Revision 18116 of "Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi. I hissə (V Fəsil)" on azwikisource

'''V FƏSIL'''

'''XIZI-BƏRMƏK MAHALI SOVET HAKIMIYYƏTI DÖVRÜNDƏ'''

Bu dövrün araşdırılmasında bəzi çətinliklər meydana çıxır: birinci növbədə Sovet hakimiyyəti dövründə dövlətin fəaliyyətində müsbət və mənfi amilləri nəzərə almaq lazımdır.

Məqsədimiz Sovet hakimiyyəti dövründə Xızı-Bərmək mahalında baş vermiş mühüm hadisələri ümumiləşdirərək oxucuya çatdırmaqdır.

== §1. Xızı-Bərmək mahalında Sovet hakimiyyətinin yaranması və bu bölgə II Dünya müharibəsi illərində ==

1920-ci ilin əvvəlində Azərbaycanda ümumimilli böhran hökm sürürdü. Bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ almaq məqsədilə yerli əhalidən özlərinə dayaq yaratmağa cəhd edirdilər. 1920-ci il fevralın 11-də Bakıda Azərbaycan kommunist partiyası yaradıldı. Bolşeviklər əhali arasında sinfi mübarizəni qızışdırmağa və silahlı üsyanla hakimiyyəti ələ almağa çalışırdılar. Onlar nicat yolunu Rusiya ilə birləşmədə görürdülər. Bolşeviklər silahlı dəstələr təşkil edirdilər. Bu dəstələri silahla A.Mikoyan, Kamo və digər ermənilər təmin edirdilər. Onlar silahları gizli yolla Türkmənistandan Bakıya gətirirdilər. Təşkil olunmuş silahlı dəstələrə əsasən ermənilər və ruslar cəlb olunurdular. Bu dəstələrdə azərbaycanlılar azlıq təşkil edirdilər. Sosialist ideologiyasına meyl edən dağlılardan Rza Həsənov, Dağlı Əlihüseyn, Hüseynağa Məmmədbəyov, Bala bəy, Aslan bəy, Paşa və Alahqulu Mehdiyev qardaşları və başqalarını göstərmək olar.

Sovet tarixçiləri göstərirlər ki, Bakıda sosialist inqilabı sayəsində Sovet hökuməti yaranmışdır. Tarixi faktlar göstərir ki, Azərbaycanda heç bir proletar üsyanı olmamışdır. 1920-ci ilin aprelin 28-də XI Qızıl ordunun gəlməsilə Azərbaycanda Sovet hakimiyyəti elan olunmuş və qanuni Azərbaycan Demokratik Respublikası isə devrilmişdi. 1920-ci ilin may ayının əvvəllərində Şura Hökuməti Xızı-Bərmək mahalına da sahib oldu.
Xızı-Bərmək mahalında mövcud olan dövlət nümayəndəliyi (kəndxuda) ləğv edildi və onun əvəzinə yoxsullar komitəsi yaradıldı. Bəy və mülkədar torpaqları müsadirə edildi. Bununla yanaşı, hökumət meşələri, dənizi, çayları, bulaqları və yeraltı neft və digər sərvətləri öz ixtiyarına keçirdi. Mahalda olan dövlət və hökumət aparatının nümayəndəlikləri də dağıdıldı. Dini əqidəyə görə adamlar sıxışdırılırdı. 1920-ci ilin aprelin 28-də Azərbaycan Sovet hakimiyyəti əleyhinə M.Ə.Rəsulzadənin göstərişi ilə musavatçıların bir qrupu Azərbaycan istiqlal hərəkatının əsasını qoydular. Musavat partiyası MK-nin gizli fəaliyyətinə sədr Mirzəbala Məmmədzadə, müavin Əbdül Vahab Yurd Sevər, baş katib Cəfər Cabbarlı, təşkilat işləri üzrə katib Məmməd Sadiq Quluzadə, maliyyə işləri üzrə katib Məmməd Həsən Baharlı daxil oldular. Onlar “İstiqlal” qəzetini nəşr etdilər.1

Xızı-Bərmək mahalında olan “Musavat” partiyasının güclü özəyi gizli iş şəraitinə keçdi. “Musavat” özəyi Təzəkənddən idarə olunur və yardım alırdı.
Musavat liderlərindən olan görkəmli yazıçı Cəfər Cabbarlı vəziyyətin gərginliyini görüb və hadisələrin mahiyyətini dərindən dərk edib “Musavat” özəyinə işi gizli görməyi təklif etdi. Qocaman müəllim Əli Məcidzadə deyirdi ki, görkəmli yazıçı Seyid Hüseynin iştirakı ilə Musavat təşkilatında yeni iş fəaliyyəti müzakirə edilib, qərara alındı ki, təşkilat gizli fəaliyyətə keçsin. Gizli fəaliyyətdə olan Xızı-Bərmək musavatçıları partiyanın lideri M.Ə.Rəsulzadənin qeyri-leqal şəraitə keçilməsini təşkil etdilər.

Xızı-Bərmək musavatçılarının iştirakı ilə M.Ə.Rəsulzadə Bakıdan Giləzi bağlarına gəlir. M.Ə.Rəsulzadəni burada çox adam şəxsən tanıdığı üçün Upa yolu ilə Lahıca gedir. Bu işdə ona Cəfər Cabbarlı və Kimçi sakini Hacı Seyid Zəki Ağa kömək edir. M.Ə.Rəsulzadəni müşayət edənlər mahalın fəal musavatçıları idilər.

Xızı-Bərmək mahalının kəndlərində hakimiyyət yoxsul komitələrinin əlinə keçdi. Yoxsul komitələri varlıların torpaqlarını, əmlakını müsadirə edir və sinfi mübarizəni qızışdırırdılar. Sovet hakimiyyəti silkləri və titulları ləğv etdi. Xızı-Bərmək mahalında bəylik titulu ləğv edildi.
1921-ci ildə yoxsul komitələri kənd sovetləri ilə əvəz edildi.

Xızı-Bərmək mahalı sovetliklərə bölündü və onları kənd sovetləri idarə edirdi. Kəndlilərdən alınan ərzaq vergisi ləğv olundu və əvəzinə məhsul rüsumu-çanaq qoyuldu. Bu da hər təsərrüfatdan 20 girvəngə hesabı ilə alınan taxıl vergisi sayılırdı. 1922-ci ilin axırlarından kəndlilərdən alınan taxıl vergisinin miqdarı artdı.

S.Kirovun başçılığı ilə 1922-ci ilin martında Azərbaycan SSR Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil edildi. 1922-ci il dekabr ayının 10-da Zaqafqaziya Sovetlər qurultayı ZSFSR-nin yaradılmasını rəsmiləşdirib və həmin respublikanın konstitutsiyasını qəbul etdi. Bununlada Azərbaycan SSR-nin hüquqları xeyli məhdudlaşdı.

1922-ci ilin dekabrın 30-da SSRİ-nin təşkili ilə əlaqədar olaraq, Azərbaycan SSR müstəqillikdən məhrum oldu. Azərbaycanda milli dövlətçilik ləğv edildi. İqtisadi cəhətcə yoxsullar dövlətli olmadılarsa da dövlətlilər yoxsullaşıb onlara çatdılar. Hələ ilk dövrlərdə hiss edilən əyintilər getdikcə dərinləşdi, dövlət siyasətinə çevrildi və cəmiyyətə böyük fəlakətlər gətirdi.

Áîëøåâèêëÿð èëê âàõòëàðäà õàëãà øèðèí âÿdlər verdilər. Lakin bu vədlər yerinə yetirilmədi. Bolşevik ideyalarının ən çox ziyanını Xızı-Bərmək dağlıları çəkmişlər. Sığışdırılmış dövlətlilər öz mülklərindən imtina etməyə məcbur oldular. Məşhur milyonçulardan Kərbəlayi İsrafil Hacıyevin 18 əzəmətli binasını, Kərbəlayi Hüseyn Hacıyevin 17 möhtəşəm binasını, Dağlı Abasın 5 binasını, Hacı Mustafa Rəsulovun 11 binasını, Qasım Qasımbəyovun 6 binasını müsadirə etdilər. Bolşeviklər neftxudaların mədənlərini, ticarət gəmilərini, villalarını, bağlarını, əmlaklarını zorla əllərindən aldılar.
Xızı-Bərmək mahalında Hacı Yahyanın, Hacı Əşrəfin, Hacı Ağababanın, Məşəd Hüseynqulunun, Bahadır bəyin və başqa dövlətlilərin torpaqları, dəyirmanları, dükanları, bağları, mal-qarası əllərindən alınıb, ictimailəşdirildi.

Sapı özümüzdən olan baltaların köməyi, çox vaxt onların əmri ilə Azərbaycanın görkəmli şəxslərinə qarşı repressiyalar başlandı.
Xızı-Bərmək mahalında kəndli mülkiyyətinin zorla ümumiləşdirilməsi, dini görüşlərin, adət və ənənələrin təhqir edilməsi, siyasətə qoşulmayan şəxslərə sinfi düşmən kimi baxılması, kəndlərdə sözü keçən və əhalini ardınca apara bilən şəxslərin məhv edilməsi xalqın narazılığını artırdı və özlərini silahla qorumağa məcbur etdi.

Azərbaycanda rəhbər vəzifə tutmuş S.Kirov, L.Mirzoyan, A.Mikoyan, Sarkis dedi-qodu və intiriqa ilə məşğul idilər. Onlar bir neçə gənc azərbaycanlı kommunisti öz ətraflarına yığaraq Nəriman Nərimanova qarşı mübarizə aparırdılar.

Nəriman Nərimanov öz səhvlərini başa düşüb, onları düzəltmək istərkən ona qraşı kəskin mübarizə aparılırdı. Bu dövrdə Nəriman Nərimanovun xəttini dağlılardan Rza Həsənov, Dağlı Əlihüseyn, Allahqulu və Paşa Mehdiyev qardaşları və başqaları müdafiə edirdilər. Sovet Rusiyası ilə Azərbaycan reslublikası arasında bir sıra hərbi-siyasi ittifaq haqqında müqavilə imzalandı. İlk günlərdə müqaviləni bərabər hüquqlu dövlətlərin qanunlarına hörmət kimi yozurdular. Əslində isə Azərbaycan bolşevik Rusiyası tərəfindən  işğal edildi. S.Kirovun, A.Mikoyanın, L.Mirzoyanın və digər bolşevik rəhbərlərinin qəsdi üzündən Azərbaycan talan edildi. Ədalətsiz yollarla, güclə səltənət quruldu. Belə vəziyyət hər yerdə olduğu kimi Xızı-Bərmək mahalında da əhalinin yeni quruluşa ümidini sarsıdır və bu quruluş nüfuzdan düşürdü. Gəncə, Naxçıvan, Lənkəran, Qarabağ, Zaqatala və digər yerlərdə olduğu kimi, Xızı-Bərmək mahalında da mövcud vəziyyətə qarşı xalqın narazı çıxışları oldu.

Sovet qoşun hissələri və bolşeviklər həmin çıxışları amansızcasına yatırdılar.

1921-ci ilin axırına kimi respublikada 48 min nəfərə divan tutulub məhv edilmişdir.

Azərbaycan zəhmətkeşləri Volqa boyunda aclıq çəkən əhaliyə yardım göstərirdilər. Bu sahədə Azərbaycanda “Aclara yardım komitəsi” təşkil edildi. Bu komitənin Xızı-Bərmək mahalındakı müvəkkili buğda, arpa, noxud, lərgə toplayaraq aclıq çəkən Volqa boyu rayonlarına göndərdilər. 1924-cü ildə respublikada yaradılmış “Keybirliyi” Xızı-Bərmək mahalında kolxoz qurluşunun yaranmasında mühüm rol oynadı.

1921-1926-cı illərdə Xızı-Bərmək mahalı Bakı şəhər sovetinin tərkibində olmuş, 1930-cu ildən isə kənd rayonu kimi fəaliyyət göstərmişdir. Yeni inzibati-ərazi bölgüsünün tədbiq edilməsi nəticəsində Şura hökuməti Xızı-Bərmək əhalisini daha yaxından nəzarətdə saxladı.

