da inkişaf etdi. Maarif, elm və mədəniyyət tərəqqiyə çatdı, vergilərin artırılması əhalinin narazılığına səbəb oldu.
      
Xızı-Bərmək mahalının  Şərvan şəhəri bu dövrdə sənətkarlıq mərkəzlərindən biri idi. Şərvan böyük karvan yolu kənarında idi. Tarixçilər Şamaxı-Şərvan, Əl-Abxaz şəhərləri ilə Dərbəndə karvan yolunun olmasından və Şərvanla Dərbənd arasında yüz fərsəx məsafə olmasından yazırlar. Qazıntılar zamanı Xızı-Bərmək ustalarının dəmirdən və tuncdan hazırladığı əmək alətləri və silahlar tapılmışdır. Qazıntılar zamanı bəzək əşyaları da aşkar edilmişdir. Bunlarla yanaşı, saxsı qabların tapılması sübüt edir ki, burada duluzçuluq sənəti də xeyli inkişaf etmişdir.
    
Tarixi mənbələrdə deyilir ki, Sasanilər dövründə musiqi, rəqs və şer tərəqqi etmişdir. Xizanşahlıq ərazisi Dərbənd, Şabran, Bakı, Şamaxı şəhərləri arasında ticarət yolunda idi. Dağ tərəfdən Altı-Ağac yolu, dəniz kənarından Giləzi düzü ilə əlaqə saxlanılırdı. Ağac yolu, dəniz kənarından Giləzi düzü ilə əlaqə saxlanılırdı. Şahlığın mərkəzi olan Xiz Qalasında şah nəsli, ruhanilər, tacirlər, sənətkarlar təbəqəsi yaşayırdı. Xiz qalası ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi.
    
Ərəb Xilafəti vaxtında ticarət bir qədər genişlənir. Xəlifə Abu əl-Məlik pul islahatı keçirdi, qızıl dinar və gümüş dirhəm kəsdirdi.
     
Xilafət dövründə kəşilmiş pullar Sasani pullarını meydandan sıxışdırırdı.
     
Ərəb Xilafəti dövründə “azad mərd”, “suvar”, “hərbi adam” kimi adlara rast gəlirik. Bunlar xırda zədəganlar idilər ki, feodallardan və hakimdən asılı idilər.
     
Azərbaycanın hər yerində olduğu kimi, Xızı-Bərmək mahalında torpaq sahibliyinin üç forması var idi:
#Feodalların ixtiyarında olan mülk.
#Feodalların xidmətə görə müvəqqəti istifadəsinə verilmiş torpaqlar-iqta (kəsik)
#Müsəlman ruhanilərinə verilmiş torpaqlar – vəqf.

Torpaq vergisi xərac məhsulla ödənilirdi. İslam dinini qəbul etməyən əhalidən can vergisi – cizyə almırdı.
Xiz, Xirs (Çıraqqala) və Dizaxvarda saxlanılan ordunun başlıca vəzifəsi xəzərlərin hucumunun qarşısını almaq idi.
Əkinçilik və maldarlıq Xızı-Bərmək dağlılarının ən qədim məşğuliyyəti olmuşdur. İqlim şəraitinin əlverişli olması əkinçiliyi və maldarlığı əhalinin əsas məşğuliyyəti və dolanacaq mənbəyinə çevirmişdi. Əkinçilikdə dəmyə üsulu əsas rol oynayırdı; xışdan, biçində oraqdan geniş istifadə edilirdi. Döyüm işlərində əsasən xırmandan istifadə edilirdi. Xırman döyümündə vəli ata və öküzə qoşub dəni sünbüldən çıxarırdılar. Taxılı quyulrda və saxsı güplərdə saxlayırdılar. Buğda, arpa, noxud, lərgə, çəltik və başqa dənli bitkilər yetişdirilirdi.
Xizanşahlıq ərazisi özünün yaşıl otlaq sahələri ilə məşhur idi. Buna görə də bu yerlərdə maldarlığın bir sıra sahələri yaxşı inkişaf etmişdi. Əhali camış, inək, dəvə, at, qoyun, keçi saxlayirdı. Bununla əhali ət, yağ, pendir, süd məmulatı, yun, dəri, gön ilə təmin olunurdu. Kəndlilər təsərrüfat və nəqliyyatda dəvə, öküz və atdan istifadə edirdilər. Xızı-Bərmək mahalında Bacarvan və Şavran şəhərlərinin, Xiz, Xirs və Dizəxvar qalalarının olması, bir sıra kəndlərin mövcudluğu sübüt edir ki, əhalinin əsas hissəsi oturaq həyat tərzi keçirmişlər. Mal-qara yay fəslində yaylaqlara qaldırılır, qışda isə qıslaqlara endirilirdi.

