Revision 20124 of "Heydərbabaya Salam" on azwikisource{{header
| title = Heydərbabaya Salam
| author = Şəhriyar
| translator =
| section =
| previous =
| next =
| year =
| notes =
| categories =
| portal =
}}
{{Ərəblə|حیدر بابایه سلام}}
== Heydərbabaya salam ==
::''Şer güney ləhcəsində yazıldığından, vəzn və üslubu qorumaq üçün bəzi yerlərdə ədəbi dildən kənara çıxan yazılışlar bilərəkdən saxlanılmışdır''
:Heydər Baba, ildırımlar caxanda,
:Sellər, sular şaqqıldayıb axanda,
:Qızlar ona səf bağlayıb baxanda,
:Salam olsun şövkətizə, elizə,
:Mənim də bir adım gəlsin dilizə.
</br>
:Bayram yeli çardaqları yıxanda,
:Novruzgülü, qarçiçəyi çıxanda,
:Ağ buludlar köynəklərin sıxanda,
:Bizdən də bir yad eləyən sağ olsun,
:Dərdlərimiz qoy dikəlsin dağ olsun.
</br>
:Heydər Baba, gün dalını dağlasın,
:Üzün gülsün, bulaqların ağlasın,
:Uşaqlarun bir dəstə gül bağlasın,
:Yel gələndə ver gətirsin bu yana,
:Bəlkə mənim yatmış bəxtim oyana.
</br>
:Heydər Baba, sənin yüzün ağ olsun,
:Dörd bir yanın bulaq olsun, bağ olsun,
:Bizdən sonra sənin başın sağ olsun,
:Dünya qəzov-qədər, ölüm-itimdir,
:Dünya boyu oğulsuzdur, yetimdir.
</br>
:Heydər Baba, yolum səndən kəc oldu,
:Ömrüm keçdi, gələmmədim, gec oldu,
:Heç bilmədim gözəllərin necoldu,
:Bilmez idim döngələr var, dönüm var,
:Itginlik var, ayrılık var, ölüm var.
</br>
:Heydər Baba, igid əmək itirməz,
:Ömür keçər, əfsus bərə bitirməz,
:Namərd olan ömrü başa yetirməz,
:Biz də vallah, unutmarıq sizləri,
:Görəmməsək, halal edin bizləri.
</br>
:Heydər Baba, Mirəjdər səslənəndə,
:Kənd içinə səsdən-küydən düşəndə,
:Aşıq Rüstəm sazın dilləndirəndə,
:Yadındadır, nə hövləsək qaçardım?
:Quşlar təkin qanad çalıb uçardım.
</br>
:Şəngilava yurdu, aşıq alması,
:Gahdan gedib orda qonaq qalması,
:Daş atması, alma-heyva salması,
:Qalıb şirin yuxu kimin yadımda,
:Əsər qoyub ruhumda, hər zadımda.
</br>
:Heydər Baba, Quru gölün qazları,
:Gədiklərin sazaq çalan sazları,
:Kənd-kövşənin payızları, yazları,
:Bir sinema pərdəsidir gözümdə,
:Tək oturub, seyr edərəm özüm də.
</br>
:Heydər Baba, Qaraçəmən cadası,
:Çovuşların gələr səsi, sədası,
:Kərbəlaya gedənlərin qadası,
:Düşsün bu ac yolsuzların gözünə,
:Təməddünün uyduq yalan sözünə.
</br>
:Heydər Baba, şeytan bizi azdırıb,
:Məhəbbəti ürəklərdən qazdırıb,
:Qara günün sər-nüviştin yazdırıb,
:Salıb xalqı bir-birinin canına,
:Barışığı bələşdirib qanına.
</br>
:Göz yaşına baxan olsa, qan axmaz,
:Insan olan xəncər belinə taxmaz,
:Amma heyif, kor tutduğun buraxmaz,
:Behiştimiz cəhənnəm olmaqdadır,
:Zilhiccəmiz məhərrəm olmaqdadır.
</br>
:Xəzan yeli yarpaqları tökəndə,
:Bulud dağdan yenib kəndə köçəndə,
:Şeyxülislam gözəl səsin çəkəndə,
:Nisgilli söz ürəklərə dəyərdi,
:Ağaclar da Allaha baş əyərdi.