1926-cı ildə Xızı kəndindən 2 km. şimalda tikilib istifadəyə verilən mədəniyyət evi kənddə savadsızlığın ləğv edilməsində mühüm rol oynamışdır: orada axşamlar tamaşalar göstərilirdi. Bura mədəni mərkəzə çevrilmişdi. Burada xəstəxana binası, inzibati binalar, istirahət bağı salınmışdı. Bu, kiçik bir qəsəbəni xatırlayırdı. Əhali buranı “idarələr” adlandırırdı. Mədəniyyət evində yaxşı aktyorlar qrupu cəmləşmişdi. Əbdülzaq Əhmədovun, Saleh Quliyevin və başqalarının oynadığı rollar tamaşaçıları heyran edirdi və onların göstərdiyi tamaşalar alqışlarla qarşılanırdı.
Xızı-Bərmək mahalında kollektivləşdirmə işləri aparılarkən buraxılmış səhvlər və zor işlətmə üsulu əhalinin kəndlərd
ən qaçıb şəhərə gəlməsi ilə nəticələnirdi. Belə ki, adamı seyrəkləşən kəndlər, obalar və dağlar öz görnüşünü dəyişmişdi. Sevimli şairimiz Mikayıl Müşfiq “Dağlar” şerində yazırdı:

<poem>Siz ki, bir-birinizdən ayrılmayan əşdiniz,
Sinənizə ayrılıq dağı çəkildi, dağlar!
Aya, hankı cəlladın pəncəsinə keçdiniz,
Neçin böylə qəddiniz sındı, büküldü, dağlar?</poem>

Şura hökuməti dağlıların birliyini parçalayıb, ayrı-ayrılıqda onların qürurunu qırırdı.

Şura hökumətinin ortabab kəndliləri sığışdırması nəticəsində kəndlərdən əhalinin şəhərə gəlib  Dağlı məhəlləsində məskunlaşmasını sürətləndirdi. Dağlı məhəlləsi Bakının görkəmli yerində olmasına baxmayaraq, şəhər hökuməti onun abadlığına və orada yaşayan insanlara laqeyd münasibət bəsləyirdi.
Dahi yazıçı və şair Cəfər Cabbarlı Dağlı məhəlləsini “Tap görüm” şerində belə təsvir edir:2

<poem>Yaxında yox məktəbi,
Burda başlanır şəbi.
Yayda tozu ətəkdən,
Qışda çmur göbəkdən.
Batar yayda palçığa,
Lehmə çıxıb qurşağa,
Xəstəxana tapılmaz,
Xəstəyə çara olmaz,
Həkimçün pul da yoxdur,
Gəlməyə yolda yoxdur.</poem>

Böyük şairimiz Mikayıl Müşfiq “Tozanaq” şerində Bakını və onun Dağlı məhəlləsini belə təsvir edir:

<poem>Yenə toz ... aman, bu toz buludları nə istər
Bilmədən səndən, ey Bakı, sən ey atəş diyarı?
Sən, ey birdən dirçəlib, birdən boy atan şəhər,
Üzərindən qovsana bu iynəli rüzgarı</poem>!

Şair “Bir görüş” şerində Dağlı məhəlləsindən baxaraq şəhəri belə təsvir edir:

<poem>Çıxmışam bir dağa, qarşımda Bakı
Qaynayır, çünki deyil ruha ilıq.
Çınlar hər yanda dərin bir səs-küy,
Duyulur hər küçədən bir çağlıq.
Dün bu yerlərdəki karvan yerini
Ediyor yolçu tramvaylar əvəz;
Boğuyor ölgün azan səslərini
O ağızdan iti radyodaki səs.
Bir tərəfdən göyə qalxan hər ev
Gülüyor boynubükük gülbələrə.</poem>

1936-cı ildə Bakının Dağlı məhələsinin görnüşündə müsbət dəyişikliklər görünürdü. Dağlı məhəlləsində 161 saylı orta məktəb binası tikilmişdi. Məhəllənin uşaqları məktəbə cəlb olunmuşdu. Məhəlləyə 2 və 11 saylı tramvaylar işləyirdi. Bu da əhalinin nəqliyyata olan tələbatını ödəyirdi, küçələrə qəmbər döşənmişdi, bəzi binaların qabağında qaldırımlar var idi.

Dağlı məhəlləsinin qərbində 20 saylı məktəb binasının yerində dağlılar tərəfindən təşkil edilmiş kənd təsərrüfatı arteli arpa əkirdi. Cənubi-qərbində indiki xəstəxananın yerində daş karxanasının yerinə su yığılmışdı. Bura “Çapa” deyilirdi. Dağlı məhəlləsində 161 saylı məktəbin qarşısında və “qırx” pilləkanın sağ kənarında “fontan” su kranları var idi. Şollar suyunun bir vedrəsi 2 qəpiyə idi. Dəniz suyu təmiz olduğundan imkanı olanlar at ilə, imkansızlar isə çiyinlərində xalça, palaz aparıb indiki bulvarın qurtaracağı yerdə yuyurdular. Dağlı məhəlləsində qaz olmadığından qışda əhali odunla yanan peçlərdən və neftlə yanan pilətələrdən istifadə edirdi. Məhəllədə bir neçə yerdə neft satan dükanlar var idi. Küçədə odun satanların və sabun əvəzi gilabi gətirib satanların səsi gəlirdi.

Dağlılardan qırçılığı özünə peşə edib, podrat üsulu ilə işləyənlər də var idi. Onlar briqada təşkil edib, idarələrlə müqavilə üzrə iş götürüb, fəhlələri nəqd pulla işlədirdilər. Bu xeyirxah zəhmət adamları, təkcə özlərini fikirləşməyib, bir çox ailə başçıları üçün iş yeri təşkil edirdilər. Bunlardan Şixi Şixiyev, Bibiqulu və Ramazan Nadirov qardaşları, Yusif Əsgərov, Əli Məmmədov, Şaban Cavadov, Ələkbər Məmmədov, Əşrəf Məmmədov və başqalarını göstərmək olar.

Qadınlar evlərdə xalça, palaz, heybə, köynək, əlcək, corab toxuyurdular. Bunlardan bir hisəsini satıb çörək pulu əldə edirdilər. Qadınların yun ipdən toxuduğu corablarda həndəsi fiqurlar və təbiət lövhələri verilirdi. Bu corablar çox qəşəng və göz oxşadıcı idi. Buna “şax” corab deyilirdi.
Evdə təndirdə dağlı çörəyi bişirib satanlar da var idi. Xızı-Bərmək mahalında torpaqlardan düzgün istifadə edilməməsi və kommunaların yaradılması əməyə marağı zəiflətdi. Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olurdu.

Ölkədə qoyulmuş vahid, müstəqil kənd təsərrüfatı vergisi yoxsul kəndliləri daha da kasıblaşdırır, ortabab və varlı kəndlilərin isə varını əlindən alıb, onların kənddən qaçmasına səbəb olurdu. Kənd təsərrüfatının kollektivləşdi-rilməsi bolşevik təsərrüfat sisteminin təlabatından kənd təsərrüfatında mülkədarların və işbilən varlı kəndlilərin əmlakının müsadirə edilməsinə, belə ki, varlı kəndlilərin yoxsullaşdırılmasına səbəb olurdu.
Azərbaycanda kolxoz quruculuğuna bilavasitə rəhbərlik etmək üçün xüsusi “Mərkəzi kolxoz idarəsi” aparatı yaradıldı. Bu aparatın Xızı-Bərmək mahalında fəaliyyətinin əsas metodu kəndlilərə hədə-qorxu gəlməkdən ibarət idi. Taxıl tədarükündəki çətinliklər zamanı Xızı-Bərmək dağlılarına qarşı zorakılıq tətbiq edilirdi, varlı kəndlilərlə mübarizə kəskinləşirdi. Bu da öz növbəsində varlı təsərrüfatların azalmasına səbəb olurdu.
Yerlərdə şərait nəzərə alınmırdı. Xızı-Bərmək dağlılarının kollektiv təsərrüfat haqqında təsəvvürü çox bəsit idi. Zorakılıq yolu ilə kolxozçuların sayı artırdı.

Mahalda kollektivləşdirməni sürətləndirmək prosesində ciddi əyintilərə yol verilmiş, qolçomaqların (bacarıqlı kəndlilərin) bir sinif kimi ləğv edilməsi prosesində kəndlilərin sıxışdırılması narazılıqlara və silahlı çıxışlara səbəb oldu.

Kolxoz yaratmaq üçün hələ zəruri maddi-texniki və digər ilkin şərtlər yox idi. Sovet hakimiyyəti orqanları “varlı və bacarıqlı kəndliləri “qolçamaq” adlandırıb, onları həbs edirdilər. Kolxozları yaratmaq qrafik əsasında yuxarıdan müəyyənləşdirilirdi. Kəndlilərin marağını və milli ənənəsini nəzərə almırdı. Bu isə kəndli psixologiyasına zidd idi. Bu dövrdə Xızı-Bərmək mahalının kəndlərində kənd təsərrüfatında qorxutma və hədələmə metodu ilə xırda kəndli təsərrüfatlarının kooperativləşdirilməsi işi ləng həyata keçirilirdi. Ortabab kəndlilər öz hüquqlarının qorunması uğrunda mübarizəyə qalxırlar. Yerlərdə kolxoz təsərrüfatına rəhbərlik etmək üçün işə bələd olmayan adamlar cəlb olunmuşdu. Kəndlərdə məscidlərin dağıdılması və bağlanması, milli  dini adət-ənənələrin qadağan edilməsi ilə əhali zorla sinfi mübarizəyə təhrik edilirdi. Bütün bunlar kəndliləri qəzəbləndirirdi.

1931-ci ildə Ağdərə kəndində zorla kollektivləşdirməyə qarşı etiraz və silahlı çıxış başlandı. Bu hərəkatda digər kəndlərin sakinləri də iştirak edirdilər. Üsyançıların sayı artırdı, yerli hökumət qaçaqların qarşısında aciz idi. Onlar köməyə Bakıdan qoşun dəstələri dəvət edirdilər. Bakıdan gəlmiş qoşunla yerli milis dəstələri ilə birgə qaçaqların başçıları həbs edilir, bir hissəsi isə qaçmaqla canlarını qurtardılar. Bu döyüşlərdə qaçaq Həsən Hacı Rüstəm oğlu, Hacı Həbib və başqaları fərqlənirdilər. Kəndin bir hissəsi ailəvi Azərbaycandan Sibirə sürgün edildi. Digər kəndlərdən də varlı kəndlilər və ruhani ailələri sinfi düşmən adı ilə sürgün edildilər. Sonrakı illərdə də qaçaqçılıq hərəkatı davam etdi. Qaçaq Mehdibala Xızı meşələrində hökumətə qarşı mübarizəyə başladı. Rayon milis dəstələri tərəfindən ona dəfələrlə hücumlar olsa da bir nəticə verməmişdi. O, döyüşüb aradan çıxırdı. Hökumət gizli yolla onun məhvinə nail oldu. Xızıda yay günləri idi, onun cənazəsini öküz arabasında Qarban tərəfdən gətirdilər. Məscid dibində Xızılı qadınlardan bir neçəsi arabanı dövrəyə alıb, onun meyiti üstündə ağlayıb və oxşayırdılar. Orada olan milis nəfərləri kəndli paltarında dayanıb, qadınlara mane olmadılar. Onlar arabanı çəkib idarədəki həbsxanaya apardılar. Sonrakı illərdə də Xızı-Bərmək mahalında qaçaqlar meydana çıxdı. Qaçaq Qanı və İmambala milisə qarşı dəfələrlə döyüşmüşlər. Onlar da milis dəstələri tərəfindən tutulub məhv edildilər.

Qaçaqların ailə üzvləri və yaxın qohumları Sibirə və Qazaxıstana sürgün edildilər. Qaçaqçılıq hərəkatı kolxoz quruculuğunu ləngitsə də onun qarşısını ala bilmədi.
Respublikanın başqa yerlərində olduğu kimi, Xızı-Bərmək mahalında da kollektivləşdirmə zor yolu ilə başa çatdı.