Dəvə yunundan və qoyun yunundan xalça, palaz, xurcun, heybə, yəhər üstü, köynək, corab, əlcək, qadınlar üçün baş örtükləri toxuyurdular. Bunların iplərini təbii boyalarla rəngləyirdilər. Ticarət natural xarakterdə idi. Burada əsasən mübadilə mühüm rol oynayırdı. Xızı-Bərmək mahalında arıçılıq da inkişaf etmişdi. Saraku dağının qərb hissəsində Ballıqaya deyilən yerdə arılar yuva salmışlar.

Əhali Xəzər dənizindən və çaylardan balıq tuturdu. Balıq ovu peşəyə çevrilmişdi. Balığı qurudub qışda geniş istifadə edir və dağ kəndlərinə aparıb müxtəlif məhsullara deyişdirirdilər. Balığın tutulmasında tordan və qırmaqdan istifadə edilirdi.

Tarixçilər və səyyahlar yazırlar ki, Xızı-Bərmək dağlıları çox qonaqpərvərdilər. Kahinlər nəslindən olan bərməklilər İran və Azərbaycan aristokratiyası hesab olunurdular. Onlar əvvəlcə mixi, sonra isə İran və Ərəb yazısından istifadə edirdilər. Ərəb əlifbası digər əlifbaları sıradan çıxarırdı. Mədrəsə və məscidlərdə tədris ərəb dilində aparılırdı. Ərəb dili saray dilinə və elmi dilə çevrilmişdi.

Ərəb Xilafətində ərəblərin və onların zəbt etdikləri ölkələrin xalqlarının qarşılıqlı mədəni təsiri prosesində yaranmış orta əsr mədəniyyəti elm aləmində “Müsəlman mədəniyyəti” kimi tanınmışdır. İslamı qəbul etmiş, sonralar isə dövlət müstəqilliyinə nail olmuş Azərbaycan xalqı müsəlman mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Dini və fəlsəfi ideyalar, memarlıq nümunələri, elmin ilk nailiyyətləri Xilafət ölklərində, o cümlədən Azərbaycanda yayılırdı. 750-ci ildə abbasilərin hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq müsəlman mədəniyyətinin mərkəzi Bağdad şəhəri olmuşdu. Bağdad böyük kitabxanaları və məktəbləri olan elm mərkəzinə çevrilmişdi. Bu sahədə abbasilərin 50 il müddətdən çox vəzirləri olan bərməklilərin elm və mədəniyyətin inkişafında xidməti böyük olmuşdur. Vəzir Yəhyə Bərməkinin vaxtında, onun səyi nəticəsində Bağdadda çoxlu tikinti işləri görülmüşdü. Bu, memarlıq abidələri kimi şəhərə gözəllik verirdi.

Xəlifə Harunər Rəşidin baş vəziri Cəfər Bərməkinin dövründə onun xüsusi səyi ilə bir çox alimlər, memarlar, ustalar, böyük sənətkarlar Bağdad şəhərində cəmləşmişdi. Cəfər Bərməki alimlərə, sənətkarlara və şairlərə hörmətlə yanaşırdı. Biz deyə bilərik ki, müsəlman mədəniyyətinin çiçəklənməsində bərməklilər nəslinin mühüm payı vardır.
Xızı-Bərmək dağlıları nağıl, mahnı və zərb misalları ana dilində deyirdilər. Quraqlıq vaxtı 8-10 yaşlarında 30 oğlan və 30 qız cərgəyə düzülüb, başları üzərində mis piyalalar tutub, onu taxta qaşıqla vuraraq kəndin ətrafında gəzdirir, Allaha yalvarış olaraq dağlı dilində belə oxuyurdular;
                                     <poem>Si-Si Bərməki,
                                     Si dü təbəq dərün yeki.
                                     A Xuda, Xuda variş varı,
                                     Körə zəmi o buxarı.</poem>Bu dövrdə türk dillilər türklüyündə, dağlı dili də özlüyündə qalırdı. Onlarda öz dillərini dəyişməyə ehtiyac duyulmamışdır. Vaxtilə Azərbaycanda məskən salmış dağlı dilli etnoslar indiyədək öz dillərini saxlamışlar. Vaxtilə yuxarıda deyilən sözləri Azərbaycan dilində də təkrar edirdilər;
                           <poem> Otuz, otuz Bərməkli,
                            Otuz  iki tabaq bir-birinin içində.
                            Allah-Allah, yağış yağsın,
                            Yaşıl əkinlər su içsinlər.</poem>

Bu onu göstərir ki, Xizanşahlıq vaxtında ölkədə  iki dil işlənilirdi. Bu iki dəstənin gəlib bir-biri ilə görüşməsi ilə mərasim başa çatırdı.

