Revision 18207 of "Bənzədin" on azwikisource

<poem>Həyat umdum Günəş sanıb mən səni,
Sənsə günsüz bir kölgəyə bənzədin.
Sən bu dönük eşqin ilə amansız,
Əsib keçən bir küləyə bənzədin.

Əlac umdum, azaltmadın ağrımı,
Nə od oldun yandırasan bağrımı.
Nə su oldun söndürəsən yanğımı,
Heç bilmirəm kimə, nəyə bənzədin.

Tay sanırdım səni gülə, çiçəyə,
Yan baxırdım səndən gözəl-göyçəyə.
Mən ki səni sevmiş idim sən deyə,
Özünə yox, sən özgəyə bənzədin.

Özün olsan, huş kamallı olardın,
Daha gözəl, xoş camallı olardın.
Saf amallı, həm vəfalı olardın,
Sən özgəyə söylə, niyə bənzədin?

Səssiz getdin, xoş növrağım dağıldı,
Həsrətinlə qəlbim yandı, yaxıldı.
Sənli günüm sanırdım ki, nağıldı,
Nağıl deyil, sən kələyə bənzədin.
'''22.04.2010'''
</poem>
[[Kateqoriya:Aqşin Hacızadə]]