Kolxozlarda inzibati-bürokratik sistem daha qabarıq özünü göstərirdi. Kolxozlara texniki xidmət əsasən MTS-lər (maşın-traktor stansiyaları) vasitəsi ilə göstərilirdi.

Xızı rayonunda da MTS yaradılmışdı. MTS kolxozların maddi-texniki bazasının yaranması və təsərrüfatlarda məhsuldarlığın artması sahəsində bir sıra əməli işlər görmüşdür.

1936-cı il avqustun 22-də güclü sel Xızı kəndlərindən Quleydarı, Dərəzaratı, Giləzini, Siyəzəni və digərlərini əhatə etmiş, bir çox kəndlərdə evləri uçurub, mal-qaranı və ev quşlarını aparmışdı. Əkin yerlərinə və bağlara xeyli ziyan dəymişdi. Əhalinin həyat şəraiti ağırlaşmışdı. Bu sel haqqında mahalda tanınmış müəllim və maliyyə işçisi Mahmud Hacızadə deyirdi ki, sel Dərəzarat kəndini ağuşuna alıb apardığı zaman qardaşlarım evdə idilər. Ata evimiz hündür yerdə və iki mərtəbəli olduğu üçün su evi nisbətən sonra əhatə etmişdir. Evdəkilər bir-biri ilə vidalaşıblar, su tədricən çəkilib və qardaşlarım selin dəhşətindən xilas olublar.

Güclü sel Quleydar kəndindən Ələsgər Əbdülkərim oğlunu aparmışdı.

Bu dövrdə Xızı-Bərmək mahalında və respublikanın müxtəlif yerlərində dövlət aparatında və təsərrüfatın çox sahələrində rəhbər vəzifələr daşıyan bacarıqlı kadrlar fəaliyyət göstərmişlər. Rza Həsənov Almaniyada təhsil alıb, bacarıqlı neft mütəxəssisi kimi tanınmış və Azneftdə rəhbər vəzifələrdə işləmişdir. O, Siyəzən neftinin yaranmasında mühüm rol oynamışdır. Şirin Əmirov, Ramazan Cavadov, Əmrulla Səmədzadə, Ramazan Ağayev, Vəzirxan Adıgözəlov respublikanın bir sıra rayonlarının başçısı vəzifəsində işləmiş və dövrünün tanınmışları olmuşlar.

Dağlı qızlarından ilk dəfə Hənifə xanımın məktəbində təhsil almış Sonaxanım Cabbarlı olmuşdur. Onun məktəbə getməsinin səbəbkarı Cəfər Cabbarlı olub.
Sonaxanım uzun illər Cəfər Cabbarlı adına Respublika Dövlət Teatr Muzeyinin direktoru işləmişdir. Sonaxanım Cabbarlının yazdığı “Onu kim unudar” kitabı böyük dramaturqumuz Cəfər Cabbarlının yaşadığı dövrü təsvir edir. Bu kitab Cəfər Cabbarlının həyat və yaradıcılığını öyrənənlərə böyük töhfədir.
Xızı-Bərmək mahalında xalçaçılıq sənəti yeni inkişaf mərhələsinə daxil oldu. Xızı xalçalarına və onları toxuyanlara yüksək qiymət verən sevimli şairimiz Mikayıl Müşfiq yazırdı:

<poem>İşçi qız, toxuduğun o divar xalısında
Heyran oldum ürəkdən işlədiyin sənətə,
Bir gözəllik əsəri verdin bəşəriyyətə,
Birsən sənət yolunda candan keçən ərlərlə,
Meydana buraxdığın böylə şah əsərlərlə
Ucaldırsan ölkənin şöhrətini, şanını.
</poem>

Sənət kooperasiyası sistemində xalçaçılıq artelinin yaranması üçün imkanlar açıldı. 1930-cu illərin ortalarında Giləzi kəndində Mirzəağa Bahadır bəy oğlu Ağayevin təşəbbüsü ilə xalça arteli təşkil olundu və onun nəzdində bədii şura yaradıldı. Bədii şura görkəmli xalça rəssamı Lətif Kərimovdan məsləhətlər alırdı. Bununla yüzlərlə evdar qadınlar işlə təmin olunmuş və Xızı-Bərmək xalçaları ölkədə daha da şöhrətlənmişdir.

Azərbaycanda toxunan xalçalar xarici ölkələrdə yaxşı qarşılanırdı. Mahalın Xızı, Siyəzən, Zarat, Xanagah, Giləzi, Sədan və başqa kəndlərində olan yaxşı xalça ustaları artelə cəlb olunmuşdular. Nəfis xalça toxuyan məşhur ustalardan Giləzidən Balaxanım Rzayeva, Leyla Abdullayeva,3 Qızılgül Novruzova, Nisə Baxşıyeva, Balabacı Atababayeva, Leyla Hüseynova, Ağcaqız Novruzova, Bağdagül Qasımova, Dərəzaratdan Bahar Hacızadə, Findiqandan Zeynəb Şeyx Ələkbər qızı və başqalarının işi rayonun “Qızıl Ulduz” qəzetində verilir və təriflənirdilər. Xızı-Bərmək mahalında toxunmuş xalçaların təsnifatı, onların bədii tərtibatı və toxunma texnikası başqa yerlərdə toxunmuş xalçalardan fərqlənirdi. Xızı-Bərmək qrupunda müəyyən üsulla toxunmuş “Siyəzən-Zarat”, “Xanagah-Giləzi”, “Xızı-Xələnc-Findiqan” xalçaları vardır (bu xalçalar toxunduğu yerin adı ilə adlanır).

Demək olar ki, bu xalçalar bir qrupa, yəni Xızı qrupuna daxildir. Xalçaları toxuyan qadınların vurduğu naxışlar, xalçadakı rənglər və kompozisiya vəhdət təşkil edir, tamaşaçını özünə məftun edir. Bu xalçalar müxtəlif növlüdür. Namaz xalçaları kiçik olur, divara vurulma xalçaları və yerə döşəmə xalçaları iridir. Respublikadakı bədii sərgilərdə, Moskvada Ümumittifaq kənd təsərrüfatı sərgisində, Paris və Nyu-Yorkda açılmış ümumdünya sərgilərində Xızı-Bərmək xalçaları nümayiş etdirilirdi.

Xalçaların rəng tərtibatında günəş spektrinin bütün çalarlarından yüksək sənətkarlıqla istifadə olunur. Bu xalçalar Rusiya muzeylərində və Azərbaycan incəsənət muzeyi, Azərbaycan tarixi muzeyi, Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində saxlanılır.

Respublikanın hər yerində olduğu kimi, Xızı-Bərmək mahalında da qadınları rəhbər işə irəli çəkirdilər. Xışqadardan Azərbaycan Ali Sovetinin deputatı Fatma Cəfərova rayon ictimai təminat şöbəsinə müdir vəzifəsinə irəli çəkildi.5 Bir çox yerlərdə kənd soveti sədri qadınlar oldular.
Bu illərdə respublikada sosial-iqtisadi və siyasi tədbirlər ictimai həyatda mühüm dəyişikliklərlə nəticələndi. Ölkədə xüsusi mülkiyyət ləğv olundu. Bazar münasibətlərinə son qoyuldu. Sovetlərin fəaliyyəti çox zəiflədi, hakimiyyət kommunist partiyasının əlində cəmləşdi. Hətta istintaq-məhkəmə işləri də partiyanın göstərişi ilə həyata keçirilirdi. Dövlət inzibati quruluşunda da dəyişikliklər edildi. Belə ki, Zaqafqaziya Federasiyası ləğv edildi. Yeni Azərbaycan Konstitutsiyasına əsasən respublika SSRİ-nin tərkibinə daxil oldu.

Sovet dövləti qüvvətləndikcə ölkədə sinfi mübarizə daha da güclənir ideyası öz zərərli nəticəsini göstərdi. Ölkədə bacarıqlı adamlara qarşı represiyalar başlandı. 30-cu illərdə dövlət səviyyəsində azərbaycanlıları soy kökündən ayırmaq siyasəti yeritmişlər. Azərbaycan xalqının tarixini, onun dilini türklərlə bağlayan görkəmli şairimizə “pantürkist” adı verib cəzalandırmışlar. Millətin “Türk” adı doğum şəhadətnamələrindən, pasportlarından və şəxsiyyətlərini müəyyənləşdirən digər sənədlərdən silinmişdi. Şəxsiyyətə pərəstişin tuğyan etdiyi dövrdə Azərbaycanda həbslər başlandı. Respublikada “xalq düşməni” adı ilə minlərlə adam məhv edildi.

Xızı-Bərmək mahalından Ələkbər və Ələşrəf qardaşları Musavat partiyasının fəal üzvləri kimi həbs edildilər.

Siyasi məhkəmə proseslərinin faciəli nəticələri Xızı-Bərmək mahalını da bürüdü. Repressiyaya uğrayanların arasında türk dünyasının azadlıq carçısı şair Mikayıl Müşfiq də var idi.

1937-ci ilin iyun ayında Azərbaycan yazıçılar İttifaqının iclasında H.Cavid, H.Sanili və M.Müşfiq “Xalq düşməni” kimi ittifaqdan xaric edildilər.6 Mikayıl Müşfiqə qarşı həbsxanada cismani cəza tədbirləri tətbiq edirdilər. Vətəndaş şair Mikayıl Müşfiq “Pantürkizm” adı ilə ittiham edilib. Uzun illər M.Müşfiq adının çəkilməsi yasaq edilirdi. Onun adı orta məktəb dərsliklərindən silinmişdi. Onun şerlərinin oxunması ali məktəb tələbələrinə qadağan edilmişdi. Türkün özünə, soyuna qayıtmasından qorxanlar M.Müşfiqin əsərlərini kitabxanalardan və evlərdən yığdılar. Onun bir çox qiymətli şerləri hələ də işıq üzü görməmişdir.

M.Müşfiq erməni müstəntiqinin tərtib etdiyi saxta ittiham sənədinə əsasən 1938-ci il yanvarın 6-da Qum adasında güllələnib. 30 yaşında həyatdan məhrum edilən Mikayıl Müşfiqin şerləri ölkəmizdə sevilərək oxunur. Dil-ədəbiyyat müəllimi Balacaxanım İsmayılzadə qardaşı Mikayıl Müşfiqə qarşı haqsızlıq edilməsinə etiraz etdiyindən həbs edilib, Sibirə göndərilmişdi. Təhlükəsizlik komitəsində Balacaxanım müəlliməni dindirən erməni müstəntiq deyir ki, sən türk dilini tərifləyirsən. Balacaxanım cavabında deyir ki, mən türk dilini nəinki tərifləyirəm, onu şagirdlərə dərindən öyrədirəm. Türk dili ana dilimdir və mən türk dili müəllimiyəm. Qoy, məni azərbaycanlı müstəntiq dindirsin sən yox. Bura Azərbaycandır.

Görkəmli neftçi sosial-demokrat Rza Həsənov bacısı oğlu Mikayıl Müşfiqin günahsız olduğunu söylədiyinə görə həbs edilib, Sibirə, həbs düşərgəsinə göndərilib. O, Sibir düşərgəsində məhv olmuşdur. Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanım Axundzadəni həbs etmişlər. 

Xızı-Bərmək mahalı qəzetinin redaktoru görkəmli jurnalist Əliabbas Rzayev (Baybəyim) siyasi məhkəmə proseslərini pislədiyinə görə həbs olunub, məhv edilmişdir.

Sosial-demokrat hərəkatının görkəmli nümayəndələri Əlihüseyn Dağlı, Allahqulu və Paşa Mehdiyev qardaşları da həbs olunmuşlar. Ədəbiyyat müəllimi Tağı və başqaları həbs ediliblər. 1937-38-ci illərdə Azərbaycanda 40 minə qədər adam saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilmişdi. 1930-40-cı illərdə və 50-ci illərin əvvəllərində 70 mindən çox adam cəza tədbirlərinin qurbanı olmuşdu ki, onun 29 mini ziyalı idi.7

Sonralar Əlihüseyn Dağlı və Allahqulu Mehdiyev 20 illik həbsdən sonra Azərbaycana gəlib, xalq təsərrüfatının müxtəlif sahələrində işləmişlər. Hörmətli müəllim Qulam Qulamov yalan ittihamlara məruz qalıb, məhv edilmişdir. Bunlarla yanaşı, sıravi vətəndaşlar da represiyalara məruz qalmışlır. Bunlardan Ağopba Bəşirli, Əkbər Zeynalov, Hümmət Qasımov, Əbülfəz Hacı Yəhyə oğlu, Həbib Hacı Zərbəli oğlu, Xəlilulla Məşədi Satin oğlu, Məşəd-Vəli Vəli oğlu, Hacı Əşrəf və başqaları represiyanın qurbanı oldular.