</br>
:Daşlı bulaq daş-qumunan dolmasın,
:Bağçaları saralmasın, solmasın,
:Ordan keçən atlı susuz olmasın,
:Deynə bulaq, heyran olsun, axarsan,
:Üfüqlərə xumar-xumar baxarsan.
</br>
:Heydər Baba, dağın daşın sərəsi,
:Keklik oxur, dalısında fərəsi,
:Quzuların ağı, bozu, qərəsı,
:Bir gedəydim dağ-dərələr uzunu,
:Oxuyaydım: “Çoban, qaytar quzunu”.
</br>
:Heydər Baba, Sulu yerin düzündə,
:Bulaq qaynar çay-çəmənin gözünde,
:Bulaqotu üzər suyun üzündə,
:Gözəl quşlar ordan gəlib keçərlər,
:Xəlvətləyib bulaqdan su içərlər.
</br>
:Biçin üstü sünbül biçən oraqlar,
:Elə bil ki, zülfü darar daraqlar,
:Şikarçılar bildirçini soraqlar,
:Biçinçilər ayranların içərlər,
:Bihuşlanıb sondan durub biçerler.
</br>
:Heydər Baba, kəndin günü batanda,
:Uşaqların şamın yeyib yatanda,
:Ay buluddan çıxıb qaş-göz atanda,
:Bizdən də bir sən onlara qissə de,
:Qissəmizdə çoxlu qəmü-qüssə de.
</br>
:Qarı nənə gecə nağıl deyəndə,
:Külek qalxıb qapı-bacanı döyəndə,
:Qurd keçinin Şəngülüsün yeyəndə,
:Mən qayıdıb bir də uşaq olaydım,
:Bir gül açıb ondan sonra solaydım.
</br>
:Əmməcanın bal-bəlləsin yeyərdim,
:Sondan durub üst donumu geyərdim,
:Bağçalarda tiringəni deyərdim,
:Ay özümü o əzdirən günlərim,
:Ağac minib, at gəzdirən günlərim.
</br>
:Həçi xala çayda paltar yuyardı,
:Məmmədsadıx damlarını suvardı,
:Heç bilməzdik dağdır, daşdır, divardır
:Hər yan gəldi, şıllaq atıb aşardıq,
:Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.
</br>
:Şeyxəlislam münacatı deyərdi,
:Məşədrəhim ləbbadəni geyərdi,
:Məşdəcəli bozbaşları yeyərdi,
:Biz xoş idik, heyrat olsun, toy olsun,
:Fərq eləməz, hər nolacaq, qoy olsun.
</br>
:Melikniyaz vərəndilin salardı,
:Atın çapıb qıyqacıdan çalardı,
:Qırğı təkin gədik başın alardı.
:Dolayıya qızlar açıb pəncərə,
:Pəncərələrdən nə gözəl mənzərə.
</br>
:Heydər Baba, kəndin toyun tutanda,
:Qız gəlinlər həna, piltə satanda,
:Bəy gəlinə damdan alma atanda,
:Mənim də o qızlarında gözüm var,
:Aşıqların sazlarında sözüm var.
</br>
:Heydər Baba, bulaqların yarpızı,
:Bostanların gülbəsəri, qarpızı,
:Çərçilərin ağ nobatı, saqqızı,
:Indi də var damağımda, dad verər
:Itgin gedən günlərimdən yad verər.
</br>
:Bayram idi, gecəquşu oxurdu,
:Adaxlı qız bəy corabın toxurdu,
:Hər kəs şalın bir bacadan soxurdu,
:Ay nə gözəl qaydadı şal sallamaq,
:Bəy şalına bayramlığın bağlamaq.
</br>
:Şal istədim mən də evdə ağladım,
:Bir şal alıb tez belimə bağladım,
:Qulamgilə qaçdım, şalı salladım,
:Fatma xala mənə corab bağladı,
:Xan nənəmi yada salıb ağladı.
</br>
:Heydər Baba, Mirzəmmədin bağçası,
:Bağçaların turşaşirin alçası,
:Gəlinlərin düzmələri, taxçası
:Hey düzülər gözlərimin rəfində,
:Heyimə vurar xatirələr səfində.
</br>
:Bayram olub, qızıl palçıq əzərlər,
:Naqqış vurub, otaqları bəzərlər,
:Taxçalara dizmələri dizərlər
:Qız-gəlinin fındıqçası, hənası,
:Həvəslənər anası, qaynanası.