Azərbaycanda bir çox etnik qruplar yaşamış və yaşayırlar. Xuzi dilli bərməklilərlə yanaşı türk dilli dağlılar da Xızı-Bərmək mahalının qədim sakinləridirlər. Bərməklilərin dilinə sonralar dağlı dili də demişlər. İndi də bu söz işlənilir. Baxmayaraq, dağlılar türk dillidirlər, Xuzi dili isə İran dilləri qrupuna daxildir.
Babalarımız keçini bolluq rəmzi, canavarı isə yoxsulluq və bədbəxtlik rəmzi hesab edirdilər. Ona görə də keçi və canavar haqqında nağıllar vardır. Həmin nağılların birini sevimli şairimiz Mikayıl Müşfiq nəzmə alıb, orijinal poema yaratmışdır. Canavar keçinin balalarını yediyindən, keçi onu dalaşmağa çağırır. Böyük şairimiz Mikayıl Müşfiq bu səhnəni belə təsvir edir;

<poem>Canavar dedi: - Kimdir dəng edən başımı?
                          Kimdir tozlayan aşımı.
                          Keçi dedi: - Coşan mənəm,
                          Dam üstündə qoşan mənəm.
                          Buynuzlarım qoşa-qoşa,
                          Hünərin var çıx savaşa.</poem>

Kişilərdən ibarət meydan aktyorları var idi ki, onlar canavar və keçi cildinə girib, meydanlarda tamaşa verirdilər.
Türk dilli etnik qruplar Azərbaycanda çoxluq təşkil edir. Buna görə də onların dili ümumi xalq dilinə çevrilmişdir.
Bu dövrdə Bahar bayramı olan Novruz geniş yayılmışdır. Novruz, “nov” təzə, “Ruz” gün, yəni təzəgün deməkdir. Novruz günündən əvvəl dörd həftə od qalayıb üstündən atılırdılar. Qulaq falına cıxırdılar və eşitdikləri ilk sözü niyyətləri üçün əsas qəbul edirdilər. Əhali küçələrdə iməcilik şəklində təmizlik aparırdı. Novruz qabağı ev-eşik təmizlənir, xalça-palaz yuyulurdu, evdə böyük təmizlik işi görülürdü. Ailə üzvlərinə təzə paltar alınırdı. Bayram günü küsənlər barışır, qohumlar və qonşular bir-birinə pay verirlər, nişanlı qızlar üçün xonça aparılır. Novruz bayramı əmin-amanlığa, qohumluğa və ailənin möhkəmlənməsinə kömək edirdi. Novruz xalq bayramı idi. Gənclər idman yarışları keçirirdilər. Cıdırda qələbə şalanlar alqışlanırdı. Qoşa balaban sədaları altında güləşdə qələbə çalanlara mükafatlar verirdilər. Uşaqlar isə şadyanalıq edib halay-halay oynayırdılar.

Professor H.A.Quliyev “Məişətimizdə adət və ənənələr” əsərində göstərir ki, Novruz bayramında xalqı sevindirən çiçəklər – nərgiz, novruz gülü, bənövşə, xədicə gülü olur. Novruz bayramındakı adət və ənənələr qədim dövrdən bu günə qədər həyatımızda unudulmaz bir rol oynayır.

Filosof şair Ömər Xəyyam “Novruznamə” əsərində Novruz bayramını günəşin iki dövrü ilə əlaqələndirir. 1-ci dövr – 365 gün və sutkanın bir çərəyi keçdikcə günəş Qoç bürcünün ilk dəqiqələrinə qayıdır, özü də günün hansı vaxtında çıxıbsa, düz o vaxtda da qayıdır. Bu dövr ildən-ilə qısalır. Görkəmli ədəbiyyatşünas-alim Məmməd Arif yazır: ”... Qədim Azərbaycanda yeni il də baharın ilk günündən başlayırdı. Mart ayına mütabiq olan Fərfidin ayının birinci gününə Novruz (yeni il) deyirdilər ki, bu da bayramın ilk günü idi.”

Novruz bayramında süfrəyə səməni qoymaq ailədə taxıla və əkinçiliyə ehtiramın əlaməti idi. Ailədə “Səməni, saxla məni, ildə göyərdərəm səni” mahnılarının oxunması buna gözəl sübutdur.
[[Kateqoriya:Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi]]