Ruhanilərdən Axund Əlibəndə, Axund Hacı Rza və başqaları təqib edilib, cəzalandırıldılar.

Xızı-Bərmək rayonunun fəallarından Mirzəağa Ağayev, Vəzirxan Adıgözəlov, Əlican Novruzov təəssübkeşlikdən rayon prokroru və məhkəməsinin ləyaqətsiz hərəkətlərini onlara irad tutduqlarına görə həbs edildilər. Təsadüfi hadisə onları bu repressiyadan xilas etdi. Əslən Xızının bəylik nəslindən olan, Ali məhkəmə orqanlarında rəhbər vəzifə daşıyan Qubada boya-başa çatmış Əliabbas Məmmədbəyov onlara kömək etmiş, günahsız olduqlarını sübut etmişdir.
1939-cu ilin 12 iyunundakı iclasında Qasımkənd kolxozundan Molla Ramazan Nəsir oğlu çıxarılıb kənddən sürgün edildi.8 Bu repressiyalar sonrakı illərdə də müxtəlif formalarda davam edirdi.

Sovet imperiyasının Azərbaycanda ağır siyasi repressiyalarının ifaçıları əsasən ermənilər idilər. Beriya və Mikoyanın gizli və açıq sifarişləri ilə daşnak Markaryan, Qriqoryan, Akopov, Asatirov və başqaları minlərlə Azərbaycan ziyalılarını və təcrübəli fəhlələrini məhv etmişlər.
Belə ki, ölkədə təkpartiyalı totalitar rejim quruldu. Ali hakimiyyət orqanı olan Sovetlərin nüfuzu itdi. Vətəndaşların “Sovet xalqı” adı altında dövlətin tələblərini gerçəkliyə çevirən kütləyə çevrilməsi baş verdi. Ölkədə “mədəni inqilab”ın nəticəsində “formaca milli, məzmunca sosialist” mədəniyyəti yarandı. Məscidlərin kütləvi bağlanılması, ruhanilərin məhv edilməsi, Mübariz Allahsızlar İttifaqının yaradılması, ərəb əlifbasındakı kitabların və əl yazmalarının məhv edilməsi başlandı.

Respublikada kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə suvarma işləri günün mühüm probleminə çevrildi. Quba kolxozçularının təşəbbüsü ilə 1939-cu ilin avqustunda Dəvəçi-Samur kanalının çəkilişinə Xızı, Xaçmaz, Qonaqkənd, Dəvəçi rayonlarının kolxozçuları da qoşuldular. Kanalın çəkilməsi işini adı çəkilən rayonlar öz hesablarına görürdülər. Kolxozçular çadırlarda yaşayırdılar. Kanal əl ilə qazıldığından çox zəhmət tələb edirdi. Kolxozçuların yemək və məişət şəraiti yaxşı deyildi. Samur-Dəvəçi kanalının birinci hissəsinin çəkilişində 30 mindən çox kəndli çalışırdı. Xızı-Bərmək kolxozçuları Gil-Gilçaydan Qızıl-buruna qədərki yeri qazımalı idilər. Bu sahədə hər gün 250 nəfərdən çox kolxozçu çalışırdı. Bura 6-cı sahənin 4-cü tikintisi adlanırdı. Tikintidə yaxşı iştirak edənlərdən Tıxlıdan kolxoz sədri Fətulla Əliyev, Qızıl Qəzmədən kolxozçu Xudabaxış Məmmədov “Əməkdə fərqlənmə medalı” ilə təltif olundular.9

Tikintidə rayonların özfəaliyyət dəstələri konsertlər verirdilər. Xızı-Bərmək mahalından balabançılar dəstəsi və Aşıq Ocaqqulunun iştirakı ilə vaxtaşırı tamaşalar verilirdi.

Tikintiyə Özbəkistandan Fərqana kanalının çəkilməsində işləyənlər köməyə gəlmişdilər. Kanal 6 ay ərzində çəkildi. 1940-cı il aprelin 28-də kanalın 107 km uzunluğunda olan birinci hissəsi istifadəyə verildi.10

Bununla Xızı-Bərmək kolxozçuları 67 min hektar yer suvarmışdılar.11

1940-cı ildə Qızılburun qəsəbəsində Siyəzən rayon mərkəzi təşkil edildi. Xızı rayonuna tabe olan kəndlərin bir hissəsi Siyəzən rayonunun tabeliyinə verildi. Beləliklə, Xızı-Bərmək mahalında iki rayon, yəni Xızı və Siyəzən rayonları təşkil edilmişdir. Bu da ətraf kəndlərin rayon mərkəzilə əlaqəsini asanlaşdırdı.

1940-cı ildə kolxozlarda əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, yığım vaxtı itgiyə yol verilməsi, dənli bitkilərin məhsuldarlığı hər hektardan orta hesabla 6-7 sentner idi. Taxıl əhalinin tələbatını ödəmirdi və maldarlığın inkişafını ləngidirdi. Kolxozların çoxunun heyvandarlıq ferması yox idi.

Azərbaycanın əsas təsərrüfat sahəsi olan neft sənayesinin vəziyyəti çox ağır idi.

Bakı ətrafında əksəriyyəti sınıq-salxaq olan minlərlə neft buruğu, boşuna axıdılmış neftin yaratdığı iri gölməçələr acınacaqlı mənzərə yaratmışdı. Bakı nefti sovet ölkəsinin əsas xammal mənbəyinə çevrilmişdi.

Almaniyada təhsil almış mühəndislərdən Rza Həsənov və Səməndər Axundov neft sənayesinin inkişafında çox iş görmüşlər. Mühəndis Rza Həsənov Binəqədi neftinin bərpa və inkişafında xüsusi rol oynamış və Azneftdə rəhbər vəzifələr daşıyarkən yeni neft yataqlarının aşkara çıxarılmasında yaxından iştirak etmişdir.

Mühəndis Səməndər Axundov 1930-cu ildə neft sənayesi institutunun təşkilində geniş fəaliyyət göstərmiş və orada yeni kadrların yetişməsində fəal iştirak etmişdir. O, respublikada tanınmış müəllimlərdəndir. Azərbaycan neft sənayesinin inkişafında Siyəzən neftçiləri də öz sözünü demişlər. Bacarıqlı mühəndis Rza Həsənovun köməyi ilə Siyəzənneftin geoloci axtarış işlərinə 1928-ci ildə başlanılmışdır.
1938-ci ildə Siyəzən-Nardaran sahəsində qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmışdır. 1939-cu ildə geniş kəşfiyyat işləri aparmaq və neft istehsalını artırmaq məqsədilə Siyəzən neft tresti təşkil olundu.

1940-cı ildə Siyəzən neftçiləri Sədan yataqlarını aşkar edib, onlardan qara qızılın çıxarılmasına nail oldular. Siyəzən neftinin sürətlə inkişafı nəticəsində respublikanın iqtisadi potensialında bu rayonun rolu daha da yüksəldi. Əhali üçün yeni iş yerləri açılırdı və bu da onların rifahının yaxşılaşması üçün imkanlar açırdı.

1930-cu illərdə Azərbaycan neft-kimya institutunu fərqlənmə diplomu ilə bitirmiş Əbdül Hacızadə Siyəzəndə ilk kəşfiyyat neft quyularının qazılmasına rəhbərlik etmişdir.
Sovet hakimiyyəti dövründə bir sıra nöqsanlarla yanaşı, maarif, səhiyyə, elm və mədəniyyət, sahəsində də mühüm nailiyyət-lər qazanılmışdı. Çar Rusiyasının müstəmləkəçilik siyasəti əhalinin savadlanmasına mane olurdu. Qabaqcıl Azərbaycan ziyalılarının təşəbbüsü ilə əhalinin savadsızlığını ləğv etmək üçün savad kursları və məktəblər açıldı. Çox vaxt bu mühüm işi şüarçılığa çevirib kompaniya şəklində aparırdılar, “mədəni yürüşlər” təşkil edirdilər. Buna baxmayaraq, Xızı-Bərmək mahalında xeyli işlər görüldü.

1920-ci ildə Bahadır bəy Ağakişi bəy oğlunun evi məktəb binasına çevrilir. Xızı əhalisinin toplayıb yığdığı pulla 1924-cü ildə yeni məktəb binası tikilib istifadəyə verildi. Xızı məktəbində dərs deyən müəllimlərdən Molla Ələşrəf, Molla Harun, Əlabbas Rzayi, Nəmətulla Abdullayev, qadınlardan Lətifə xanım və başqaları xeyli əmək sərf etmişlər. Bakıda Mikayıl Müşfiq, Müşfiqin bacısı Balacaxanım yaxşı müəllimlərdən sayılırdılar. Mikayıl Müşfiq müəllim adına ləyaqətlə hörmət edərək şerində “Ey adı göylərdən uca müəllim” - deyirdi. Onun dərs dediyi indiki Yasamal rayonundakı 18 saylı məktəb Mikayıl Müşfiqin adını daşıyır.

Respublikada olduğu kimi mahalda da məktəblərin strukturu belə idi: ibtidai (1-4-cü siniflər), natamam-orta (5-7-ci siniflər) və orta (8-10-cu siniflər). Qızların məktəbə cəlb edilməsinə xüsusi fikir verilirdi. Müəllimlər bu məsələdə bəzi hallarda çətinliyə rast gəlirdilər.
Məktəb direktorlarının hüquqları genişləndirildi və onlara səlahiyyətlər verildi. Məktəblərdə qayda-qanun möhkəm-ləndi. Dərslər fənn proqramları üzrə tədris edilirdi. Şagirdlərin biliyinin düzgün qiymətləndirilməsinə də xüsusi fikir verilirdi. Bütün bunları həyata keçirən qabaqcıl müəllimlər böyük əmək sərf etmişlər.

1939-cu ildə mahalda 3 orta məktəb, 9 natamam-orta məktəb və hər kənddə ibtidai məktəb var idi. Dağlıların tanınmış müəllimlərindən Əli Məcidzadə, Nurməmməd Əhmədov, Qasım Qasımov, Hümmət İbrahimov, İmaməli Muğbilov, Mirdamət Həsənov, Əbdülhüseyn Hüseynov, Mirabtalıb Əzizov, Hacı Məmmədov, İbrahim Hilali, Əlixan Abasov, Nəbi Qurbanov, Qeybula Cavadov, Yusif Eyvazov, Tacir İsgəndərov, Nəsir Abdullayev, Qulam Dadaşzadə, Ağacan Novruzov, Əmraslan Vəliyev, Qulam Qulamov, İbad Qasımov, Möhsüm Cavadov, Mahmud Hacızadə və başqaları savadsızlığın ləğv edilməsi, ibtidai icbari təhsilin həyata keçirilməsi sahəsində xüsusilə fərqlənmişlər.

Hökumət kəndlərdə məktəb binalarının tikilməsinə və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqəti artırdı. Sovet hökuməti bəylərin, varlıların övladlarını 5-ci sinifdən oxumağa qoymurdu. Onlar da Bakıya gəlib özlərini kasıb kəndli ailəsi kimi yazdırmaqla məktəblərdə təhsillərini davam etdirirdilər. Bolşeviklərin şagirdlərə sinfi münasibəti təhsil sisteminə zərər vurdu. Belə ki, istedadlı şagirdlər təhsildən uzaqlaşdırıldı. 1936-cı ildən bu qayda ləğv olundu.

