Revision 18008 of "Bayramov Mikayıl necədir" on azwikisource

<poem>''Göyçənin Şişqaya kəndindən olan Mikayıl Bayramova''

Göyçə mahalını gəzən, tanıyan,
Bayramov Mikayıl necədir?- deyir.
Hatəm tək səxalı el ağsaqqalı,
Bayramov Mikayıl necədir?- deyir.

El ilə oturan, el ilə gülən,
Ağlayan gözlərin yaşını silən,
Elə arxalanan, el qədri bilən,
Bayramov Mikayıl necədir?- deyir.

Ömrü boyu baş əyməyən nadana,
Sözünü söyləyən mərdi-mərdana,
Nurani qocalar, ağbirçək ana,
Bayramov Mikayıl necədir?- deyir.

Göyçədə görənlər cahı-cəlalı,
Hər sənət sahibi çoban, ziyalı,
Göyçə ağsaqqalı, o Şişqayalı,
Bayramov Mikayıl necədir?- deyir.

Yaxşı ad insanın şan-şöhrətidir,
Başının tacıdı, həm qüdrətidir,
Özü qazanıbdı, öz hörmətidir,
Bayramov Mikayıl necədir?- deyir.

Yurd yeri talanan, didərgin düşən,
Bülbülə lazımdı güllü bağ, gülşən.
Xasayam, hal-əhval tutub görüşən,
Bayramov Mikayıl necədir? – deyir.</poem>
[[Kateqoriya:Xasay Zeynalov]]