</br>
:Baxıcının sözü-sovu, kağızı
:Inəklərin bulaması, ağızı,
:Çərşənbənin girdəkanı, mövizi
:Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
:Ayna təkin bəxtim açıl, çərşənbə”.
</br>
:Yumurtanı göyçək, güllü boyardıq,
:Çaqqışdırıb sınanların soyardıq,
:Oynamaqdan bircə məgər doyardıq,
:Əli mənə yaşıl aşıq verərdi,
:İrza mənə novruzgülü dərərdi.
</br>
:Novruzəli xərməndə vəl sürərdi,
:Gahdan yenib küləşlərin kürərdi,
:Dağdan da bir çoban iti hürərdi,
:Onda gördün, ulaq ayaq saxladı,
:Dağa baxıb qulaqların şaxladı.
</br>
:Axşambaşı naxırınan gələndə,
:Qoduqları çəkib vurardıq bəndə,
:Naxır keçib gedib yetəndə kəndə,
:Heyvanları çılpaq minib qovardıq,
:Söz çıxsaydı, sinə gərib sovardıq. .
</br>
:Yaz gecəsi çayda sular şarıldar,
:Daş qayalar seldə aşıb karıldar,
:Qaranlıqda qurdun gözü parıldar,
:Itlər gördün, qurdu seçib ulaşdı,
:Qurd da gördün, qalxıb gədikdən aşdı.
</br>
:Qış gecəsi tövlələrin otağı,
:Kəndlilərin oturağı, yatağı,
:Buxarıda yanar odun yanağı,
:Şəbçərəsi, girdəkanı, iydəsi,
:Kəndi basar gülüb-danışmaq səsi.
</br>
:Şüca xaloğlunun Bakı sovqatı,
:Damda quran samavarı, söhbəti,
:Yadımdadı şəstli qəddi, qaməti,
:Cünəmməyin toyu döndü yas oldu,
:vənəqızın bəxt aynası kas oldu.
</br>
:Heydər Baba, Nənəqızın gözləri,
:Rəxşəndənin şirin-şirin sözləri,
:Türki dedim, oxusunlar özləri,
:Bilsinlər ki, adam gedər, ad qalar,
:Yaxşı-pisdən ağızda bir dad qalar.
</br>
:Yaz qabağı gün güneyi döyəndə,
:Kənd uşağı qar gülləsin sövəndə,
:Kürəkçilər dağda kürək zivəndə,
:Mənim ruhum elə bilin ordadır,
:Kəklik kimi batıb qalıb, qardadır.
</br>
:Qarı nənə uzadanda işini,
:Gün buludda əyirərdi teşini,
:Qurd qocalıb, səkdirəndə dişini,
:Sürü qalxıb dolayıdan aşardı,
:Baydaların südü aşıb-daşardı.
</br>
:Həccəsultan əmmə dişin qısardı,
:Mollabağır əmoğlu tez mısardı,
:Təndir yanıb, tüstü evi basardı,
:Çaydanımız ərsin üstə qaynardı,
:Qovurğamız sac içində oynardı.
</br>
:Bostan pozub gətirirdik aşağı,
:Doldururduq evdə taxta-tabağı,
:Təndirlərdə bişirərdik qabağı,
:Özün yeyib, toxumların çırtlardıq,
:Çox yeməkdən lap az qala çatlardıq.
</br>
:Vərziğandan armud satan gelende,
:Uşaqların səsi düşərdi kəndə,
:Biz də bu yandan eşidib biləndə,
:Şıllaq atıb bir qışqırıq salardıq,
:Buğda verib armudlardan alardıq.
</br>
:Mirzə Tağıynan gecə getdik çaya,
:Mən baxıram seldə boğulmuş aya,
:Birdən ışıq düşdü o tay bağçaya,
:“Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
:Heç bilmədik nə vaxt güllükdən aşdıq.
</br>
:Heydər Baba, ağaçların ucaldı,
:Amma hayıf, cavanların qocaldı,
:Toğluların arıqlayıb acaldı,
:Kölgə döndü, gün batdı, qaş qarəldi,
:Qurdun gözü qaranlıqda bərəldi.
</br>
:Eşitmişəm yanır Allah çırağı,
:Dayır olub məscidizin bulağı,
:Rahat olub kəndin evi, uşağı,
:Mənsurxanın əli-qolu var olsun,
:Harda qalsa, Allah ona yar olsun.