Səkkiz yaşından uşaqlar məktəbə cəlb edilir. Kəndli gənclər məktəbləri, yaşlılar üçün təhsil kursları şəbəkəsi inkişaf edirdi. Xızı-Bərmək mahalında 4 orta məktəb, 15 natamam-orta məktəb, 43 ibtidai - cəmi 62 məktəb var idi. Bununla yanaşı, 7 mərkəzi klub, 4 kitabxana, 11 qiraətxana, körpələr evi, 19 məktəb kitabxanası və 7 mədəniyyət sarayı var idi. 4771 nəfər yaşlı əhali savad kurslarında təhsil alırdı.12
1939-cu il iyulun 11-də Azərbaycanda latın əlifbasından kiril əlifbasına keçmək haqqında qərar qəbul edildi. Bu qərarın həyata keçirilməsi səhv addım olub azsavadlılığın ləğv edilməsinə əngəl idi.

Respublikanın ali məktəblərində yüksək mütəxəssis kadrların hazırlanmasında dağlı alim-pedaqoqların da xidməti olmuşdur. Bunlardan Mirəsədulla Mirqasımov, Məmməd Arif Dadaşzadə, Zəki Axundov, Mahmud Mahmudov, Hənif Qasımov və başqalarının şərəfli əməyi öz bəhrəsini vermişdir.
Mahalda səhiyyə sahəsində də müsbət addımlar atılmışdı. İlk vaxtlarda səhiyyə işlərinin zəifliyindən əhali arasında xəstəliklər çox idi. Bakıdan həkimlər və tibb işçilərinin göndərilməsi bir sıra xəstəliklərin qarşısını almaqda ilk addımlar oldu.
Böyük kəndlərdə xəstəxanalar, kiçik kəndlərdə isə həkim məntəqələri təşkil edildi. Tibb institutunu bitirən yerli həkim kadrların sayəsində səhiyyə işlərinin təşkilində və xəstəliklərin qarşısının alınmasında görülən işlər bir qədər sürətləndi. Həkimlərdən Hüseyn Abdullayev, Ağarəhim Dadaşzadə, Sədulla Abdullayev, Dadaş Ağayev, qadın həkimlərdən Zəhrəxanım Məmmədova, Kürsümxanım Həsənova, İzzətxanım Sadıqova, Hürnisə xanım Abdullayeva, Ziba xanım Eyvazova, Məryəm xanım və başqaları insan sağlamlığının keşiyində şərəflə durmuşdular. Dağlı gənclər arasında görkəmli mühəndislərin, aqranomların və xalq təsərrüfatının digər sahələrində bacarıqlı mütəxəssislərin sayı artırdı. Tanınmış mühəndislərdən Musa Eyvazov, Mirzə İsmayılzadə, Əjdər Abdullayev, Əbdül Hacızadə, Ağasaleh Mehdiyev və başqaları şərəfli əməkləri ilə hörmət qazanmışdılar.
Mədəniyyət sahəsində də kadrlar yetişmişdi. Teatrın böyük mədəni və tərbiyəvi əhəmiyyətini nəzərə alan və ömrünü bu işə sərf edən əməkdar artist Şirzad Hüseynov “Leyli-Məcnun” operasında Məcnun rolunun gözəl ifaçısı idi. Onun görüşünə rayonlardan tamaşaçılar gəlirdi. Şirzad Hüseynov Məcnun surətinin ən gözəl ifaçısı kimi bu günə qədər xatirələrdə yaşayır.

Çalğı alətləri arasında ney, balaban, tar, kamança, qarmon, saz ən qədim dövrlərdən xalq tərəfindən istifadə edilmiş, bu alətlərin ifaçıları isə el arasında hörmətli şəxslər olmuşlar.

Qarmon çalan Ələkbər Nəzərlinin ifaçılığını görən tamaşaçılar onun ustalığına heyran olub, onu xoş təəssüratla xatırlayırlar.
Qarmon çalan Məmmədhüseyn Əbdülsəlimov Ələkbərin peşəsini bacarıqla davam etdirirdi. Qarmonçu Məmmədhüseynin ifa etdiyi oyun havaları dinləyicilərə nikbinlik, inam aşılayırdı.

Balaban çalan Mehdi Nəzərli yaxşı ifaçılığı ilə respublikada tanınırdı. O, ney, klarnet, balaban, saz alətlərindən məharətlə istifadə edirdi. Mehdi Nəzərli 1939-cu ildə Koroğlu operasında Cəngi havasını balabanda məharətlə ifa etdiyinə görə dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun çox xoşuna gəlmiş və Üzeyir bəy Mehdiyə təşəkkürünü bildirmişdir.

Hitler Almaniyası 1939-cu ildə Sovet İttifaqı ilə 10 il müddətinə hücum etməmək, sonra isə dostluq və əməkdaşlıq haqqında müqavilələr imzaladı. Hitler imzalanmış müqaviləni pozaraq 1941-ci il iyunun 22-də Sovet İttifaqına hücum etdi. Hitler bu müharibəni dünyanı bolşevizm taunundan xilas etmək kimi qiymətləndirirdi. İ.Stalin isə onu “Böyük Vətən Müharibəsi” adlandırırdı. Faşizmə qarşı müharibəyə Sovet imperiyasının müstəmləkəsi olan Azərbaycanın bütün xalq təsərrüfatı, insan ehtiyatları səfərbər edilmişdi. Azərbaycanın yeraltı sərvətləri də müharibəyə faşist Almaniyasının darmadağın edilməsinə yönəldilmişdi. Müharibənin ağır və çətin illərində Xızı-Bərmək dağlıları səfərbərliyə alındı. 18 yaşından 50 yaşına kimi bütün sağlam kişilər orduya səfərbər edilmişdi. Xızı-Bərmək dağlılarının gəncləri respublikada yaranmış xalq qoşunu dəstələrinə, qırıcı batalyona və özünü müdafiə dəstələrinə cəlb olunmuşlar.

Dağlı məhəlləsində hər həyətdə müdafiə məqsədilə səngərlər qazılmışdı. Əhalinin ərzaq və sənaye məhsulları ilə fasiləsiz təmin edilməsi məqsədilə kartoçka sisteminə keçildi. Gündə uşaqlara və evdar qadınlara 400 qr., qulluqçulara 600 qr., fəhlələrə isə 800 qr. çörək verilirdi. Talonla gündə bir dəfə tələbələrə isti xörək verilirdi. Məktəblərin əksəriyyəti hərbi xəstəxanaya çevrilmişdi. O cümlədən, 161 saylı məktəb hərbi xəstəxana idi. Burada yaralılar müalicə olunub, yenidən cəbhəyə göndərilirdi.

Əmək məhsuldarlığının yüksəlməsində fəhlələrin əmək qəhrəmanlığı böyük rol oynadı. Qabaqcıl iş metodlarının tətbiq edilməsi, çoxlu səmərələşdirmə təkliflərinin həyata keçirilməsi neft sənayesində məhsuldarlığın xeyli artmasına və maya dəyərinin azalmasına səbəb oldu. Müharibənin məhrumiyyətinə sinə gərən  Siyəzən neftçiləri Condağa-Zarat neft yataqlarından xeyli neft əldə etdilər. Azərbaycan Sovet respublikası ölkəyə 1941-1945-ci illərdə  75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdir. Burada Siyəzən neftçilərinin də payı təqdirəlayiqdir. Müharibə illərində Sovet hərbi texnikasını hərəkətə gətirən Azərbaycan nefti idi. Müharibə illərində Siyəzən neftçiləri neft hasilatını daha da artırıb, ön cəbhəni müntəzəm olaraq yanacaqla təmin etmişlər. Siyəzən nefti Bakı neftinə qatılaraq Xəzər dənizi və Volqa çayı ilə Rusiyaya göndərilirdi.
Cəbhənin canlı qüvvə ilə, ərzaqla, hərbi sursatla və başlıca olaraq neft və benzinlə təchiz edilməsi işində Azərbaycan dəmiryolçuları rəşadətli əmək nümunələri göstərmişlər. Bu işdə Biləcəri deposunun maşinisti Dadaşbəy Xəlilov və Paşa Xəlilov ağır yüklü qatarları (çox vaqonlu) uzaq məsafələrlə sürətlə mənzilə yetirirdilər. Onlar dövlət ordenləri ilə təltif edilmişlər.

Müharibə respublikanın kənd təsərrüfatını ölgün vəziyyətə saldı.

Xızı-Bərmək mahalında kolxozlar xırda olduğundan, kişilərin orduya getməsi, kadrların çatmamazlığı və əhalinin dağ kəndlərindən köçməsi istehsalatda qadın əməyinin xüsusi çəkisini fasiləsiz artırdı. Qadınlar günçıxandan günbatana qədər işləyirdilər. Təkcə Qarabulaq sovetliyində 200-ə qədər qadın kolxozda ən ağır işlərdə çalışırdılar.13

