Revision 18175 of "Yaqub əmim" on azwikisource

<poem>Bir nəğməydi dodaqlarda,
Dildən getdi Yaqub əmim.
Yaşayaraq bülbül ömrü,
Güldən getdi Yaqub əmim,

Dar günümdə dayaq kimi,
Yollarıma mayaq kimi,
Tumar verən daraq kimi,
Teldən getdi Yaqub əmim.

Dinən tara, ötən neyə,
Dərdlərini, deyə-deyə,
Qaranquş tək uçub göyə,
Əldən getdi Yaqub əmim.

Haray idi, həm hay idi,
Aşıb daşan gur çay idi,
Xan Araza bir tay idi,
Seldən getdi Yaqub əmim.

Saçlarıma düşən bu dən,
Ələnibdi qüssə- qəmdən.
Ay İmanlı demə- məndən,
Eldən getdi Yaqub əmim.
''Bakı şəhəri, 27.02.2006-cı il''</poem>

[[Kateqoriya:Qılman İman]]