</br>
:Heydər Baba, Moll’ Ibrahim var, ya yox?
:Məktəb açar, oxur uşaqlar, ya yox?
:Xərmən üstü məktəbi bağlar, ya yox?
:Məndən axunda yetirərsən salam,
:Ədəbli bir salam malakəlam.
</br>
:Həci Sultan əmmə gedib Təbrizə
:Amma nə Tebriz ki, gələmmir bizə,
:Balam, durun qoyaq gedək evimizə,
:Ağa öldü, tufağımız dağıldı,
:Qoyun olan yad gedibən sağıldı.
</br>
:Heydər Baba, dünya yalan dünyadı,
:Süleymandan, Nuhdan qalan dünyadı,
:Oğul doğan, dərdə salan dünyadı,
:Hər kimsəyə hər nə verib, alıbdı,
:Əflatundan bir quru ad qalıbdı.
</br>
:Heydər Baba, yaru-yoldaş döndülər,
:Bir-bir məni çöldə qoyub, çöndülər,
:Çeşmələrim, çıraqlarım söndülər,
:Yaman yerdə gün döndü, axşam oldu,
:Dünya bizə xarabei-şam oldu.
</br>
:Emoğluynan gedən gecə Qıpçağa,
:Ay ki, çıxdı, atlar gəldi oynağa,
:Dırmaşırdıq, dağdan aşırdıq dağa,
:Məşməmixan göy atını oynatdı,
:Tüfəngini aşırdı, şaqqıldatdı.
</br>
:Heydər Baba, Qara kolun dərəsi,
:Xoşginab’ın yolu, bəndi, bərəsi,
:Orda düşər çil kəkliyin fərəsi,
:Ordan keçər yurdumuzun özünə,
:Biz də keçək yurdumuzun sözünə.
</br>
:Xoşginabı yaman günə kim salıb?
:Seyidlərdən kim qırılıb, kim qalıb?
:Amir Qafar dam daşını kim alıb?
:Bulaq genə gəlib gölü doldurur,
:Ya quruyub, bağçaları soldurur?
</br>
:Amir Qafar seyidlərin tacıydı,
:Şahlar şikar etməsi qıyqacıydı,
:Mərdə şirin, namərdə çox acıydı,
:Məzlumların haqqı üstə əsərdi,
:Zalimləri qılınc təkin kəsərdi.
</br>
:Mirmustafa dayı, ucaboy baba,
:Heykəlli-saqqallı Tolustoy baba,
:Eylərdi yas meclisini toy, baba
:Xoşginabın abi-rusu, ərdəmi,
:Məscidlərin, məclislərin görkəmi.
</br>
:Məcdüssadat gülərdi bağlar kimi,
:Guruldardı, buludlu dağlar kimi,
:Söz ağzında ərirdi yağlar kimi,
:Alnıaçıq, yaxşı, dərin qanardı,
:Yaşıl gözler çıraq kimi yanardı.
</br>
:Mənim atam süfrəli bir kişiydi,
:El əlindən tutmaq onun işiydi,
:Gözəllərin axıra qalmışıydı,
:Ondan sonra dönərgələr dönüblər,
:Məhəbbətin çırağları sönüblər.
</br>
:Mirsalehin dəlisovluq etməsi,
:Mirəzizin şirin şaxsey getməsi,
:Mirməmmədin quruması, bitməsi,
:Indi desək, əhvalatdır, nağıldır,
:Keçdi getdi, itdi batdı, dağıldı.
</br>
:Mirəbdülün aynada qaş yaxması,
:Çövçülərindən qaşının axması,
:Boylanması, dam-divardan baxması,
:Şah Abbasın dürbini, ya dəş bixeyr,
:Xoşginabın xoş günü, ya dəş bixeyr.
</br>
:Sitar’əmmə nəzikləri yapardı,
:Mirqadir də hərdən birin qapardı,
:Qapıb yeyib dayça təkin çapardı,
:Gülməliydi onun nəzik qapması,
:Əmməmin də ərsiyinin şappası.
</br>
:Heydər Baba, Amir Heydər neyləyir?
:Gəlin yenə samavarı göynəyir,
:Daha qocalıb, alt əngini çeynəyir,
:Qulaq batıb, gözü girib qaşına,
:Yazıq əmmə, hava gəlib başına.