Müəyyən üzürlü səbəblər üzündən arxa cəbhədə saxlanılanlar var qüvvələri ilə çalışırdılar. Bunlardan Xızıda Nəcəf Rzayev, Məmmədəli Hüseynov, Allahqulu Nuriyev, Gilənavadə Kərbəlayi Heybətqulu, Qasımkənddə Mütəllib Manafov, Zöhrabkənddə Paşa İbrahimov və Mirbala İbrahimov, Zaratda Osman Məmmədov, Ağdərədə Abgül Əliyev və İsa Musayev, Dabağunda Zərbəli Cavadov, Gərmiyanda Sultan Muradov, Tıxlıda İslam Xəlilov və Fətulla Əliyev, Xələncdə İlyas İlyasov, Şurulla Verdiyev, Beytulla İlyasov, Şurabadda Əlibala Zeynalov və Həsənbala Zeynalov, kiçik Əngəlanda Hüseynbala Ağayev, Keşdə Canbala Əmirov, Giləzidə Gülbala Abdullayev, Xanbaba Zeynalov, Cahanbaxış Baxşıyev və başqalarını göstərmək olar. Adları yuxarıda göstərdiyimiz şəxslər əmək haqlarından milyon manatları hərbi istiqraza yazılmış və nəqd pulla dövlətə vermişlər. Bu şəxslərdən bəziləri rayonda rəhbər vəzifələrdə çalışmışlar. 1943-cü ildə Xızı-Bərmək mahalında böyük sürüşmələr olmuşdur. Bu sürüşməni tədqiq edən Mirəli Qaşqay yazırdı ki, bu zaman uzunluğu 3 km., eni 1 km. olan dağ Yuxarı Findiqan kəndinə gündə 10 m.-lik sürətlə sürüşmüşdür. Hətta bağça öz yerini 100 m. dəyişmiş, ağaclar isə yan tərəfə əyilmişdi. Belə ağaclar ədəbiyyatda “Sərxoş meşə” adlanır. Bu əhalinin vəziyyətini daha da ağırlaşdırdı.14
Rus-Alman müharibəsi illərində dövlət büdcəsinin xeyli kəsirli olması, dövlətin xərclərinin gəlirindən dəfələrlə çox olması maarif işlərini xeyli zəiflətdi. Müəllimlərin bir hissəsinin müharibəyə getməsi nəticəsində dərslər boş keçirdi. Bu dövrdə yeni kadrlar müəllimlik kimi çətin və şərəfli işə gəldilər. Müəllimlərdən Mikayıl Cəbiyev, Abtalıb Dadaşov, Qəribağa Şahbazov, Binədər Rüstəmov, Heydər Rüstəmov, Canmirzə Yəhyəyev, Baxşalı Hüseynov və başqaları yorulmadan əmək sərf etmələrilə fərqlənirdilər.
Azərbaycanlılar digər xalqlarla birlikdə öz ölkəsindən uzaqlarda igidliklə vuruşurdular. Onlar əsasən 77-ci, 223-cü, 402-ci və 416-cı Azərbaycan diviziyalarında Hitler faşizminə qarşı rəşadətlə döyüşürdülər. Elə bir döyüş yeri yox idi ki, Xızı-Bərmək dağlıları orada igidliklə vuruşmamış olsunlar.
Müharibəyə cəlb edilən 600 min nəfərdən çox azərbaycanlıdan yarıdan çoxu həlak oluşdur. Döyüşlərdə vuruşanlardan polkovnik Rizvan Zeynalovun igidliyini hökumət yüksək qiymətləndirib, onu ordenlərlə təltif etmişdi. Döyüş əməliyyatlarına Moskvadan başlamış və Berlinə qədər rəşadətli döyüş yolu keçən polkovnik Cəbrayıl Əhmədov qəhrəmanlıq nümunələri göstərmişdir. Kapitan Ağacan Novruzov hələ müharibədən əvvəl ordu sıralarına cəlb edilmiş, yaxşı hərbi təlim görmüş zabit idi. O, Moskva və Leninqrad uğrundakı döyüşlərdə fərqləndiyinə görə ordenlərlə təltif edilmişdir.
Döyüşlərdə igidliklə fərqlənənlərdən Ədalət Mehdiyev, Ağakərim Kərimov, Muğbil Muğbilov, Məmmədrəsul Kazımov, Dilavər Rzayev, Hüseyn Abdullayev, Hüseynqulu Zeynalov, Yusif Yusifov, Hacıağa Ağayev, Mahmud Hacızadə, Hacı Məmmədov və başqaları orden və medallarla təltif olunmuşlar.
Mahmud Hacızadə müharibəyə dair xatirəsində deyirdi: “Məktəb direktoru işlədiyim Dərəzarat kəndindən ordu sıralarına getdim. Mazdok və Qroznı şəhərləri uğrunda döyüşmüşəm.
20 yanvar 1945-ci ildə Varşavanı azad etdik. Həmin ilin fevralında Berlinin 60 km.-liyində döyüşdə yaralandım. Oktyabr ayında ordudan tərxis olundum”.
Xızı-Bərmək dağlılarından döyüşlərdə igidliklə vuruşaraq həlak olanlar da az deyildir. Elə ailələr vardı ki, 2-3 nəfəri müharibədə həlak olmuşdur. Mahalda hörmətlə xatırlanan Ramazan Ağayev və oğlu Sultan Ağayev, Şahbaz və Məmmədhüseyn Şahbazov qardaşları, Əlişan, Xələf və Saməddin Cavadov qardaşları, Ağaddaş və Sadıq Cavadov qardaşları, Hacıbala və Rəsul Məmmədov qardaşları, Əbdülhüseyin Yusifov, Mirabtalıb Əzizov, İmanqulu Zeynalov, Xəlilulla Manafov, Mehbalı Zeynalov, Tacir İsgəndərov, Əlixan Abbasov, Salman və Rəhman Rzayev qardaşları, Xudkar Kərimov, Şahverdi Haqverdiyev, Əbülfəz Almasov, Məhərrəm Nuriyev, İmaməli Muqbilov, Əbdül Hacızadə, Müslüm Xalıqov, Ağabala Xalıqov və başqalarını göstərmək olar.
Bu igidlərdən bəziləri itgin düşmüşlər. Onların qohum və qardaşlarının gözləri yoldadır. Əhali cəbhəyə isti paltar və sovqat göndərirdi. Qadınlar bu işdə öndə gedirdilər. 1941-ci ildə 5 mindən çox, 1942-ci ildə yeni il münasibəti ilə 10 minə qədər döyüşçü üçün yun əlcək, corab, yun  köynək, şərf və başqa sovqatlardan ibarət bağlamalar göndərilmişdi.15 Əhali arasında ordunun hərbi sursatla təìèí îëóíìàñû ö÷öí ïóë òîïëàíûëìàñû èøè ýåíèøëÿíäè.
Kolxozçu qadınlar və yeniyetmələr Giləzi düzündə çadırlarda yaşayıb, Sumqayıtla Yaşma arasındakı düzənlikdə səngərlər qazıyırdılar. Qafqaza soxulmuş faşistləri Abşerona buraxmamaq üçün gecə-gündüz çalışırdılar. Onlar az vaxt ərzində bu yerləri keçilməz istehkama çevirdilər.
Xızı-Bərmək dağlıları məşəqqətli çətinliklərə sinə gərib, faşizm üzərində qələbəni alnıaçıq və fərəhlə qarşıladılar. Bu böyük işdə onların da payı vardır.

O müdhiş müharibə illərində Xızı-Bərmək mahalının dəmir yolu kənarında olan kəndlərindən Giləzi, Stalçay, Yaşma, Nasoslu, Zarat, Qara Siyəzən, Qızılburun və Gil-Gilçay əhalisi cəbhəyə gedən yardımları yollamaqda kömək edirlər və əsgərləri yola salırdılar. Bu işdə dəmiryolçuların əməyi təqdirəlayiq idi.

Müharibə illərinin ağırlığını Giləzi stansiyasında yaşamış Cabir Novruz “Gecə qatarlar keçir” şerində yazır:

<poem>Gecə qatar keçir
On il əvvəlki kimi.
Min xatirə pıçıldar
Ürəyimin hər simi.
Dönəndə hərbin üzü
Onların nə gündüzü,
Nə bir gecəsi vardı.
Onların da o illər
Qəzəbli səsi vardı.
Onlar əsgər aparır,
Əsgər yola salırdı...
Tüfəng dolu qatarlar,
Silah dolu qatarlar...
Neçəsini o illər
Sınıq-salxaq görmüşəm.</poem>

== §2. Xızı-Bərmək mahalı müharibədən sonrakı illərdə ==
Azərbaycan xalqının fəal iştirakı ilə müharibə qələbə ilə başa çatdıqdan sonra xalq təsərrüfatının bərpasına başlanıldı.

Müharibənin ağır nəticələri respublikada özünü göstərirdi. Neft sənayesində, o cümlədən təzə axtarışlara başlamış Siyəzəndə də mütəxəssislər çatışmır və qazma işləri demək olar ki, dayanmışdı. Müharibədən sonrakı illərdə yeni təşkil olunmuş Siyəzən neftçiləri daha səmərəli çalışıb, neft yataqları kəşf edib, ölkəyə xeyli neft vermişlər. Neft mədənlərində və digər müəssisələrdə 8 saatlıq iş günü tətbiq edildi, işdən sonra saxlanılıb icbari iş üsulu və bazar günləri işləmək aradan götürüldü, zəhmətkeşlərə verilən məzuniyyətlər yenidən bərpa olundu və ona görə əmək haqqı ödənildi. Siyəzən neftçiləri 1954-cü ildə Əlixanlı, 1958-ci ildə Şərqi Zəyəm neft yataqlarını istifadəyə vermişdi. Siyəzən rayonunda məhsuldar qüvvələrin inkişafı onu gənc sənaye mərkəzinə çevirdi. Bütün bu nailiyyətlərlə yanaşı neft sənayesinin inkişafında çətinliklər və nöqsanlar da var idi. Belə ki, neft sənayesində rəhbərlik həddən çox mərkəzləşmişdi, qabaqcıl fəhlələri həvəsləndirmə zəif idi, real imkanlardan səmərəli istifadə edilmirdi. Texniki tərəqqidən zəif istifadə edilirdi.

Bütün bu çatışmamazlıqlar Siyəzən neftçilərinin işində əngəl idi. Belə bir çətin şəraitdə Siyəzən neftçiləri xeyli iş görmüşlər. Belə ki, bir operator eyni vaxtda bir neçə quyuya xidmət edirdi. Qazma briqadası bir neçə peşəyə yiyələnirdi və mütərəqqi iş üsullarını istehsalata tətbiq edirdi. Neftçıxarma briqadaları kompleks təsərrüfat hesabına keçirdilər. Quyuların təmir arası müddəti uzadılırdı. Bütün bunlar isə Siyəzənneftin inkişafı üçün möhkəm baza yaratmışdı. 1962-ci ildə Zəylik-Ziyvə neft yataqlarını kəşf edib, bunlardan çoxlu neft məhsulu əldə etmişlər. Siyəzənneft trestində üç neft çıxarma (mədəni) sexi, elmi tədqiqat istehsal sexi, tikinti quraşdırma idarəsi vardı.1

Siyəzən şəhərində qaz emalı və asfalt zavodu istifadəyə verilmişdi.

1940-1958-ci illərdə Qızılburun qəsəbəsində Siyəzən rayon mərkəzi təşkil olunmuş, sonra isə Siyəzən şəhərə çevrilmişdir.
1959-cu il dekabrın 4-də Siyəzən rayonu ləğv edilib, ərazi Dəvəçi rayonu ilə birləşdirildi. Bu qərar hökumətin dağlılara qarşı növbəti mənfi niyyətindən doğmuşdu. Kəndlərdə əhalinin vəziyyəti daha da ağırlaşdı, dağ kəndlərindən Bakıya, Sumqayıta və digər yerlərə axın kütləvi hal aldı.
Beləliklə, bir çox kəndlər sıradan çıxdı. Siyəzənneftdə ilk dəfə turbin və elektrobur vasitəsilə quyuların qazılması tətbiq edilməyə başladı və maili quyu qazıldı. Bununla da neftin həcmi artdı. Siyəzənneft mədənlərində iş yaxşı təşkil edilmişdi. Xızı-Bərmək mahalında sənayenin digər sahələrinin də inkişafına fikir verilmişdi. Belə ki, Xızı-Bərmək mahalında rayon Mərkəzi Altı-Ağacda və sonralar mövcud kəndlərdə mənzillər elektrik enerjisi ilə təmin edildi. Bütün mahal kəndləri qazlaşdırıldı.

Giləzi və Siyəzən quşçuluq kombinatları tikilmiş, Giləzidə respublika əhəmiyyətli yem kombinatı, Gil-Gilçay qum karxanası istifadəyə verilmişdi. Sənaye ocaqlarının yaranması əhali üçün yeni iş yerlərinin təşkil olunmasına, əhalinin maddi güzaranının yaxşılaşmasına təsir göstərdi. Müharibədən sonrakı dövrdə Xızı-Bərmək mahalında kənd-təsərrüfatı ildən-ilə zəifləyirdi.
Rayon mərkəzinin Xızıdan Altı-Ağaca köçürülməsi əhalinin ağır şəraitini daha da çətinləşdirdi. Əhalinin vəziyyətini qəsdən çətinləşdirən tədbirlər kəndlərin boşalmasına aparırdı.

Kolxozlarda ot tarlalı əkin sahəsinin zorla həyata keçirilməsi, lüzumsuz yerə taxıl əkinini azalması nəticəsində maldarlıq da zəiflədi. Taxıla olan tələbat ödənilmirdi. Taxılın tədarük qiyməti aşağı idi. Bütün bunlar maddi marağı zəiflədirdi.
Kolxozçulardan yüksək kənd təsərrüfatı vergisi alınırdı. Kolxozçulardan həyətyanı sahələrdə əkilən kənd təsərrüfatı məhsulları, şəxsi mal-qara, arı pətəkləri və meyvə ağacları üçün də vergi alırdılar.

Vergini ödəyə bilməyənlər meyvə ağaclarını qırır və mal-qaranı kəsirdilər. Hətta qoyunu olmayanlardan yun, inəyi olmayanlardan süd, toyuğu olmayanlardan yumurta, mal-qarası olmayanlardan ət alırdılar. Bunları ödəmək üçün kolxozçular şəhərə gəlib, müəyyən müddət günəmuzd işləyirdilər ki, pul əldə edib vergiləri ödəsinlər.

Kolxozçuların pasportu olmadığından onlar milis işçiləri tərəfindən incidilirdi. Gənc kolxozçular gizli yollarla şəhərdə qalır və kəndə qayıtmırdılar.
1951-ci ildə kolxozların birləşdirilməsi yolu ilə böyük kolxozlar yaradılmasına başlanıldı. Bu tədbir də məhsuldarlığı artırmadı, müsbət nəticə vermədi. Kolxozçların maddi həyat şəraitinin aşağı olması, həm də kolxozların maddi-texniki bazasının zəif olması əmək məhsuldarlığının yüksəldilməsinə mənfi təsir göstərirdi.

Zəhmətkeşlərin, kolxozçuların kəndlərdən yayınması ümumi hal almışdı. Çətinliklərə baxmayaraq, Giləzi kolxozu xeyli möhkəmlənmiş və məhsuldarlıq sahəsində respublikada yaxşı tanınırdı. Giləzi kolxozunda məhsuldarlıq artmış, il ərzində 3 min ton taxıl əldə edilmişdi. Maldarlıq və qoyunçuluq xeyli artmışdı. Kolxoza başçılıq edən Mirzəağa Bahadır bəy oğlu Ağayevin yaxşı təsərrüfatçı olması və xalq əmlakına halal münasibət bəsləməsi nəticəsində Giləzi kolxozu möhkəmləndi, əhalinin rifahı yaxşılaşdı və onlar başqa yerə köçmədi.
İ.Stalinin ölümündən sonra Sovet dövlətinin rəhbərliyi şəxsiyyətə pərəstişi tənqid etdilər. Bu ilk vaxtlar səmərə versə də, sonrakı illərdə ölkədə nəzarətsizlik, özbaşınalıq və rüşvətxorluq hallarını artırdı. Azərbaycanda da mövcud hakimiyyətə qarşı narazılıq artdı. Siyasi mübarizə dərnəkləri yarandı. Dərnəkçilər demokratik və müstəqil respublika tələb edirdilər. Həmin dərnəyin üzvləri həbs edildilər. Həbs edilənlər arasında Bəylər Allahverdiyev də var idi. 1959-cu ildə Bəylər Allahverdiyev Sibirə sürgün edildi.

Xızı-Bərmək dağlılarının əmək fədakarlığı nəticəsində xalq təsərrüfatında müəyyən uğurlar qazanıldı. 1976-cı ildə Qalaaltında canatoriya istifadəyə verildi. Möcüzəli «Naftusya» böyrək, qara ciyər xəstəliklərinə tutulanlar, öd kisəsinin xroniki xəstəliyindən, maddələr mübadiləsi pozulduğundan əzab-əziyyət çəkənlər şəfa tapırdılar. Sanatoriya dəniz səviyyəsindən 1000 metr hündürlükdə yaşıl meşənin qoynunda yerləşir. Digər Qafqaz kurortlarına nisbətən burada rütubət xeyli aşağıdır. Burada eyni zamanda 340 nəfər xəstə müalicə olunub dincələ bilər. Hərarəti 40-50 dərəcəyə çatan Xaldan suyu da buraya yaxındır.

Azərbaycanın cənnət güşəsi olan Xızı-Bərmək mahalında ikinci cahan müharibəsindən sonrakı illərdə mədəni quruculuq sahəsində xeyli işlər görülmüşdür. Siyəzəndə, Zaratda, Giləzidə, Xızıda, Nasosluda, Stalçayda yeni məktəb binaları tikilir, məktəblərin maddi bazası möhkəmlənir və müəllim kollektivi gücləndirilirdi. Bacarıqlı müəllimlər yeddiillik icbari təhsilin başa  çatdırılması uğrunda mübarizə aparmışlar. Öz həyatını müəllimlik peşəsinə fəda edənlərdən Cavad Cavadov rayon mərkəzindən maaş alıb rəhbərlik etdiyi məktəbin kollektivinə həmin gün çatdırmaq üçün gedərkən Dubrar yaylağında çovğuna düşüb həlak olmuşdu.

Mahalda hörmətli müəllim Nurulla Nuriyev uzun müddət Xızı məktəbinin direktoru vəzifəsində şərəflə çalışıb. Nurulla müəllimin yaxından iştirakı ilə Xızıda yeni məktəb binası tikilib istifadəyə verilmişdi.
İsrafil Mirzəyev, Nazim Kərimov və Əsgər Rzayev uzun müddət məktəb direktoru işləmişlər. Sonrakı illərdə isə icbari orta təhsilin yerinə yetirilməsi sahəsində də xeyli səmərəli işlər görüldü. Bu sahədə tanınmış müəllimlərdən Salam Novruzov indiki Yasamal rayonunun maarif və ideoloci sahəsinə rəhbərlik etmişdir. Dərs hissə müdiri Kübraxanım Quliyeva, metodist Nənəxanım Həsənova, riyaziyyat müəllimləri Solmaz xanım İsmayılova və Gülzaman xanım Cavadova, rus dili müəllimi Pakizə xanım Novruzova, ədəbiyyat müəllimi Nailə xanım Şahbazova, əməkdar müəllim Akif Hacızadə riyaziyyat fənnini tədris edir. Gənc nəslin təlim-tərbiyəsində təqdirəlayiq xidməti olan müəllimlər əhali arasında böyük hörmət sahibidirlər.
Respublikada müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlamaq sahəsində mühüm tədbirlər həyata keçirildi. Ali və orta ixtisas məktəblərində oxuyan təlbələrin sayı daha da artdı. Xızı-Bərmək dağlılarından görkəmli mütəxəssislər yetişdi. Uzun müddət neft sənayesində çalışan mühəndislər İmanqulu Cavadov, Rizvan Atababayev Siyəzənneftin inkişafında xeyli əmək sərf etmişlər. Mühəndislər Oktay Qasımov, Elxan Cavadov, Talətdin Rzayev, İmran Ağayev, Bəyverdi Novruzov və başqaları istehsalatda xüsusilə fərqlənirlər. Mahalda öz bilik və bacarığını insan sağlamlığının keşiyində durmağa sərf edən həkimlərin miqdarı xeyli çoxalmışdır.

Bacarıqlı və tanınmış həkimlərdən Rəna xanım Abdullayeva, Solmaz xanım Əhmədova, Bikəxanım Ağayeva, Naibə xanım Novruzova, Qızılgül xanım Kərimova, Bəyimxanım Hacızadə, Elmira xanım Mahmudova, Şərqiyyə xanım Mahmudova, cərrah Fəzail Nadirov, Cavanşir Rzayev, Səfər Novruzov, İdris Mehdiyev, Qasım Zəkiyev və başqaları xüsusilə fərqlənirlər.

Respublika ali məktəblərində bilik və bacarığı ilə hörmət qazanmış dosent Hüseynqulu Məmmədov, Səməndər Rzayev, İbrahim İbrahimov, Əhməd Əhmədov, Yavər Eyvazov, Əmrulla Abdullayev və başqalarının əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Texniki elmlər doktoru, professor Fuad Hacızadə Ekologiya institutuna bacarıqla rəhbərlik edir. Onun ekologiya sahəsində yazdığı əsərlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

İnşaat Universitetinin baş müəllimi Əkbər Mikayılovun hazırladığı mühəndislər ölkəmizin müxtəlif yerlərində çalışırlar.
Azərbaycan Dövlət Dillər İnstitutunun dosenti Səyyarə Nəcəfova fransız dilinin bəzi məsələlərini işıqlandırmış və onun əsəri mütəxəssislər tərəfindən yaxşı qiymətləndiril-mişdir. İnstitutun baş müəllimlərindən Zərifə xanım Məmmədova, Fəridə xanım Məmmədbəyova, Gülzar xanım Məmmədova, Mətanət xanım Şixizadə orta məktəblər üçün xarici dil müəllimi hazırlığına xeyli əmək sərf edirlər.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti-nin fransız dili kafedrasının baş müəllimi Xalidə xanım Məmmədbəyova tələbələrə xarici dili öyrədir.
N.Tusi adına Pedaqoji Universitetin dosenti Hüsniyyə xanım Babayeva və baş müəllim Şəfiqə xanım Şahbazovanın hazırladığı müəllimlər respublikanın bütün rayonlarında çalışırlar. Şəfiqə xanım riyaziyyat fənni tədrisinin metodikasına aid bir sıra məqalələrin müəllifidir.
H.Z.Tağıyev adına Bakı maliyyə-iqtisad kollecinin ingilis dili müəllimi Təranə xanım Ağayeva gələcəyin gənc maliyyəçilərinə ingilis dilinin incəliklərini öyrədir.

Tibb elmləri namizədi, dosent Aydın Cabbarlının mineral suların sirlərinin öyrənilməsi və insanın sağlamlığında onların əhəmiyyəti haqqında əsəri diqqətəlayiqdir.

Tarix elmləri namizədi İmran Cavadovun Alban dövlətinin siyasi və hərbi tarixinə dair yazdığı əsər xalqımızın qədim dövrünün qəhramanlıq səhifələrinin işıqlandırılmasında mühüm əhəmiyyətə malikdir.

Coğrafiya elmləri namizədi Hacımirzə Ağayevin əsəri diqqətəlayiqdir.

Bu dövrdə ölkədə tanınan onlarla bacarıqlı təsərrüfat rəhbəri və ictimaiyyətçi kadrlar meydana çıxdı. Bunlardan Respublika rəhbəri möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə çox qısa müddətdə iki il ərzində yaradılmış nəhəng sənaye kompleksi - Bakı Kondisioner zavodunun ilk direktoru Sənan Axundov yenilikçi kimi ölkədə şöhrət tapmışdır. O, nazir vəzifəsinə qədər yüksəlmişdir.
Ümid Məlikov bacarıqlı mühəndis kimi hörmət qazanmışdır. Sumqayıtda bir çox binaların tikintisinə kömək etmişdir. O, Bakı ev tikintisi kombinatına uzun müddətdir rəhbərlik edir.

Cahangir Müslümzadənin başçılıq etdiyi Azərbaycan gənclər təşkilatı respublikanın həyatında fəal iştirak etmişdir. O, Sumqayıt şəhərinin başçısı kimi bir sıra abadlıq işlərinin aparılmasını təşkil etmişdir.
Hüseynağa Cəfərov respublika əhalisinin çörəklə təmin edilməsi sahəsində uzun müddət bacarıqla rəhbərlik etmişdir. O, yeni iş yerləri təşkil edib, bir çox ailə başçısını işlə təmin edir. Hüseynağa Cəfərov qohum və tanışlara səmimi və xeyirxah münasibət bəsləyir.
Əməkdar maliyyəçi Vəfadar Rzayev respublika maliyyə nazirinin 1-ci müavini vəzifəsinə qədər yüksəlmişdir. O, maliyyəçi kadrların hazırlanmasında yaxından iştirak etmiş və onlardan düzgün istifadə olunmasına çalışmışdır. Vəfadar Rzayev Bakı Sovetinin deputatı kimi şəhərin ictimai həyatında fəal iştirak etmişdir. O, peşəsinin yüksək bilicisidir.

Tofiq Ağayev Moskvada Ali Diplomatiya Akademiyasını müvəffəqiyyətlə bitirmiş, bir sıra xarici ölkələrin səfirliyində yüksək dərəcələrdə çalışmış və respublikada Xarici əlaqələr komitəsinə rəhbərlik etmişdir.
Əkbər Novruzov Rus-Alman müharibəsində iştirak etmiş, Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. O, Abbasqulu ağa Bakıxanovun “Gülüstani- İrəm” adlı əsərinin nəşr edilməsində iştirak etmişdir. Əkbər Novruzov Bakı partiya komitəsinin təşkilat şöbəsinə rəhbərlik etmişdir. Əkbər Novruzov Giləzi kəndində qəbiristanlığın hasara alınmasını təşkil etmişdir. O, Respublika Ali Sovetinin deputatı olmuşdur. Əkbər Novruzov xeyirxah və səmimi insan idi.

Sovet hakimiyyəti illərində də xeyriyyəçilik işi adət-ənənə kimi davam edib. Bu sahədə Xızı-Bərmək mahalında da xeyriyyəçilər müəyyən işlər görmüşlər. Xeyriyyəçi polkovnik Əbülhəsən Əhmədov Respublika Daxili İşlər Nazirliyində şöbə müdiridir. Əbülhəsən Əhmədov böyük şair M.Müşfiqin şerlərinin vurğunudur. O, Mikayıl Müşfiqin qədim baba yurdu olan Sayad-Xızı məkanında ona müqəddəs ocaq yaratmışdır. Həmin müqəddəs yer böyük şair Mikayıl Müşfiq məqbərəsi kimi Azərbaycan ziyalılarının və Xızı-Bərmək dağlılarının ziyarət yerinə çevrilmişdir.

Tofiq Novruzov uzun illərdir avtomobil təsərrüfatında rəhbər işlərdə işləmiş və nazir müavini vəzifəsinə qədər yüksəlmişdir.
Tofiq Novruzov xeyriyyəçi kimi Giləzi kəndində abadlıq işləri aparmış və M.Müşfiqin ocağının yaradılmasında kömək etmişdir. O, Ryazan şəhərində hərbi məktəbi bitirib Şimal buzlu okeanında xidmət etmiş və müasir hərb elminə yiyələnmişdir.