</br>
:Xanım əmmə Mirəbdülün sözünü,
:Eşidəndə əyər ağzı-gözünü,
:Məlkamıda verər onun özünü,
:Davaların şuxluğunan qatarlar,
:Əti yeyib, başı atıb yatarlar.
</br>
:Fizzəxanım Xoşginabın gülüydü,
:Amir Yəhya əmiqızının quluydu,
:Rüxsarə artist idi, sevgiliydi,
:Seyid Hüseyn Mirsalehi yamsılar,
:Əmir Cəfər qeyrətlidir, qan salar.
</br>
:Səhər tezdən naxırçılar gələrdi,
:Qoyun-quzu dam-bacadan mələrdi,
:Əmməcanım körpələrin bələrdi,
:Təndirlərin qovzanardı tüstüsü,
:Çörəklərin gözəl iyi, istisi.
</br>
:Göyərçinlər dəstə qalxıb uçarlar,
:Gün saçanda qızıl pərdə açarlar,
:Qızıl pərdə açıb, yığıb qaçallar,
:Gün ucalıb, artar dağın cəlalı,
:Təbiətin cavanlanar cəmalı.
</br>
:Heydər Baba, qarlı dağlar aşanda,
:Gecə karvan yolun aşıb çaşanda,
:Mən hardasam, Tehranda, ya Kaşanda,
:Uzaqlardan gözüm seçər onları,
:Xəyal gəlib, aşıb keçər onları.
</br>
:Bir çıxaydım Damqayanın daşına,
:Bir baxaydım keçmişinə, yaşına,
:Bir görəydim nələr gəlib başına,
:Mən də onun qarlarıyla ağlardım,
:Qış donduran ürəkləri dağlardım.
</br>
:Heydər Baba, gül-qönçəsi xəndandır
:Amma hayıf, ürək qəzası qandır,
:Zindəganlıq, bir qaranlıq zindandır,
:Bu zindanın dərbəçəsin açan yox,
:Bu darlıqdan bir qurtulub qaçan yox.
</br>
:Heydər Baba, göylər bütün dumandı,
:Günlərimiz bir-birindən yamandı,
:Bir-birizdən ayrılmayın, amandı,
:Yaxşılığı əlimizdən alıblar,
:Yaxşı bizi yaman günə salıblar!
</br>
:Bir soruşun bu qarqınmış fələkdən,
:Nə istəyir bu qurduğu kələkdən?
:Deynə, keçirt ulduzları ələkdən,
:Qoy tökülsün, bu yer yüzü dağılsın,
:Bu şeytanlıq qurğusu bir yığılsın.
</br>
:Bir uçaydım bu çırpınan yelinən,
:Bağlaşaydım dağdan aşan selinən,
:Ağlaşaydım uzaq düşən elinən,
:Bir görəydim ayrılığı kim saldı?
:Ölkəmizdə kim qırıldı, kim qaldı?
</br>
:Mən sənintək dağa saldım nəfəsi,
:Sən də qaytar, göylərə sal bu səsi,
:Bayquşun da dar olmasın qəfəsi,
:Burda bir şir darda qalıb, bağırır,
:Mürüvvətsiz insanları çağırır.
</br>
:Heydər Baba, qeyrət qanın qaynarkən,
:Qaraquşlar səndən qopub qalxarkən,
:O sıldırım daşlarıynan oynarkən,
:Qovzan, mənim hümmətimi orda gör,
:Ordan əyil, qamətimi darda gör.
</br>
:Heydər Baba, gecə durna keçəndə,
:Koroğlunun gözü qara seçəndə,
:Qıratını minib, kəsib-biçəndə,
:Mən də burdan tez mətləbə çatmaram,
:Eyvaz gəlib çatmayıncan yatmaram.
</br>
:Heydər Baba, mərd oğullar doğginan,
:Namərdlərin burunların ovginan,
:Gədiklərdə qurdları tut boğginan,
:Qoy quzular ayın-şayın otlasın,
:Qoyunların quyruqların qatlasın.
</br>
:Heydər Baba, sənin gönlün şad olsun,
:Dünya varkən ağzın dolu dad olsun,
:Səndən keçən tanış olsun, yad olsun,
:Deynə, mənim şair oğlum Şəhriyar,
:Bir ömürdür qəm üstünə qəm qalar.
[[Category:Şəhriyar]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=20124.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|