Xeyriyyəçi Nəcəf Quliyev Şurabad kəndinə yol çəkdirmiş, kənddə iş yeri təşkil etmiş, Qızıl Qazma yaylağında kompellər tikdirmişdir. O, kənddə məscid tikdirib, oranın axundunun oxumasının və Həcc ziyarətinə getməsinin xərcini ödəmişdir. Qədirbilən yerliləri Şurabad kəndini Nəcəfabad adlandırıblar.
İncəsənət sahəsində də bir sıra nailiyyətlər əldə edilmişdir.

Lirik mahnıları ilə dinləyicilərini heyran edən əməkdar artist Hüseynağa Hadıyev tamaşaçıların sevimli müğənnisi olmuşdur. Müğənni Hüseynağa Hadiyevi dinləmiş tamaşaçılar onun səsindəki məlahəti həmişə xatırlayırlar. O, həyata müğənni kimi gəlmiş və əfsus ki, tez getmişdir.
Məlahətli səsi ilə çoxlarını sehirləmiş Nisə xanım dinləyicilərin gözəl və sevimli müğənnisidir. Nisə xanımın ustalıqla oxuduğu «Xızı dağları» mahnısı onu dinləyənlərdə iftixar hissi yaradır. Əməkdar müğənni Nisə xanım bir çox dillərdə gözəl mahnılar oxuyur. 

Sənətkarlar sırasında klarnet ifaçılığında xüsusi dəsti-xətti olan mahir klarnet ifaçısı Ata Atakişiyevi də qeyd etmək lazımdır. O, 70-80-ci illərdə toyların, el şənliklərinin və televiziya proqramlarının nüfuzlu ifaçısıçı kimi tanınırdı. Hazırda sənətkarın Azərbaycan Dövlət Radiosunun “Qızıl fondu”nda bir neçə sənət nümunəsi qorunub saxlanmaqdadır. Qısa ömür yaşamasına baxmayaraq Ata Atakişiyev onu tanıyanların yaddaşında nəinki yüksək peşəkarlığa malik böyük bir sənətkar, həmçinin, mərdlik və cəsarət nümunəsi kimi yaşayır…

Tamaşaçıların sevimli qarmon ifaçısı xalq artisti Aftandil İsrafilov ölkəmizdən xariclərdə verdiyi konsertlərlə Azərbaycan musiqisini şöhrətləndirir. Mahir ustadın bəstələdiyi və ifa etdiyi oyun havaları dinləyicilərdə şən əhval-ruhiyyə yaradır.

Gözəl kamança ustası, əməkdar artist Şəfiqə Eyvazova ifaçılıq sahəsində mahir yenilikçi kimi şöhrətlənmişdir. Onun ifasında xalq muğamları keçmişlə indiki dövrün möhkəm əlaqəsini əks etdirir.

Kamançaçı Şəfiqə xanım musiqimizin dünya təbliğatçılarından biri kimi olduğu xarici ölkələrdə tamaşaçılar tərəfindən sevinclə qarşılanır.
Həsən Nəzərli və Tənha Qiyasov yastı balabanda ən qədim peşənin mahir ifaçısı kimi tanınırlar. Respublikanın dövrü mətbuatı, radio və televiziyası, nəşriyyatları və agentliklərində şərəflə çalışan jurnalistlər arasında dağlılar da dəsti-xətləri ilə layiqli yer tutmuşlar.
Jurnalist-müəllim Zəbi Abdullayev “Qızıl Ulduz” qəzetinin redaktoru işlərkən yerlilərinin yaxşı işlərini işıqlandırmış, zəhmət adamlarının nailiyyətlərini qəzet səhifələrində şərh etmişdir.

Jurnalist Əlliabbas Rzayev (Baybəyim) Xızı rayonunun “Qızıl Ulduz” qəzetinin redaktoru vəzifəsini şərəflə yerinə yetirmişdir. O, qəzet səhifələrində qabaqcılların əmək rəşadəti ilə yanaşı, rayonda mövcud çatışmamazlıqları da tənqid etmiş və onların aradan qaldırılmasına dair faydalı məsləhətlər vermişdir.
Jurnalist Tahir Cəfərov uzun müddət “Gənc fəhlə” curnalının redaktoru vəzifəsində çalışmışdır.

Jurnalist Hacı Firuz Əhmədli yazdığı məzmunlu məqalə və məlumatları mətbuat səhifələrində nəşr olunur, radio və televizor verilişlərində səslənir. Onun yazdığı hekayələr Azərbaycan dilinin saflığının təbliğinə xidmət edir.

Jurnalist Qafar Əsgərzadə respublikada tanınmış müəllif-lərdəndir. O, el-obasına bağlı jurnalistdir. Qafar Əsgərzadənin sevimli rəssamımız Hacıağa Nəzərova, dahi şair Mikayıl Müşfiqə və xalq artisti Zeynəb Xanlarovaya həsr etdiyi televiziya verilişləri tamaşaçılarda gözəl təəssürat yaratmışdır.
Bu dövrdə ədəbiyyat öz inkişaf dövrünü keçirirdi.

Xızı-Bərmək mahalında böyük şair və yazıçılarla yanaşı, şer deyən bacarıqlı şairlər və el aşıqları da var idi.

El aşığı Ocaqqulu Abasov Upada anadan olmuşdur. O, sazlı-sözlü şəxs idi. Aşıq Ocaqqulu toylarda və bayramlarda hikmətli sözləri və məlahətli səsi ilə dinləyicilərin alqışlarını qazanmışdı.

<poem>Aşıq Ocaqqulu doğma kəndi Upa haqqında belə deyib:
İstəyirəm saz götürüb söyləyəm,
Əcəb səfalıdır yaylağım Upa.
Ey gözəl vətənim, anamsan mənim,
Əməyim, neymətim, ocağım, Upa.
Marallar ovlağı gözəl göy meşə,
Durna kəklik oylağımsan həmişə,
Bəzək verir hər yerində bənövşə,
Axır sərin-sərin bulağın, Upa.
Turaclı ovlağım həm yaraşığım,
Silinməz qəlbimdən vətən işığın.
Bir gənc şairin var, bir də aşığın,
Sənətkar yaradıb torpağın, Upa.
Ağanın yaylağı, Novruz bulağı,
Xəritəmiz verib səndən sorağı.
Upa xalqı əziz saxlar qonağı,
Hünərlə yayılıb sorağın, Upa.
Gülür bahar, gülür çəmən, gülür yaz.
Ürəyimə ilham verir telli saz.
Ocaqqulu, sən Upaya şer yaz,
Hər zaman olacaq dayağın Upa.</poem>

Aşıq Ocaqqulu gənc şair deyərkən sevimli şairimiz Cabir Novruzu nəzərdə tutur.

Qızılgül Hüseyn qızı Novruzova Upa kəndində anadan olmuşdur. Qızılgül xanım haqqında əvvəlki səhifələrdə demişəm. O, gözəl xalça ustası idi. Qızılgül xanımın toxuduğu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir və kənardan seyr edən adamda gözəllik, özünüdərketmə qüruru yaradır.

Onun toxuduğu xalçalarda şux, oynaq rənglər, zərif kalorit üstünlük təşkil edir. Qızılgül xanım incə əlləri ilə nəfis, göz oxşar və ürəyə yatan xalçaları toxuyan zaman oxuduğu bayatılar mahalda dillər əzbəridir:

<poem>Qar çıxıbdır dizəcən
Bakıdan Təbrizəcən.
Yolunu gözləyirəm
Gələn Novruzacan.</poem>

Qızılgül xanım arabir gördüyü hadisələrə, ailə üzvlərinə və ya xoşuna gəldiyi abadlığa dair şerlər qoşardı.
Xızının 2 km. şimalında tikilmiş rayon mərkəzinə əhali “idarələr” deyirdilər və bura qəşəng qəsəbəyə bənzəyirdi. Bu abadlıq Qızılgül xanımın xoşuna gəldiyindən belə deyib:

<poem>İdarənin hər yanını gəzərəm.
Dörd yanına qızıl alma düzərəm.
Rəhbərimiz gələndə yolun bəzərəm.
Yüz yaşasın buranı tikən insanlar.
</poem>

Qızılgül xanım hazırcavab idi və bədahətən mərsiyələr qoşub, onu mərasimlərdə ahəngdarlıqla söylərdi. Mahalın şer həvəskarları olan gəlin-qızları onun söylədiyi şerləri yazıb, bir-birinə ötürərdilər. Ona “Sinədəftər” deyərdilər. Yəni sinəsi şer dəftəri kimi doludur.

Kəndin uşaqlarının çağırdığı Qızlıxala yaxşı dağlı çörəyi bişirərkən uşaqları da yaddan çıxarmayıb, onlara qoğal verərdi.
Qızılgül xanımın xalq təbabətindən də, “türkəçarə”dən biliyi var idi. O, qonşu qadınların xeyirxah məsləhətçisi və kəndin ağbirçəyi idi.
Xalqın istəkli şairi Cabir Novruz şairə Qızılgül xanımın yeganə oğludur.

Keçən əsrin 60-cı illərində APİ-nin tələbəsiykən öz istedadıyla ədəbi dairələrdə səs salmış Fikrət Cavadov 1937-ci ildə Xızıda anadan olmuşdur. Vətən eşqi şerlərinin mayasıdır. “Xızı çeşməsi” şerində yazır:2

<poem>Burdan çıxdı neçə sənətkar,
Söyləyirlər ki, suyunda nəsə var,
Çeşməsindən su içən, şair olar...
Bura ad-sanlı nəsil çeşməsidir,
İlhamın, şerin əsl çeşməsidir.</poem>

O, Xızı-Bərmək mahalının hər dərəsinə, dağına və meşəsinə vurğundur:

<poem>Ay Xızı qoynunda xatiratım var.
Taytuşdan qoşunum, şaxdan qılıncım,
Bir kol budağından köhlən atım var</poem>.

Adil Rzayev Giləzidə anadan olmuşdur. Adil müəllim dərs dediyi şagirdlərə Azərbaycan ədəbiyyatını və dilini dərindən öyrədir. O, mətbuatda Adil Küsgün imzası ilə şerlər yazır. O, “Döz görüm” şerində yazır:3

<poem>Bu dünyamız başdan-başa tamaşa,
Əyri çıxıb düzlər ilə savaşa,
Baharımız dönüb indi sərt qışa,
Yazıq könlüm, döz bu dərdə, döz görüm.
Vay o günə, nadan sənə dərs deyə,
Tərs adam da düz olana tərs deyə,
Öz adını sənə qoya, tərs deyə,
Onda könlüm, döz bu dərdə, döz görüm.
Adil “Ölləm” şerində yazır:
Bəmdə ağlayanın zili bilinmir,
İçində yananın külü bilinmir,
O hansı millətdir, dili bilinmir,
Desəm öldürərlər, deməsəm ölləm.</poem>

Şura hökuməti azərbaycanlıları soy-kökündən ayırmaq məqsədilə ata-baba adətlərinə dini ad verib qadağan edirdi. Türk dünyasının gözəl bayramı olan Novruzu qadağan etmişdilər. Novruz bayramı əhali tərəfindən evlərdə gizli keçirilirdi.

Görkəmli alim, yazıçı və mübariz vətəndaş Şıxəli Qurbanov 1967-ci ildə çox çətinliklərə baxmayaraq Novruz bayramının ölkə səviyyəsində geniş qeyd edilməsinə nail oldu. Bu işdə Bakı partiya komitəsinin təşkilat şöbəsinin müdiri tarixçi Əkbər Novruzov da fəal iştirak etmişdir.

Qurban bayramı hökumət tərəfindən qəti qadağan edilmişdi. Dinə qarşı mübarizə pərdəsi altında adət-ənənənələrimizin çoxuna qadağan qoyulmuşdu.
Toylarımız 5-6 saat ərzində tamamlanırdı. Toy adətləri-nin əksəriyyəti aradan götürülmüşdü. Nikah hökumət idarələrin-də kəsilirdi. Toy sahibləri gizli adam göndərib, mollada nikah kəstirirdilər.
 
[[Kateqoriya:Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi]]